Fiqh-üsulu kitablarında müzakirə olunan “təcərri” və “inqiyad” qaydalarının izahı və bu qaydaların doğurduqları məntiqi nəticələr

Fəqihlərimizin fiqh-üsulu elmində müzakirə etdikləri önəmli mövzulardan biri də “yəqin” (القطع) mövzusudur. Bu mövzu müxtəlif cəhətlərdən təhlil edilir. Həmin cəhətlərdən biri də bir insanın hansısa nəsnənin haram olmasına dair yəqin halında olmasına baxmayarq həmin işə mürtəkib olması barədədir.

Burada fərdin haram olduğuna yəqin bəslədiyi işi görməsi iki halda fərz oluna bilər:

1) Haram olduğuna inandığı şey realda da haramdır.

2) Haram olduğuna inandığı şey realda haram deyil. Hansısa yanlışlıqdan dolayı həmin işin haram olduğunu düşünüb.

Mətləbin aydın olması üçün sadə bir misal qeyd edim. Fərz edin önünüzdəki masanın üstündə maye var. Birinci fərzə əsasən fərd, həmin mayenin spirtli içki olduğunu düşünür. Bu fərzə əsasən onun bilgisi reallıqla üst-üstə düşür. Yəni, həqiqətən realda həmin maye spirtli içkidir. Amma ikinci fərzə əsasən fərd, masanın üzərindəki mayenin spirtli içki olduğunu düşünməsinə baxmayaraq həmin maye realda su imiş. Fəqihlərimizin müzakirə etdikləri mövzu budur ki, hər iki fərzə əsasən suyu içən şəxlsər günah etmiş hesab olunurlarmı? Birinci fərzə əsasən fərdin günahkar olması aydın məsələdir. Çünki mayenin spirtli içki olduğunu qəti formada bildiyi halda onu içir və mayeni içdikdə onun spirtli içki olduğunu görür. Lakin ikinci fərzdə durum bir qədər fərqlidir. Fərd, spirtli içki olduğuna qəti formada inandığı mayenin içdikdən sonra onun su olduğunu görür. Belə olan halda bu şəxs, günahkar hesab olunmalıdırmı? Çünki içdiyi maye halal sudur. Məlum olduğu kimi hansısa fərdin günahkar hesab olunması üçün gördüyü işdə hansısa fəsadın olması şərtdir. Halal suyun tərkibində heç bir fəsad olmadığı halda bu suyu hətta spirtli içki niyyətilə içən biri günahkar hesab oluna bilərmi?

Fəqihlərimiz bu şəxsin günahkar olacağını söyləyirlər. Öz müddəlaranı bu şəkildə əsaslandırırlar ki, düzdür, içilən su halal olduğu üçün sırf həmin suyu içdiyinə görə günahkar hesab olunmaz. Amma fərdin həmin mayeni spirtli içki ünvanında içməsi bir növ öz rəbbinə qarşı cürətkar davranmağına səbəb olduğu üçün bu cəhətdən günahkar sayılır. Axund Xorasaninin qeyd etdiyi kimi fərdin bu şəkildə davranması rəbbinə qarşı hörmətsiz davranmaq, onun hörmətini sındırmaq olduğu üçün belə bir şəxs mütləq günahkar sayılır və etdiyi işə görə cəzalandırılmalıdır. Şəhid Sədr də bu işi görən şəxsin Allahın itaətindən çıxdığı, ona hörmətsizlik etdiyi üçün cəzaya layiq olduğunu yazır.

Axund Xorasani “təcərri” qaydasının müqabilində “inqiyad” qaydasının da eyni nəticə doğuracağını yazır. İddia edir ki, necə ki, hansısa fərdin xəta üzündən olsa belə haram olduğunu fikirləşdiyi bir işi görməsi onun cəzalanmasına əsas verirsə, eynilə hansısa işin vacib olduğunu düşünən biri də gördüyü bu işə görə savab qazanmalıdır. Hətta gördüyü iş realda vacib olmasa belə! Ona görə ki, həmin fərd, vacib olduğunu düşündüyü işi görərkən, düzdür felin özündə vacibliyə səbəb olacaq heç bir amil (fayda) yoxdur, amma həmin şəxsin vacib olduğunu düşündüyü işi görməsi həqiqətdə onun rəbbinə olan ehtiramından, tabeçiliyindən, bəndəçilik şüurundan xəbər verdiyi üçün məhz bu xüsusiyyətlərə görə həmin şəxsə etdiyi işin müqabilində savab düşür.

