Bütün peyğəmbərlər məsumdurlarmı?

Peyğəmbərlərin məsumluğu (günahsızlığı) mövzusu müsəlmanlar arasında hər zaman öz aktuallığını qoruyan önəmli mövzulardan biridir. Tarix boyu islam alimləri arasında mövzu ətrafında ciddi müzakirələr aparılmış, fərqli görüşlər, nəzərlər ortaya qoyulmuşdur.

İslam alimlərinin bir dəstəsi peyğəmbərlərin mütləq şəkildə, həyatlarının bütün dövrlərində məsum olduqlarını iddia etmiş, digərləri isə peyğəmbərlərin günah edə biləcəkləri tezisini müdafiə etmişlər. Kimlərin hansı görüşdə olduqlarını öyrənmək üçün kəlam kitablarına müraciət etmək lazımdır. Məqalənin mövzusu bu olmadığı üçün maraqlananlardan kəlam kitablarına müraciət etmələrini təmənna edirik.

Mövzunun aktuallığı.

Әsas məsələyə daxil olmamışdan qabaq giriş olaraq bir məsələyə toxunmaq istəyirəm. Fikrimcə, hər bir mövzu araşdırılarkən ilk öncə özümüzə bu sualı verməliyik: Araşdırdığımız mövzu hazırda nə qədər aktualdır? Yəni mövzuya dair sonda alacağımız nəticə istər müsbət olsun istərsə də mənfi olsun, sonda yeni nə əldə edəcəyik? Bununla hansı problemə son qoyacağıq? Dəyişən nə olacaq? Görəsən araşdırdığımız mövzunun həlli bizə əməli müstəvidə yeni nələrsə vəd edirmi? Yoxsa, mövzu, tamamilə abstraktdır və insanın düşüncə dünyasıyla bağlıdır, vəssalam?

Qeyd olunan sualı gəlin peyğəmbərlərin məsumluğu mövzusuna tətbiq edəyin. Zənnimcə, Quranda adları keçən peyğəmbərlər arasında bizim üçün önəmli olan və əməli müstəvidə müəyyən fərqli nəticələrin yaranmasına səbəb olacaq əsas məsələ sadəcə olaraq son islam peyğəmbərinin günahsızlığı məsələsidir. Çünki hazırda əməl etməklə vəzifəli olduğumuz şəriət yalnızca islam şəriətidir. İslam peyğəmbəri son şəriəti insanlara çatdıran şəxs olduğu üçün bu baxımdan onun günahsızlığı məsələsi aktualdır və ciddi elmi araşdırmalar tələb edir. Bu baxımdan digər peyğəmbərlərin məsumluğu heç bir əhəmiyyət daşımır. Çünki keçmiş peyğəmbərlərin təbliğ etdikləri şəriətlər aradan getdiyi (nəsx olunduğu) üçün dolayısıyla keçmiş peyğəmbərlərin məsum olmaları da əməli baxımdan öz əhəmiyyətini itirmişdir. Sonuncu peyğəmbərə gəldikdə isə, bütün islam məzhəbləri, hətta peyğəmbərin günah etdiklərinə inanlar belə peyğəmbərin daim tanrının nəzarətində olduğunu, səhv və günah etdiyi təqdirdə dərhal tənbih edilərək xətasını düzəltdiyini söyləyirlər. Bu yolla şəriət hömkləri hər cür xəta və yanlışlıqdan siğortalanaraq insanlara çatdırılmış olur. Belə olan halda peyğəmbərin günah edəcəyi fərzini qəbul etsək belə, Quran ayələrinin və ya şəriət hökmlərinin təbliğ zamanı hansısa formada təhrif olunacağını söyləmək doğru olmaz fikrimcə.

