Əhli sünnə məzhəbinə atılan iftiraya cavab – Əhli sünnə bütünlüklə namazda “Bismillah”ı tərk edir?

Bəziləri yanlış mütaliə edərək belə güman edir ki, guya əhli sünnə məzhəbi bütünlüklə namazda “bismillah”ı tərk edir. Halbuki məsələ heç də tamamilə belə deyildir. Sözügedən şəxslər sözlərinə yanlış arqumentlər də gətirirlər ki bu daha da gülünc vəziyyət yaradır. Sözü uzatmadan mövzu ilə əlaqəli şübhə və iradları qeyd edib cavablandıraq.

Şübhə: Tövratın heç yerində “Bismillah” yoxdur. Bu səbəbdən əhli sünnə də namazda bismillah deməz.

Cavab: Bismillahı təkcə Quran və İslamla məhdudlaşdırmaq olduqca yanlış bir addımdır. Çünki, Quranda Nuhun (ə) (“Hud” surəsi, 41) və Süleymanın (ə) (“Nəml” surəsi, 30) dilindən “Bismillah” ifadələri gəlməkdədir. Nuh (ə) insanları gəmiyə mindirərkən, Süleyman da (ə) məktub yazarkən bu kəlmədən istifadə etmişdir. Həmçinin təfsir və tarixi mənbələrdən oxuyuruq ki, İbrahimin (ə) atəşdə yanmamasının bir səbəbi də oda daxil olarkən “bismillah” deməsidir. Həmçinin Loğmanın (ə) uca məqam sahibi olması da yenə “Bismillah” sözünə göstərdiyi ehtiramla izah olunur.

Bütün ilahi kitablarda Bismillah önəmli yerə sahib idi. Bismillah yəni Allahın adı ilə. Görəsən Adəmdən ta Həzrət Muhəmmədə (s) qədər hansı peyğəmbər işlərinə başlarkən Allahı yad etməyib? Əlbəttə biz iddia etmirik ki, Tövrat, İncil, Zəbur və səhifələrdə məhz “Bismillah” ibarəsi gəlmişdir. Mühum olan Bismillahın daşıdığı önəm və missiyasıdır. Quran ərəb dilində nazil olduğundan həmin ibarə Quranda bu cür gəlmişdir.

Bundan əlavə

- Kim isbat edə bilər ki Tövrat və digər səmavi kitablar Allahın adı ilə - Bismillahla başlamır?
- Bismillahın Tövrtatda gəlməməsinin əhli sünnə namazına nə kimi aidiyyatı vardır? Əhli sünnə öz şəriət və fiqhini Tövratdan götürür ya Qurandan?
- Tövratda Bismillahın olmaması yalanını uydurub əhli sünnəyə niyə böhtan atılır?
- Əgər deyilsə ki söhbət saxta Tövratdan gedir onda yenə sual veririk: Saxta Tövrata heç bir müsəlmanın etiqad və əqidəsi olmadığı halda nə üçün saxtalaşdırılmış bir mənbədən əhli sünnəni vurmaq üçün istifadə olunur?
- Bir şeyin Tövrtada olub olmaması hər hansı bir məsələnin doğruluğu üçün əsasdırmı? Bu meyarı kim və hansı əsasla təyin edib?
- Tövratda Bismillah olmuş olsaydı onda belə çıxır ki əhli sünnə və hətta bütün İslam ümməti bunu yəhudilərdən götürüb?
Bu kimi sualları yüzlərlə artırmaq olar. Keçək əsas məsələyə.

Əhli sünnə namazda “Bismillah”ı tərk edir?

Əhli sünnənin hədis və təfsir kitablarında “Bismillah”ın önəm və əhəmiyyətini əks etdirən kifayət qədər hədis və izahlar vardır.
Namazda “Bismillah”ı demək mövzusunda əhli sünnə məzhəbləri arasında fikir ayrılıqları vardır.