Məsələ aydın olduqdan sonra burada mövzudan doğan bir sıra məntiqi nəticələri qeyd etmək istəyirəm. İlk öncə qeyd edim ki, “təcərri” və “inqiyad” qaydaları əqli (rasional) qaydalardır. Məntiq elmindən məlum olduğu kimi əqli qaydalar heç bir istisna tanımırlar. Məsələn siz, rasional formada paradoksun mümkünsüzlüyünü isbat etdikdən sonra artıq həmin qaydanın tətbiq sahəsinə dair hansısa istisnaları fərz edə bilməzsiz. Qeyd olunan bu xüsusiyyət şərti (etibari) qaydalardan fərqli olaraq yalnızca əqli qaydalara aid olan bir özəllikdir. Deməli “təcərri” və “inqiyad” qaydası əqli qayda olduğu üçün heç bir istisna qəbul etmirlər.

Qeyd olunan iki qaydaya gəlidkdə burada “cəza” və “mükafatın” əsas mənşəyi “Allahın əmrinə qarşı çıxmaqla onun ehtiramını sındırmaq” və “Allahın əmrinə tabe olmaqla onun hörmətini qorumaq” prinsipləridir. Bir başqa sözlə, “hörməti sındırmaq” və “hörməti qorumaq” cəza və mükafatın əsas səbəbləridir. Məntiqi terminlərlə danışsaq, qeyd olunan həmin iki prinsip “orta həddir”lər. Belə olan təqdirdə, orta həddin olduğu hər yerdə nəticənin olması da zəruridir. Orta həddin olduğu yerdə öz məntiqi nəticəsinin olmaması məntiqi baxımdan yanlışdır. Çünki bu hal, səbəb-nəticə qanunun inkarına səbəb olur.

Deməli “təcərri” və “inqiyad” qaydalarında mülahizə olan iki önəmli xüsusiyyət var:

1) Qeyd olunan qaydaların əqli (rasional) qaydalar bu olduqları üçün tətbiq zamanı heç bir istisna tanımamaları.

2) Bu iki qaydada mövcud olan “hörməti sındırmaq” və “hörməti qorumaq” kimi prinsiplərin “orta hədd” olduqları üçün mütləq şəkildə “cəza” və “mükafat”ın meydana gəlməsini zəruri qılmaları.

Bu iki qayda bütün təfərrüatıyla aydın olduqdan sonra gəlin bu qaydaların tətbiqinə bir daha göz atağın. Qaydaya əsasən məzhəbindən və dinindən asılı olmayaraq istənilən hər bir fərd hansısa hökmün ilahi hökm olduğunu düşünsə və sırf Allaha bəndəçilik etmək, onun ehtiramını qorumaq niyyətilə həmin işi görsə, qaydaya əsasən həmin şəxs gördüyü bu əməlin müqabilində mükafat qazanmalıdır. Daha burada görülən işin realda yanlış olması, həqiqətlə üst-üstə düşməməsi kimi faktorlar əks dəlil qismində təqdim oluna bilməz. Çünki qeyd olunan qaydalara əsasən mükafatı gərəkli edəcək olan əsas səbəb (hörməti qorumaq-orta hadd) mövcud olduğu üçün fərdin gördüyü işin müqabilində mükafat alması artıq zərurət halına çevrilir. Deməli saf niyyət, təmiz qəlb, səmimi niyyətlə vacib olduğunu düşündüyü işləri yerinə yetirən hər bir şəxs rəbbinin ehtiramını qoruduğu üçün mütləq şəkildə mükafata layiq görüləcəkdir. Onun gördüyü işin müqabilində heç bir mükafata layiq görülməməsi isə qeyd olunan qaydaları bütünlükdə sual altına aparacaqdır.

