Ğina

Ğina mövzusu həmişə olduğu kimi günümüzdə də gündəmi ən çox zəbt edən aktual mövzulardan biridir. Xüsusilə, son dövürlərdə demək olar ki, həyatımızın hər bir sahəsində müsiqiylə rastlaşdığımız üçün bu mövzunu yenidən obyektiv araşdırmaya tabe tutmaq zərurəti yaranır. Mövzu barədə tarix boyu din alimlərimizin ortaya qoyduğu görüşlərlə tanış olmaq önəmlidir. 

Çünki, bəzi hallarda cəmiyyətə yalnızca 3-5 nəfər alimin görüşləri çatdırılır və din alimlərinin hamısı sanki bu görüşdədir ab-havası yaradılır. Zənnimcə, bu üslub obyektivliyə zidd olduğu kimi həm də xətərlidir. Ona görə ki, bu üslub belə həssas mözvularda inhisarçı baxışların yaranmasına səbəb olur və nəticədə radikallığın yaranmasına zəmin yaradır. Halbuki mövzu barədə çeşidli fikirlərin olduğunu görən biri öz şəxsi qənaətini müdafiə etməklə yanaşı əks rəylərə qarşı daha tolerant davranış sərgiləyəcəkdir. Fikrimcə eyni mövzu barədə fərqli fikirlərlə tanış olmağın ən müsbət tərəfi də məhz budur.

Ğinanın tərifi.

Ğina barədə danışarkən hər şeydən qabaq ğinanın nə olduğunu təyin etmək zəruridir. Bunun üçün ğinaya tərif verilməlidir. Tərif vermək ona görə önəmlidir ki, hansı mövzu barədə danışdığımızı dəqiq təşxis edək. Bəzən olur ki, mübahisə edən tərəflərin hər biri öz zehnində müəyyən bir məna nəzərdə tutur ki, digəri bunun tam əksini nəzərdə tutur. Şübhəsiz bu şəkildə aparılan müzakirələr heç zaman müsbət nəticə vermir. Ona görə də ğinanın hökmündən danışmazdan öncə ona tərif vermək lazımdır.

Dini mətnlərə nəzər saldıqda təəssüf ki, bu barədə heç bir konkret açıqlamanın olmadığını görürürük. Hədislərdə sadəcə olaraq ğinanın haram olduğu deyilir. Amma ğinanın mahiyyətinə yönəlik heç bir konkret açıqlama yoxdur. Buna görədir ki, böyük fəqihlərimizdən biri olan Mövla Mehdi Nəraqi “Müstənəduş-Şiə” adlı kitabında ğinanın tərifi barədə fəqihlərin, filoloqların, ədəbiyyatçıların fərqli açıqlamalar verdiklərini yazır. Daha sonra da ğinanın tərifi barədə 12 fərqli rəy qeyd edir. Daha sonra isə bu 12 məna arasından hansının ğinanın tərifi olduğunu təyin edəcək heç bir dəlilin olmadığını yazır. Lakin, qeyd olunan 12 rəy arasında müştərək olan xüsusiyyətlərin “səsi titrədərək oxumaq” və  “coşdurma, sümüyə düşmə” olduqlarını qeyd edir. Müəllifin bu iki xüsusiyyətlə yanaşı qeyd etdiyi bir başqa xüsusiyyət də budur ki, ğinanın sevinc və ya hüznə səbəb olması arasında heç bir fərq yoxdur. Yəni, ğina hər zaman nəşəyə səbəb olur deyə bir qayda yoxdur. Nəşə yaratdığı kimi bəzən hüzün də yarada bilir. (Müstənəduş-Şiə, cild 14, səh 125-126). Müəllifin bu qeydi çox önəmlidir. Daha sonra Seyyid Xoyinin mövzuyla bağlı iradını qeyd edərkən bu məsələyə xüsusi olaraq toxunacağıq.

Gördüyünüz kimi ğinanın nə olması barədə 12 fərqli açıqlama var və üstəlik hansı açıqlamanın doğru olmasına dair əlimizdə heç bir konkret dəlil yoxdur. Әsas problem də məhz buradan doğur. Məlum məsələdir ki, ğina qavramı barədə 12 rəy varsa hər rəyin sahibi öz görüşünü əsas tutaraq ğina haramdır deyir. Bir halda ki, həmin şəxsin ğina dediyi şeyə başqası ğina demir və onun ğina adlandırdığı şey bir qədər fərqli mahiyyətə sahibdir. Belə olan halda, fəqihlərin mövzu barədə görüşlərini araşdırarkən onların ğina haramdır deyərkən ğina məfhumundan nəyi qəsd etdiklərini dəqiq bilmək lazımdır.