Deməli peyğəmbərlərin məsumluğu məsələsi əməli baxımdan heç bir ciddi önəmə sahib deyildir. Lakin məsələnin mənəvi və düşüncəylə bağlı yönü bir qədər fərqlidir. Bu məsələ bir növ insan düşüncəsinin kamilliyi ilə birbaşa bağlı olduğu üçün həqiqətləri olduğu kimi tanımaq insanın əqli və mənəvi yöndən daha da kamilləşməsinə zəmin yaradacaqdır. Bu mənada ki, peyğəmbəri olduğu kimi tanımaqla yanlış tanımağın insanın düşüncə dünyasına və mənəviyyatına təsir etdiyini nəzərə alsaq mövzunun əhəmiyyəti də aydın olmuş olacaqdır. Bu məsələ eynilə tanrı barəsində əldə etdiyimiz bilgilərə bənzəyir. Necə ki, tanrının sifətlərini onun zatından ayrı bilməklə sifətləri zatın eyni olduğunu bilmək eyni deyildir və birbaşa insanın mənəvi kamilliyi ilə bağlıdır, bu məsələ də eyni cəhətdən birbaşa insanın mənəvi kamilliyi ilə əlaqəlidir.

Mütləq məsumluq müddəasının isbatına dair istifadə olunan iki dəlil.

a) Peyğəmbərlərin məsum olduqlarını isbatlamaq üçün istifadə olunan əsas rasional (əqli) dəlillərdən biri budur ki, əgər peyğəmbərlər günah etmiş olsalar o zaman insanların onlara olan güvəni aradan gedər. Bu isə onların göndəriliş hədəflərilə ziddiyyət təşkil edir.

İRAD: Bu dəlil fikrimcə tutarlı dəlil hesab oluna bilməz. Ona görə ki, peyğəmbərin günah edə biləcəyi fərzini qəbul etsək belə bu hal heç də onu adi insanların səviyyəsinə endirmək kimi anlaşılmamalıdır. Biz, elə təsəvvür edirik ki, sanki peyğəmbərin günah edəcəyi fərzini qəbul etsək deməli o da adi insanlar kimi addım başı günah edəcək. Әgər belə olmuş olsaydı o zaman onlar heç vaxt peyğəmbərlik məqamına yüksələ bilməzdilər. Peyğəmbərlərin günah etdiklərini qəbul edənlər belə bu kimi halların nadir hallarda baş verdiyini söyləyirlər. Nadir hallarda, bilməyərəkdən insanın günah etməsi heç zaman ona olan etimadı aradan aparmaz. Çoz uzağa getməyək, götürək böyük alimlərimizi. Şübhəsiz Şeyx Müfid, Şeyx Səduq, Şəyx Tusi, Şeyx Әnsari, Seyyid Xoyi və s kimi təqva, iman, zöhd nişanəsi olan böyük alimlərimiz olub. Heç kim onların məsum olduqlarını iddia etmir. Buna baxmayaraq onlara olan etimadımız tamdır. Bu mənada ki, heç kim adlarını çəkdiklərim alimlərin məsum olmadıqlarını iddia edərək onların kitablarını bir kənara atmayıblar. Heç kimin ağlının ucundan keçməz ki, Şeyx Saduq hansısa hədisin uydurma olduğunu bildiyi halda kitabına almış olsun. Və ya hədis seçimində yanlış etdiyi üçün gərək onun kitabının etibarsız olduğunu söyləyək. Və ya Şeyx Әnsari hansısa məsələdə qəsdən yanlış fətva versin, və ya yanlış fətva verdiyini bilsək də onun kitablarını etibarsız hesab edək. Deməli bir insanın günah etməsi heç də ona qarşı olan etimadın aradan gedəcəyini göstərməz. Peyğəmbərlərdə də vəziyyət eynilə bu şəkildədir. Onların günah etdikləri fərzini qəbul etsək belə bu kimi hallar nadir hallarda baş verdiyi üçün heç bir zaman onlara olan güvəni aradan aparmaz. Üstəlik peyğəmbərlərin (fərzə əsasən) etdiyi yanlışlara insanlar tərəfindən deyil, birbaşa Allah tərəfindən müdaxilə olunduğu üçün insanların onlara olan etimadları hər zaman tam olaraq qalacaqdır.