Mümkündür qeyd olunan bu nəticəyə günahsız insanları qətlə yetirən sələfilərin və ya digər radikal qruplaşmaların gördükləri cinayət tərkibli işlər irad qismində qeyd olunsun. Belə ki, bu cür radikal qruplaşmalara mənsub olan şəxslər, gördükləri işin vacib olduqlarını düşünürlər və bu işləri Allah yolunda edirlər. O zaman həmin şəxlsər də gördükləri bu işlərin müqabilində mükafat alacaqlarmı?

Qeyd olunan irada 3 formada cavab vermək olar:

1) Qeyd olunan bu irad alınan nəticənı yanlış çıxartamq üçün yetərli əsas hesab olunursa, o zaman qaydanın tətbiqində istisnanın yer aldığını söyləməliyik. Belə olan halda isə qayda bütünüylə sual altına getməli olacaqdır. Çünki yuxarıda da qeyd etdiyim kimi əqli qaydalar heç bir istisna tanımırlar. Nəticədə fəqihlərin öz kitablarında müzakirə etdikləri bu qayda məntiqi cəhətdən əsassız hesab olunmalıdır demək.

2) Radikal qruplaşmaların gördükləri bu əməllər heç bir insanı normalarla uzlaşmadığı üçün ümumiyyətlə mövzumuzdan kənardır. Ona görə ki, müzakirə olunan mövzu insanı dəyərlər çərçivəsində icra olunan əməllərə aiddir.

3) Eyni iradı məzhəbindən asılı olmayaraq bütün məzhəbin nümayəndələrinə şamil etmək mümkündür. Məsələn hansısa fəqih, dindən çıxdığına yəqin bəslədiyi hansısa müsəlmanın tövbəsiz-zadsız qətlinə hökm versə və qiyamətdə həmin şəxsin dindən çıxmadığı məlum olsa, o zaman həmin fəqih günahsız bir müsəlmanın həyatına bais olduğu üçün Quran ayəsinə əsasən əbədi olaraq cəhənnəmdə qalacaqmı?

Hər halda, qeyd olunan bu üç cavabdan 1-cisi məqbul hesab olunsa, o zaman qayda bütünüylə sual altına gedəcək. O zaman fəqihlərin müzakirə etdikləri bu qaydanın gərək heç bir məntiqi əsasa söykənmədiyi qəbul olunsun. 2-ci cavab qəbul edildiyə təqdirdə isə yuxarıda qeyd olunan iradın əsassız olduğu, qaydadan aldığımız nəticənin doğru olduğu məlum olacaq. Amma 3-cü cavabı qəbul etsək, o zaman qeyd olunan iradın yalnızca radikal qruplaşmalara deyil, şiə məzhəbi də daxil olmaqla bütün məzhəblərə şamil olacağını söyləməliyik. Belə olan təqdirdə isə artıq məzhəblər arasında heç bir fərq qalmayacaqdır.

Qeyd: Xatırladım ki, mövzumuz əqli mövzu olduğu üçün bu məqaləmizdə mövzunu sırf əqli qaydaların əsasında müzakirə etməyə çalışdıq. Kimsə alınan nəticəyə dair irad qismində nəqli dəlillərin olduğunu düşünürsə bu zaman mövzunun məcrası bir qədər dəyişəcəkdir. Ona görə ki, alınan nəticənin əleyhinə nəqli dəlillərin olduğunu iddia etmək yenə də qaydanın özlüyündə tam olmadığını göstərəcəkdir. Bu isə yenə də qaydanı bütünüylə sual altına aparacaq və onun əsassız olduğunu göstərəcəkdir. Ona görə də məsələni nəqli dəlillər vasitəsiylə çözməyə çalışan biri ilk öncə qeyd olunan qaydların əsassız olduğunu söyləməli, daha sonra nəqli dəlillərə istinad etməlidir…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi

 

Метки: FİQH

Bu bölmədə