Tanrı, bir dəstə insanın cəhənnəmə gedəcəyini öncədən bildiyi halda onları niyə yaradırdı?

Cəhənnəm dedikdə insanların zehninə adətən belə bir sual gəlir: “Allah, bir dəstə insanın cəhənnəmə düşəcəyini bildiyi halda onları niyə yaradırdı? Olmazdımı ki, onları heç yaratmayaydı? Kimlərinsə cəhənnəmə düşəcəklərini bildiyi halda onları yaratması həmin şəxslərə qarşı edilmiş böyük bir zülm deyilmi? Biri var 5-10 gün dünyada yaşayasan, axırda da sonun ağrılı-acılı cəhənnəm ola, biri də var elə bu başdan onu yaratmayaydın, ikinci variant daha yaxşı deyilmi?”.

Bu irad barəsində fərqli məzmunda cavablar verilib. Həmin cavablarla bir çoxunuz tanışsınız fikrimcə. Burada qeyd olunan suala fərqli prizmadan yanaşaraq tamam fərqli bir cavab vermək istəyirəm. Baxın, bu sualı verən şəxs ya teistdir, ya da ateist! Әgər sualı verən şəxs ateistdirsə o zaman sual, öz mənasını itirəcəkdir. Ona görə ki, ateist düşüncə tərzində metafizik nəsnələr heç bir anlam daşımır. Nəticədə edilən irad da heç bir reallığı ifadə etməyən anlamlar üzərində qurulduğu üçün dolaysıyla boş söz yığınından savayı bir şey olmayacaqdır. Әlbəttə, bu sual sadəcə olaraq teist inancı çökdürmək üçün cədəl ünvanında verilə bilər. Məntiq kitablarında qeyd olunduğu kimi cədəli mübahisələr sadəcə olaraq qarşı tərəfi susdurmaq qayəsi daşıyır və burada həqiqətləri şəffaf şəkildə öyrənmək kimi bir hədəf güdülmür.

Amma sualı verən şəxs əgər teist inanca sahib biridirsə, o zaman həmin şəxsin dindar olması, dini ayinləri icra etməsi, bu yolla cənnətə getməsi və cəhənnəmdən qurtulması üçün artıq ortada heç bir maneə yoxdur. Әksinə, belə bir fürsətin ona verilməsi tanrının ona olan böyük qayğı və şəfqətin nəticəsidir. Bütün bunların müqabilində əgər həmin şəxs dindarlığı bir kənara atırsa və var olduğuna inandığı tanrının göstərişlərinə qarşı çıxırsa, belə bir insan şübhəsiz cəzalanmağa layiqdir. Bu nəticə isə olduqca rasionaldır. Çünki tək tesit dünya görüşündə deyil, tarix boyu yer üzündə var olan istənilən idealogiyalarda, qurulmuş dövlət sistemlərində bilərəkdən əmrə qarşı gələnlər hər zaman cəzaya layiq görülüblər. Heç kim bu cəzalandırmaları zülm, haqsızlıq, ədalətsizlik olaraq dəyərləndirməyiblər. Әksinə hər zaman belə bir cəza sisteminin qurulmasını dəstəkləyiblər.

Burada verilən cavaba yönəlik belə bir irad səslənə bilər ki, nəticədə insanlardan bir dəstəsi dini mətnlərdə qeyd olunduğu kimi cəhənnəmə gedəcək. Həmin dətsə istər teist olsun, istər ateist olsun, istər başqa bir cərəyana mənsub olsun, fərq etmir, əsas odur ki, onlar sonda cəhənnəmə gedəcəklər. Bəs tanrı bütün bunları bildiyi halda yenə də onları niyə yaradırdı?

Qeyd olunan irada belə bir cavab vermək olar ki, cəhənnəmə ancaq inadkarlar gedəcək. Bir başqa sözlə, yalnızca tanrının varlığını və göstərişlərini bilərəkdən heçə sayanlar cəzalanacaqlar! İnadkarların cəzalandırılması isə bütün insanların qəbul etdikləri təməl prinsiplərdən biridir. Yəni heç bir ağıllı insan, inadkarın cəzalanmasının ədalətsiz olduğunu iddia etməyib. Әksinə bunun lazımlı olduğunu söyləyiblər. İnadkarlardan savayı yerdə qalanların isə hər zaman qurtulma ehtimalı vardır. Həmin kəslər istər teist olsun, istər ateist olsun fərq etmir. Teist birinin qurtulması fərzi aydındır. Ateistə gəldikdə, əgər inadkarlıq üzündən ateist olubsa o zaman inadkarlar zümrəsinə daxil olduğu üçün cəzalanması olduqca məntiqlidir. Amma ortada heç bir inadkarlıq amili olmadan, sadəcə olaraq dəlillərin yetərsiz olduğunu düşünərək ateizm yolunu seçibsə, belə birisi üçün qurtulma ehtimalı hər zaman vardır və heç kim həmin şəxsin mütləq cəhənnəmə düşəcəyini qətiyyətlə isbatlaya bilməz.

Sonda bir məsələni qeyd etmək istəyirəm. Fərz edək ki, qeyd olunan bu sual heç bir irada yer qoymayacaq şəkildə tamam nöqsansız bir sualdır. Amma bir şeyi unutmayaq ki, bu sualın teistlərin inancına yönəlik ciddi bir irad olmasını qəbul etsək belə nəticədə ortada bəzi həqiqətlər var ki, onları inkar etmək imkansızdır. Belə ki, əlimizdə olan bir sıra fəlsəfi dəlillər bizə tanrının varlığınu möhkəm dəlillərlə isbat edirsə, daha hansısa bir iradın qarşısında ona cavab verməkdən aciz qalmağımız, möhkəm dəlillərlə sabit olmuş digər həqiqətləri inkar etməyə əsas vermir. Bir başqa sözlə, Allah, mənim öncədən cəhənnəmə düşəcəyimi bildiyi halda yenə də məni yaratmasını ədalətaizlik olaraq qəbul etsəm belə, bu hal, tanrının var olmadığını göstərməz. Uzaq başı varlığı möhkəm dəlillərlə isbatlanmış tanrının insanlara cəza verərkən ədalətsizliyə yol verdiyi söylənilə bilər. Amma bu irada söykənərk tanrının varlığını bütünüylə inkar etmək heç bir rasional arqumentlərə dayanmadığı üçün tamamilə məntiqsiz bir yanaşma hesab olunacaq…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi

 

Bu bölmədə