Digər tərəfdən sözün təsir etməsi üçün məsumluq prinsipi şərt olmuş olsaydı o zaman “yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək” (əmr be məruf və nəhy əz münkər) vəzifəsi gərək ancaq məsumlara məxsus olmuş olsun və onlar, dünyadan köçdükdan sonra bu vəzifə də dolayısıyla qüvvədən düşmüş olsun. Halbuki Quranın əmri ilə bu vəzifə bütün möminlərin boyunlarına qoyulmuş ən önəmli vəzifələrdən biridir. Deməli ismət olmadan da sözün təsir etməsi mümkündür. Әks təqdirdə bu vəzifənin məsumlardan sonra qüvvədə qalması əbəs olardı.

b) Məsələyə dair bir başqa dəlil də budur ki, əgər peyğəmbərin günah və xəta etdiyini düşünsək o zaman ziddiyyətli bir halla üz-üzə qalacağıq. Həmin ziddiyyətli hal budur ki, Quran, istisnasız olaraq peyğəmbərə itaət etməyi əmr edir. Deməli hər bir halda peyğəmbərə itaət etmək vacibdir. Digər tərəfdən, əgər peyğəmbər günah və xəta edirsə, o zaman Quranın ayəsinə görə gərək həmin günah və xəta işdə də peyğəmbərə itaət edək. Bu isə Quranın əsas hədəfilə ziddiyyət təşkil edir (nəqzul-ğərəz). Deməli peyğəmbərlər heç zaman günah və xəta etmirlər.

İRAD: Qeyd olunan müddəada itaətə dəvət edən ayələr dəlil olaraq istifadə olunub. Lakin irad budur ki, qeyd olunan ayələrin istisnasız şəkildə itaətə dəvət etdiyini haradan çıxardınız? Әgər ayələrin istisnasız şəkildə itaətə dəvət etdiyini qəbul etsək o zaman gərək hamımız əmmamədə, ərəb köynəyində, əba-qəbada gəzək. Çünki peyğəmbərin geyim tərzi belə olub. Yox, əgər geyim tərzini şəxsi həyatdan hesab etsək və itaətə dəvət edən ayələrin bu sahəyə aid olmadığını söyləsək, o zaman əvvəlki irad yenə də həll olunmamış qalacaqdır. Belə ki, peyğəmbərin günah və ya xəta etdiyini söyləyən şəxs bu kimi halları peyğəmbərin şəxsi həyatıyla əlaqələndirsə və itaətə dəvət edən ayələrin məzmunundan fərqli sahəyə aid olduğunu söyləsə, qeyd olunan irad yenə də öz qüvvəsində qalacaqdır. Belə olan halda ayədən müddəanın lehinə istifadə etmək yetərsiz olacaqdır. Bundan əlavə peyğəmbərin günah və ya xəta etdiyini söyləyənlər onun daim ilahi nəzarətdə olduğunu söyləyirlər. Belə ki, peyğəmbər əgər dinin təbliğində xətaya yol verərsə mütləq tanrı tərəfindən tənbeh edilərək bu xətanın qarşısı alınacaqdır. Dolayısıyla dinin təbliğində heç bir xətaya yol verilmədiyi üçün qeyd olunan iddianın yetərsiz olduğu da aydın olmuş olur. Xülasə, peyğəmbərlərin mütləq şəkildə məsum olduqlarını isbatlamaq üçün istifadə olunan iki dəlil müddəanı isbatlamaq üçün yetərli deyildir.

Məsələnin çözüm yolu.

Məsələnin çözümü üçün ilk öncə “günah” məfhumu üzərində durulmalı və bu məfhuma obyektiv açıqlama gətirilməlidir. Günah nədir və hans əmələ günah deyilir məzmunlu suallar dəqiq şəkildə cavablandırılmalıdır. Bildiyiniz kimi günah anlayışı tanrının qoyduğu qanunların pozulması nəticəsində meydana gəlir. Belə ki, ortada tanrının qoyduğu qanunlar var, bir də həmin qanunları pozan şəxslər var. Qanunun pozulması nəticəsində günah anlayışı formalaşır. Deməli “günah” ilahi qanunları pozmaq deməkdir.