1. Şafei məzhəbi Fatihədən öncə Bismillah deməyi vacib bilir. Bu şərtlə ki, səsli namazlarda səsli, səssiz namazlarda isə səssiz oxunsun.
Şafeinin fiqh kitabında “Namazın rükünləri” babında Namazda Fatihənin səhih olması üçün gətirilən 8-ci şərt belədir: “Hər rükətdə bismillahla birlikdə Fatihəni oxumaq”. (“Böyük Şafei ilmihali” səh. 110)
2. Hənbəli məzhəbi də Fatihədən öncə Bismillah deyir. Amma mütləq olaraq Bismillah səssiz oxunur. Hətta səsli namazlarda belə.
3. Üçüncü qrup Maliki məzhəbi isə bunu məkruh bilir.
Əhli sünnənin məşhur fəqihlərindən olan ibn Qudamə yazır: “...Fatihənin əvvəlində və hər sürənin əvvəlində Bismillahı demək elm əhlinin yanında məşhurdur. Lakin Malik və Əvzai deyir: “Fatihənin əvvəlində “Bismillah” oxunmur. (“Əl-Muğni, Abdullah ibn Qudamə, c. 1, səh. 520-521)
4. Hənəfi məzhəbi də Fatihədən öncə Bismillah deməyi vacib bilir.
Hənəfi fiqhinə əsasən yazılan fihq kitabında “Namazın sünnətləri” babında belə oxuyuruq: “Hər rükətdə Fatihədən öncə Bismillahı oxumaq. Səhih sayılan bir nəzərə görə vacibdir”. (“Böyük İslam ilmihali” səh. 137)

Əhli sünnə mənbələrində Fatihədən öncə Bismillahın oxunmasına dair bir neçə hədis.

Darqutni Əbu Hüreyrədən rəvayət edir: Peyğəmbər (s) buyurmuşdur: “Həmd (Fatihə) sürəsini oxuduqda “Bismilləhir-rahmənir-rəhim”i onun ayələrindən biri sayın və onu da oxuyun. Belə ki, Həmd sürəsi ümmül-Quran (Quranın anası) və səb əl-məsanidir və Bismilləhir-rahmənir-rəhim bu surənin ayələrindən biridir”. (Sünəni Darqutni, c. 1, səh. 309, hədis 17)

Darqutni Həzrət Əlidən rəvayət edir: “Peyğəmbər (s) namazın hər iki sürəsində Bismillahı açıq və səsli oxudu”. (Sünəni Darqutni, c. 1, səh. 302)
Eyni hədisi əhli sünnə təfsirçisi Cəlaləddin Suyuti də öz kitabında qeyd edib. (Bax: Əd-Durrul-Mənsur, c. 1, səh. 22)

Ənəs bin Malik rəvayət edir: “Peyğəmbərin (s), Həzrət Əlinin (ə), Əbubəkr və Ömərin arxasında namaz qıldım. Onların hamısı Bismillahı açıq və səsli oxudular.” (Mustədrək Əs-Səhihəyn” c. 1, səh. 232)

Bismillahın tərk edilməsi ilə əlaqəli də kifayət qədər rəvayətlər mövcuddur. Lakin bunu da qeyd etməliyik ki, əhli sünnənin 3 məzhəbi Fatihədən öncə Bismillahı deməyin tərəfdarıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda və eləcədə dünyada əsasən iki məzhəb daha geniş yayılmışdır. Onlar Şafei və Hənəfidir. Bu iki məzhəb də namazda Bismillahı tərk etmir. Bir fərqlə ki, Hənəfi məzhəbi Bismillahı səssiz oxuyur.

Əhli sünnənin dörd məzhəbindən yalnız biri Maliki məzhəbi bunu məkruh bilir. İndi sual budur ki, bir məzhəbin etdiyini nə üçün bəziləri bütün əhli sünnənin ayağına yazır? Halbuki müasir zamanımızda belə, əhli sünnənin məscid və ibadətgahlarında namazlarda Bismillah oxunur.

Şübhə: Yəhudilər Ömərə təlim verib öyrətmişdilər ki, sizləri tanımaq üçün həm də sizin bizə olan sadiqliyinizi bilmək üçün mütləq namazda Bismillahı tərk edəsiz.

Cavab: Bu iddianı batil edən bir rəvayəti elə əhli sünnə mənbəsindən təqdim edirik:

Ənəs bin Malik rəvayət edir: “Peyğəmbərin (s), Həzrət Əlinin (ə), Əbubəkr və Ömərin arxasında namaz qıldım. Onların hamısı Bismillahı açıq və səsli oxudular.” (Mustədrək Əs-Səhihəyn” c. 1, səh. 232)

Eynən bu hədisin inkar forması da var. Hədisin sonunda “Bismillahı oxumadılar” ifadəsi gəlməkdədir. Maraqlıdır sonu inkarla bitən hədisdə Həzrət Əlinin (ə) adı yad olunmur. Mövzu ilə əlaqəli yığcam bir yazı hazırlamaq istədik deyə inkarçı mövqedə duran hədisləri və təhlillərini bura yazmaq istəmədik.
Bütün bu deyilənlərdən sonra qeyd etmək istəyirik ki, bu cür addımlar yolverilməzdir. Xüsusən, vəhdətə ehtiyac bir zamanda...

Mahir Şəkərov

 

Bu bölmədə