Ğinanın hələ məfhum müstəvisində bu qədər qarmaqarışıq olduğunu görən bəzi fəqihlər məsələnin həlli üçün ürfə müraciət etmənin gərəkdiyini qeyd ediblər. Belə ki, məsələnin çözümündə əsas hakim gərək ürf olsun. Ürfün ğina olaraq gördüyü şey ğinadır və haramdır, lakin ürfün ğina olaraq görmədiyi şey də dolayısıyla ğina olmadığı üçün halaldır. Şəhid Sani bu barədə yazır:

‎ورده بعضهم إلى العرف، فما سمي فيه غناء يحرم وإن لم يطرب. و هو حسن

“Bəziləri ğinanın mənasının təyin edilməsini ürfə qaytarıblar. Ürfdə ğina adlanan şey haramdır, hətta “itrab” (coşdurma, sümüyə düşmə) olmasa belə. Bu görüş yaxşıdır….” (Məsalikul-Әfham, cild 3, səh 126).

Kitabın başqa bir yerində isə belə yazır:

‎. والأولى الرجوع فيه إلى العرف، فما يسمى فيه غناء يحرم، لعدم ورود الشرع بما يضبطه، فيكون مرجعه إلى العرف

“Üstün olan görüş budur ki, bu məsələdə ürfə müraciət olunsun. Ürfün ğina olaraq gördüyü şey haramdır, çünki şəriətdə bunu təyin edəcək heç bir şey yoxdur, deməli bu mövzuda əsas hakim ürfdür….” (Məsalikul-Әfham, cild 14, səh 180)

Mühəddis Bəhrani bu görüşü Şəhid Sani və digərlərinə nisbət verdikdən sonra öz rəyinin də bu şəkildə olduğunu qeyd edir. (əl-Hədaiq, cild 18, səh 101)

Mərhum Ayətullahul-üzma Seyyid Gülpayqaninin rəyi də məsələnin təyin edilməsi üçün ürfə müraciət etmənin gərəkli olması yönündədir. Lakin, müəllif, bu barədə bir qədər əlavə qeydlərə işarə edir ki, öncəki fəqihlərin sözlərində həmin qeydlərə rast gəlinmir. Ayətullah Gülpayqani “Kitabuş-Şəhadat” adlı əsərində yazır:

‎أقول: أي أن المحرم هو الكيفية الخاصة المذكورة أو التي يسميها العرف غناءا ويسمى في الفارسية ب‍ (سرود) من غير فرق بين أن تكون تلك الكيفية في كلام حق كالقرآن والدعاء وأمثالهما أو باطل كالأشعار الباطلة، وسواء اقترن بشئ من المحرمات كآلات اللهو وحضور الرجال في مجلس النساء أو لم يقترن. هذا هو المشهور بين الأصحاب.

“Deyirəm: Haram olan ğina müəyyən forma və keyfiyyətdə olan və ya ürfün ğina adlandırdığı şeydir. Fars dilində bu “surud” adlanır. Həmin formanın Quran, dua və s kimi haqq söz olmasıyla batil şerlər kimi batil olması arasında heç bir fərq yoxdur. İstər ləhv (musiqi) alətləri,  qadınların məclislərində kişilərin iştirak etməsi kimi şeylərlə birgə olmuş olsun, istər ayrı olsun, fərq etmir.  Alimlərimiz arasında olan məşhur görüş budur….” (Kitabuş-Şəhadat, cild 1, səh 92).

Ayətullah Gülpayqaniyə görə ğinanın təşxis edilməsi üçün ürfə müraciət olunmalıdır. Burada əsas hakim ürfdür. Müsiqi alətlərinin, kişi və qadınların bir məclisdə iştirak etməsi isə artıq ikinci dərəcəli şeylərdir. Yəni, örfün ğina olaraq görmədiyi şey artıq ğina deyil, hətta musiqi alətləri ilə ifa olunsa belə!

Ğina barədə alimlərin görüşləri.