Günahı iki formada təsəvvür etmək mümkündür:

1) İlahi qanunların pozulması mütləq şəkildə günah hesab olunur.

2) İlahi qanunların pozulması yalnızca bilərəkdən edildiyi təqdirdə günah hesab olunur.

Günah barədə qeyd olunan iki təsvir arasında olan əsas fərq “qəsd” faktorudur. Birinci təsvirə əsasən fərdin hansısa ilahi qanunu pozması istər qəsdən olsun, istər bilməyərkdən olsun, fərq etmir, hər iki halda da günah etmiş sayılır. Lakin ikinci təsvirə əsasən fərdin günah etməsi üçün gördüyü işi bilərəkdən etməsi şərtdir. Belə ki, işin özlüyündə qadağan olması kifayət deyil, həmin işi qəsdən və bilərəkdən etmək fərdin günahkar hesab olunması üçün zəruri amildir

Hər iki təsvirin özlüyündə qəbul edildiyi təqdirdə doğurduğu zəruri-məntiqi nəticələri vardır. Burada artıq təsvirlə nəticə arasında fasilə salmaq rasional baxımdan imkansızdır. Belə ki, fasilə salındığı təqdirdə təsvir də artıq öz anlamını itirmiş olacaqdır. Birinci təsvirə əsasən günah üçün əsas olan meyar qanun pozuntusudur. Burada fərdin məsələdən xəbərdar olub-olmaması önəm daşımır. Bu təsviri məqbul saysaq o zaman bu təsvirdən doğan nəticələri də qəbul etməliyik. Məsələn eyni mövzuda halal və haram olmaqla iki fərqli fətva verən və həmin fətvalara uyğun şəkildə əməl edənlərdən bir dəstəni mütləq şəkildə günahkar saymalıyıq. Götürək əhli-kitabdan olan qadınlarla daimi olaraq evlənməyin hökmünü. Məlum məsələdir ki, bir dəstə şiə aliminə görə əhli-kitabla daimi olaraq evlənmək haramdır. Digər bir dəstəyə görə isə halaldır. Fərz edək ki, tanrının yanında olan həqiqi hökm əhli-kitabla evlənmənin haram olmasıdır. Belə olan təqdirdə bu evlənməni icazəli bilərək bu işi icra edənlər mütləq şəkildə günahkar sayılmış olmalıdırlar. Məsələnin həqiqi hökmündən xəbərsiz olmaları və fətvaya tabe olaraq bu işi görmələri də heç bir şəkildə üzr hesab olunmayacaq. Çünki birinci təsvirə əsasən görülən işin özlüyündə haram olmasını günah etmək üçün yetərli şart olduğunu qeyd etmişdik.

Lakin ikinci təsviri qəbul etdiyimiz təqdirdə artıq günah anlayışı üçün görülən işin qəsdən və bilərəkdən edilməsi şərtdir. Belə olan təqdirdə, şübhəsiz hansısa işi bilmədən və fətvaya əsasən icra edənlər günahkar hesab olunmayacaqlar. Çünki gördükləri işin haram olduğunu bilmirdilər və bilərəkdən ilahi hökmə qarşı müxalifətçilik etməyiblər.

“Günah” məfhumu haqqında qeyd olunan iki təsvirdən hansı birini seçməyimiz peyğəmbərlərin məsumluğu mövzusuna birbaşa təsir edəcəkdir. Birinci təsviri məqbul saysaq, o zaman istənilən qanun pozuntusu peyğəmbərin günahkar olduğunu göstərəcəkdir. Lakin ikinci təsvirə əsasən, peyğəmbəri günahkar hesab etmək üçün gördüyü işi bilərəkdən etməsi şərtdir. İki təsvir arasında seçim etmək isə artıq hər kəsin özünə, düşüncəsinə və istifadə etdiyi dəlillərdən necə bir qənaət əldə etməsinə qalıb.

