Elşad Mirinin iradına cavab - Şeyx Təbriz Nəcəfi

İlahiyatçı Elşad Miri deyir ki şiələr harda olsalar Ya Əli deyirlər, məsələn, biri Azərbaycanda deyir, biri Yaponiyada, o biri Amerikada və s. İndi Hz Əli hamının sözünü eyni anda eşitsə deməli biz onu Allah səviyyəsinə qaldırmış oluruq…

 Görünür Elşad Mirinin Allah barəsində təsəvvürü o qədər səthidir ki, əgər bir nəfər hər şeyi eşitsə deməli o da Allah olacaq. İrada cavab olaraq deyə bilərik ki, eyni anda fərqli məkanlarda deyilən səsləri və müraciətləri eşitmək heç də insanı Allah etməz. Nümunə olaraq burada sadəcə bir hədis qeyd etməklə kifayətlənirəm:

1) Əhməd ibn Hənbəl “Müsnad”inda belə bir hədis nəql edir:

عن ابي هريرة قال: قال رسول الله (ص): حيثما كنتم فصلوا علي فان صلاتكم تبلغني

Əbu Hureyrə Peyğəmbərin (s) belə dediyini nəql edir: “Harda olsanız mənə salavat deyin, çünki sizin salavatlarınız mənə çatır…” (Müsnəd, Əhməd ibn Hənbəl, 8449-cu hədis)

Əl-Mənavi bu hədisi qeyd etdikdən sonra hədisi belə şərh edir: “Çünki qüdsi nəfslər (ruhlar) bədənin bağlılığından azad olduqdan sonra yüksələrək mələklər aləminə (əl-Mələul Ə’la) birləşirlər, bundan sonra arada heç bir mane qalmır və onlar hər şeyi ya özləri muşahidə etməklə ya da mələklərin xəbər verməsi ilə görürlər…” (Feyzul-Qədir, Əl-Mənavi, cild 3, səh 530..)

Hədisi Əhməd ibn Hənbəldən başqa Əbdur-Rəzzaq əs-Sənani (əl-Musənnəf, cild 3, səh 71 və 577), ibn Əbi Şeybə Əl-Kufi (əl-Musənnəf, cild 2, səh 267 və 269), Təbərani (əl-Mucəmul əvsət, cild 1, səh 117, əl-Mucəmul-Kəbir, babul-ha), ibn Kəsir təfsirində (cild 3, səh 522-523), İbn Əsakir tarixində (cild 13, səh 61-62) və digərləri nəql etmişdir.

Məşhur Sələfi alimi Albani “Əhkamul-cənaiz” adlı kitabında səh 219-da bu hədis barəsində belə deyir: “Əbu Davud (1, 319) və Əhməd (2, 367) həsən sənədlə bu hədisi qeyd ediblər, sənəd Müslimin şərtinə uyğundur, hədisin əlavə yolları və şahidləri olduğu üçün səhihdir…”

Gördüyünüz kimi hədisin mötəbərliyində şübhə yoxdur, xüsusən Albani kimi hədis mütəxəssisinin bunu təsdiqləməsindən sonra. İndi Elşad kimilərə sualım budur ki, peyğəmbər deyir harda olsanız mənə salavat göndərin, çünki, sizin salavatlarınız mənə yetişir, biri Amerikadan, o biri Yaponiyadan, biri də lap Marsdan salavat göndərsə mütləq peyğəmbər onu eşidəcək, indi peyğəmbər Allah oldu? Yoxsa son çarə olaraq hədisi inkar edək? Axı bu hədis o qədər çoxlu yollarla nəql olunub ki inkar etmək mümkün deyil, deməli Mənavinin də hədisi şərh etdiyi kimi məhdudiyyət yalnız bu dünyaya aiddir və insan, bu dünyanı tərk etdikdən sonra düyünlər qırılır və artıq hər şeyi müşahidə etməyə başlayır…deməli Elşadın bu iradı adəti üzrə savadsızlığından qaynaqlanan bir məsələdir və bu adamın islamdan anlayışı çox səthidir…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

 

Bu bölmədə