Ğinanın tərifi barədə yuxarıda qısa açıqlama verdim. Gördüyünüz kimi məsələ barəsində konkret bir görüş yoxdur. Ortada fərqli açıqlamalar var və Mövla Mehdi Nəraqinin də yazdığı kimi qeyd olunan açıqlamarın hansının həqiqət olduğunu təyin edəcək heç bir dəlil yoxdur. İndi isə ğinanın hökmü barəsində fəqihlərimizin görüşlərinə işarə etmək istəyirəm. Təəssüf ki, ümumi kütlənin düşüncəsinə görə ğinanın mütləq şəkildə haram olması bütün fəqihlər arasında sabit olan hökmdür və ortada heç bir ixtilaf yoxdur. Halbuki fiqh kitablarına nəzər saldıqda məsələnin heç də güman edildiyi şəkildə olmadığını görmək mümkündür. Sadəcə olaraq mövzudan kifayət qədər məlumatı olmayanlar oxuduqları 3-5 fəqihin rəyini bütün fəqihlər arasında sabit olan rəy olduğunu güman edirlər. Bəziləri isə öz təqlid etdikləri fəqihin risaləsini oxuyur və şiə fiqhinə həmin risalə gözüylə baxırlar. Halbuki bu yanaşma tərzi obyektivlikdən tamamilə kənardır.

Şiə fəqihləri arasında ğinanın hökmündə dair fərqli görüşlər vardır. Әllamə Hilli mütləq şəkildə ğinanı haram bilib, istər oxunan şey haqq söz olsun (Quran kimi), istər batil olsun, fərq etmir. Mühəddis Bəhraniyə görə hədislər konkret olaraq ğinanın haram olduğunu göstərir. Bunun əksini söyləyən hədislər isə az olduğu, Qurana və səhih hədislərə zidd olduğu, həmçinin müxaliflərin görüşü ilə üst-üstə düşdüyü üçün kənara atılmalıdır. (əl-Hədaiq, cild 18, səh 112)

Feyz Kaşani isə ğinanın özlüyündə halal olduğunu iddia edir. Feyz Kaşaniyə görə bəzi hallarda kənar səbəblərə görə ğina haram ola bilir. Bu isə bir növ ikinci dərəcəli hökm kimidir. Çünki, ğinanın əsas hökmü onun halal olmasıdır.

Təbii ki, Feyz Kaşaninin bu görüşü sonrakı alimlər tərəfindən ciddi şəkildə tənqid olunub. Mühəddis Bəhrani (əl-Hədaiq, cild 18, səh 101-102), Sahibul-Cəvahir (Cəvahirul-Kəlam, cild 22, səh 44) kimi alimlər Feyz Kaşaninin əhli-sünnə alimləri, xüsusilə Qəzzalidən təsirlənərək bu görüşü qəbul etdiyini yazırlar. Seyyid Məhəmməd Cavad Amili isə Feyz Kaşani ilə yanaşı Mühəqqiq Səbzəvarinin də Qəzzalidən və əhli-sünnə alimlərindən təsirlənərək ğinanın özlüyündə halal olduğunu, sadəcə olaraq kənar səbəblər üzündən haram ola biləcəyinə fətva verdiyini yazır. (Miftahul-Kəramə, cild 1, səh 172).

Müqəddəs Әrdəbili isə dini mətnlərdə ğinanın haram olmasına dair mötəbər dəlillərin olmadığını yazır. Bu barədə nəql olunan hədislərin hamısının zəif olduğunu iddia edir. Ğinanın haram olmasının yeganə dəlilinin “icma” dəlili olduğunu söyləyir. Daha sonra da bəzi şeylərin istisna olduğunu yazır. İmam Hüseyn üçün deyilən mərsiyələri bu istisnalar arasında qeyd edir. Maraqlıdır ki, Müqəddəs Әrdəbili tarix boyu imam məclisində ğina formasında mərsiyə oxunduğunu və bunun kimsə tərəfindən inkar olunmadığını yazır. Ona görə də ğinanın imam məclisinə kömək etdiyini iddia edir. Müqəddəs Әrdəbili bu barədə belə yazır:

‎وقد استثني مراثي الحسين عليه السلام أيضا، ودليله أيضا غير واضح.
‎ولعل دليل الكل أنه ما ثبت بالاجماع إلا في غيرها، والأخبار ليست بصحيحة صريحة في التحريم مطلقا، والأصل الجواز، فما ثبت تحريمه يحرم، والباقي يبقى، فتأمل فيه.
‎ويؤيده أن البكاء والتفجع عليه عليه السلام مطلوب ومرغوب، وفيه ثواب عظيم، والغناء معين على ذلك، وأنه متعارف دائما في بلاد المسلمين في زمن المشايخ إلى زماننا هذا من غير نكير، وهو يدل على الجواز غالبا.

