İmam Sadiqin (ə) müxaliflərlə mübahisə üslubu

Biharul-Ənvarda 3-cü cild, səhifə 57-58 də maraqlı bir hadisə qeyd olunub. Günlərin bir günü İmam Sadiqin yaxın səhabələrindən biri olan Müfəzzəl ibn Ömər Mədinə məscidində oturaraq islam peyğəmbərinin əzəməti və fəzilətləri barəsində düşünməyə başlayır.

Bu zaman həmin dövrün məşhur ateistlərindən biri olan İbn əbil-Ovca həmin yerə gələrək əyləşir və başlayır peyğəmbərimiz barəsində onun nübuvvətini inkar edən bəzi söhbətlər etməyə. Buna dözə bilməyən Müfəzzəl isə başlayır İbn əbil-Ovcanı təhqir etməyə: “Ey Allahın düşməni! Allahın dinində yolunu azmısan və səni ən gözəl şəkildə xəlq edən Yaradanın varlığını inkar edirsən…”

Müfəzzəlin bu sözləri üzərinə İbn əbil-Ovca deyir: “Əgər kəlam əhlindənsənsə gəl müzakirə edək, dəlilin varsa göstər tabe olaq, əgər bunları bacarmırsansa o zaman sənlə söhbət edilməz…”

İbn əbil-Ovca Müfəzzəlin təhqirləri qarşısında onu dəlil-sübut əsasında söhbət etməyə dəvət edir. Demək istəyir ki, əgər əlində öz iddianı isbatlayacaq möhkəm dəlillər varsa göstər bizə tabe olaq, yox, əgər yoxdursa o zaman niyə təhqirə əl atırsan??

İbn əbil-Ovca Müfəzzəlin İmam Sadiqin səhabəsi olduğunu bildiyi üçün başlayır ona öz İmamından misal çəkməyə:

” Əgər sən Cəfər ibn Muhəmməd əs-Sadiqin dostlarındansansa o zaman o, bizlə bu şəkildə danışmır, sənin kimi müzakirə aparmır, səndən çox bizim sözlərimizi eşidib, ancaq bizə qarşı heç vaxt təhqiramiz ifadələr işlətməyib, iradlarımıza cavab verərkən həddi aşmayıb, həqiqətən o, olduqca həlimli və iti ağla sahib biridir..”

Ən böyük fəzilət budur ki, onu düşmən özü etiraf etsin. Müfəzzəlin qarşı tərəfin fikirlərinə dözməyib təhqirə əl atmasını görən zındıq İbn əbil-Ovca İmam Sadiqin davranışlarından nümunə gətirərək bunu Müfəzzəlin üzünə vurmağa başlayır. Demək istəyir ki, ey Müfəzzəl! Əgər İmam Sadiqi özünə rəhbər bilirsənsə bəs niyə davranışlarında bunu görmək olmur? Əgər imanında sədaqətli birisənsə gərək davranışlarını da İmamının davranışlarına uyğun şəkildə tənzimləyəsən. Olmaz ki, dildə rəhbərimiz İmam Sadiqdir deyib əməldə ona tam zidd şəkildə hərəkət edəsən….

Gördüyünüz kimi İmam Sadiq dini inkar edən və bunu cəmiyyətdə aşkar təbliğ edərək şübhə toxumlarını insanların zehnlərinə səpən kafirə qarşı belə zərrə miqdarı məntiq və əxlaq çərçivəsini aşmırdı, nəyə görə də aşsın ki? Sözünə və dəlilinə güvənən biri nəyə görə qarşı tərəfi təhqir etsin ki? Əgər həqiqətən qarşı tərəfi söymək, təhqir etmək ən böyük cihaddırsa bəs niyə bunu İmam Sadiqin davranışlarında görə bilmirik? Həqiqətən əgər bu iş ən böyük cihad olsaydı şübhəsiz onu ilk görən məhz İmam Sadiq olardı. Amma, imamın öz əməllərində bunun əksini etməsi bir daha onu göstərir ki, ən böyük cihad qarşı tərəflə məntiq və əxlaq çərçivəsində danışıb əsla təhqirə əl atmamağımızdır. Çünki, əgər, belə etməsək o zaman günümüzün İbn əbil-Ovcələri də Müfəzzəlin üzünə vurduqları həmin iradları bizlərin də üzünə vuracaqlar…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

Bu bölmədə