“Hüseyn əleyhissalam üçün deyilən mərsiyələr istisna edilir. Dəlili (ğinanın haram olmasının) isə aydın deyildir. Ola bilsin hər kəsin istinad etdiyi dəlil icma dəlili olmuş olsun. Hədislər isə ğinanı mütləq şəkildə haram etmək üçün səhih və aydın deyildir. Belə olan halda əsli hökm (ğinanın) icazəli olmasıdır. Haram olması sabit olan haram hesab olunar, yerdə qalanlar isə halal hökmündədir. Bu barədə düşün! İmam üçün ağlamaq və kədərlənmək bəyənilən əməldir, bu işdə böyük savab vardır. Ğina bu işə kömək edir. Bu iş müsəlman ölkələrində keçmişdən indiyə dək daima olub və etiraz olunmayıb. Bu hal da ğinanın əksər hallarda icazəli olduğuna dəlildir….” (Məcməul-Faidə, cild 8, səh 61)

Müqəddəs Әrdəbilinin ğinanın əsli hökmünün halal olmasını deməsi, bu barədə səhih və konkret hədislərin olmadığını iddia etməsi şübhəsiz bəzi fəqihlərin ciddi etirazına səbəb olubdur. Seyyid Xoyi Müqəddəs Әrdəbilinin ğinanın imam məclisinə kömək etməsi barədə fikrinin yanlış olduğunu yazır. Seyyid Xoiyə görə ümumiyyətlə ğinayla hüzün və ağlamaq bir arada cəm ola bilməz. Çünki, ğinada coşğu, nəşə var, mərsiyədə isə hüzün var. Bu ikisi tamam fərqli şeylər olduğu üçün ğinanın imam məclisinə kömək edəcəyini iddia etmək yanlışdır. (Misbahul-Fəqahə, 490-491).

Lakin digərləri Seyyid Xoyinin bu etirazının dəqiq olmadığını iddia edirlər. Çünki, ğina, yalnızca nəşə saçan musiqilərdə olmur. Ğina, nəşə və coşğuya səbəb olduğu kimi hüzün və kədərlənməyə də səbəb ola bilir. Necə ki, Mövla Mehdi Nəraqi ğinaya tərif verərkən ğinanın nəşə ilə yanaşı hüznə də səbəb ola biləcəyini qeyd etmişdi və öz iddiasına şahid olaraq filoloq Cövhərinin sözlərini əsas gətirmişdi. Deməli Seyyid Xoyinin Müqəddəs Әrdəbiliyə olan iradı dəqiq deyildir. Çünki, Seyyid Xoyi ğina məfhumunu açıqlayarkən ğinanın şəriət vasitəsilə təyin olunmuş termin mənasını əsas götürdüyü üçün mərsiyənin ğina ola bilməyəcəyini yazır. Halbuki etiraz edənlər bu yanaşmanın önfərz olduğunu və məsələnin ğinanın leksik mənasını əsas götürərək təhlil edilməsinin gərəktiyini söyləyirlər. Leksik mənaya əsasn ğina nəşəyə səbəb olduğu kimi bəzən də hüznə səbəb ola bilir. Belə olan halda Müqəddəs Әrdəbilinin qeyd etdiyi istisna tamamilə yerindədir.

Ğinanı öyrənməyin və öyrətməyin hökmü.

Ayətullah İrəvaniyə görə ğinanı öyrətmək və öyrənmək özlüyündə icazəlidir. Çünki, qaydalar bu nəticəni gərəktirir. Daha sonra iddia edir ki, ğina öyrənmək və öyrətmək daim qarşılaşdığımız bir məsələ olmadığı üçün bu mövzuda konkret dəlillər yoxdur. Nə hədislərdə buna işarə var, nə də fəqihlərimiz bu məsələni aydın şəkildə araşdırıblar. Ona görə də mövzu barədə haram hökmünü çıxarmaq olduqca müşküldür. Üsul elmində istifadə olunan qaydalar gərəyi hökmün icazəli olduğunu yazır. Lakin daha sonra ehtiyat yolunu seçir. Üstəlik bu ehtiyatın “vacib ehtiyat” olduğunu yazır.

Lakin, məlum olduğu kimi ehtiyat hökmü fətva deyildir. Yəni, fəqihin əlində konkret dəlillər olmayanda ehtiyat yolunu seçir. Hansısa məsələ barəsində ehtiyat hökmü verilibsə deməli həmin məsələ barəsində yetərli dəlillər yoxdur.

Bundan əlavə Ayətullah İrəvanini məsələ barədə ehtiyat yolunu seçməyə vadar edən əsas səbəb məsələnin birbaşa özü deyildir. Sadəcə olaraq bu işlə məşğul olanların sonradan bu sənət vasitəsilə fəsadı yayacaqlarını əsas gətirir. Lakin, qeyd olunan bu dəlil özlüyündə yetərli deyildir. Mümkündür bu işlə məşğul olanlar heç bir fəsada səbəb olacaq iş görməsinlər. Әn azından Ayətullah İrəvaninin məsələ barəsində əlavə səbəblərə söykənərək ehtiyat hökmünü verməsi məsələnin özlüyündə halal olduğunu göstərir (Mənbə:http://www.eshia.ir/feqh/archive/text/iravani/feqh/36/370310/)

Nəticə:

Qeyd olunan nümunələrdən məlum olduğu kimi ğina mövzusu güman edildiyi kimi heç də aydın və aşkar bir mövzu deyildir. Şəhid Saninin də qeyd etdiyi kimi şəriət, ğinanın mahiyyəti barədə heç bir açıqlama verməyib. Bu da məsələnin mürəkkəbləşməsinə səbəb olub. Mövla Mehdi Nəraqinin qeyd etdiyi kimi hələ məfhum olaraq ğinanın nə olmasına dair 12 rəy var. Şübhəsiz hər fəqih məsələni araşdırarkən qane olduğu nəticəni əsas tutaraq məsələyə yanaşır. Bu isə fərqli fikirlərin meydana gəlməsini zəruri edir.

Ğinanın hökmü barəsində fəqihlərimizin yanaşmaları birmənalı deyildir. Әllamə Hilli, Mühəddis Bəhrani kimi alimlərə görə ğina, mütləq şəkildə haramdır. Feyz Kaşani, Mühəqqiq Xansariyə görə isə ğina, özlüyündə halaldır. Yalnızca əlavə səbəblər üzündən haram ola bilər. Müqəddəs Әrdəbiliyə görə dini mətnlərdə (Quran və hədislərdə) ğinanı haram edəcək aydın və səhih dəlillər yoxdur. Müqəddəs Әrdəbiliyə görə əlimizdə olan yeganə dəlil “icma” dəlilidir. Daha sonra da mərsiyələri istisna edir. Hətta ğinanın imam məclislərinə kömək etdiyini yazır.

Ayətullah Seyyid Gülpayqaniyə görə ğinanın mahiyyətini təyin etmək üçün mütləq ürfə müraciət etmək lazımdır. Ürfün ğina dediyi şey haram, ğina demədiyi şey isə halaldır. Hətta oxunan musiqi haram alətlərlə ifa olunsa belə nəticə fərq etmir. Çünki, musiqi alətlərinin məsələyə birbaşa təsiri yoxdur. Buna əsasən əgər ürf, hansısa musiqini və ifanı ğina olaraq görmürsə deməli həmin musiqi və ifa halaldır, hətta çalğı alətləri ilə ifa olunsa belə!

Ayətullah İrəvaniyə görə ğinanı öyrənmək və öyrətmək özlüyündə icazəlidir. Lakin daha sonra ehtiyat yolunu seçir. Qeyd etdiyi dəlillərin yetərsiz olduğunu, ən azı istisnalar qəbul etdiyini yuxarıda qeyd etdim.

Ğina barədə bundan artıq da yazmaq olar. Çünki fəqihlərimizin bu barədə sözləri olduqca çoxdur. Lakin bacardığım qədər həmin fikirləri məqalə həcmində xülasələşdirməyə çalışdım. Geniş məlumat əldə etmək istəyənlər bu barədə yazılan kitablara müraciət edə bilərlər. Bu qısa yazıdan aydın olduğu kimi ğina məsələsi olduqca qarmaqarışıq bir məsələdir. Ona görə də bu barədə konkret bir söz söyləmək çətindir. Təbii ki, hər kəs dəlillərə baxaraq şəxsi qənaətinə uyğun olaraq əməl etməkdə sərbəstdir. Amma, şəxsi qənaətini mövzu barədə qeyd olunan əsas fikir olduğunu söyləmək və bütün fəqihlərin bu görüşü müdafiə etdiyini iddia etmək elmi baxımdan əsassız bir yanaşmadır.

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

 

Метки: FİQH

Bu bölmədə