Mənim subyektiv fikrimə görə ikinci təsvir daha məntiqlidir. Bir şəxsin günahkar hesab olunması üçün gördüyü işin tanrı dərgahında haram olması yetərli deyil. Әksinə, gördüyü işin fərqində olması, haram olduğunu bildiyi halda tanrının qoyduğu qanunu pozması günah etməsi üçün əsas şərtdir. Bilməyərəkdən pozulan qanunlar isə həmin şəxsin günahkar hesab olunması üçün yetərli deyildir.

İkinci təsviri əsas alaraq məsələyə yanaşsaq, o zaman Hz Adəm istisna olmaqla bütün peyğəmbərlərin mütləq şəkildə günahsız olmaları sabit olacaqdır. Çünki heç bir peyğəmbər bilərəkdən ilahi hökmlərə qarşı müxalifətçilik etməmişdir. İslam peyğəmbərinin məsumluğu isə Quranın söylədiyi “Həqiqətən sən böyük əxlaq üzərindəsən” (Qələm, 4) ayəsinə əsasən gün kimi aydındır. Çünki bilərəkdən tanrının hökmlərinə qarşı gələn biri heç zaman böyük əxlaq üzərində ola bilməz. Quranda peyğəmbərin zahirdə yanlış etdiyini göstərən bəzi ayələr isə ikinci təsvirin işiğında sadəcə xəta olaraq başa düşülməlidir. Bu xətalar bilməyərəkdən baş verdiyi üçün əsla peyğəmbərin günah etdiyi nəticəsini doğrumaz. Deməli hər bir halda peyğəmbərin məsumluğu ikinci təsvirə əsasən sabit olur. Xətalara gəldikdə isə, günah barədə qeyd olunan iki təsvir xətalara şamil olmadığı üçün xəta mövzusu gərək müstəqil şəkildə araşdırılsın. Nəticədə xətalar ismət anlayışına zidd olmadığı üçün hətta peyğəmbərin nadir hallarda xəta etdiyini qəbul etsək belə yenə də peyğəmbərin məsumluğu anlayışına heç bir halda xələl yetirmir. Bunun da səbəbləri aydındır. Çünki xəta, günah deyil və ismət məsələsi günahla əlaqəli bir anlayışdır. Yox, əgər kimsə məsumluğun əhatə dairəsinin xətanı əhatə edəcək qədər geniş olduğunu iddia etsə və xəta edildiyi təqdirdə belə həmin şəxsin məsum olmadığını söyləsə, ikinci təsvirdə qeyd etdiyimiz “qəsd” faktoruna əsasən iradın cavabı da bəlli olmuş olacaqdır. Peyğəmbər, bilərəkdən xəta etmədiyi üçün yanlışlıq üzündən edilən xətalar heç zaman ismət anlayışına xələl gətirməyəcəkdir…

Peyğəmbərlər arasından Hz Adəmi istisna etməyimin səbəbi isə qadağan olunmuş ağacdan (meyvədən) yeməsi, öncədən həmin qadağadan xəbərdar olması, dolayısıyla gördüyü işin qadağan olunduğunu bilə-bilə etməsinə görədir. Mövzuya dair təfsir kitablarında fərqli yozumlar vardır. Lakin qeyd olunan yozumlar önfərzlərə dayanır. Bu mənada ki, müfəssir, ilk öncə Hz Adəmin məsum olduğuna inanır və bu zehniyyətlə ayəni izah etməyə çalışır. Belə olan halda isə həmin önfərz onu Hz Adəmi bir yolla məsum çıxartmağa vadar edir. Zənnimcə, həmin önfərzi bir kənara qoyub ayəyə obyektiv baxsaq, Hz Adəmin mütləq şəkildə məsum olduğunu həmin ayədən çıxarmaq bir qədər çətindir. Әn azından əks ehtimallar olduğu üçün mövzuya dair qəti fikir bildirmək olduqca zordur.

Nəticə:

Peyğəmbərlərin məsum olduqlarını isbatlamaq üçün istifadə olunan rasional (əqli) dəlillərin müddəanı isbatlamaq üçün yetərsiz olduqlarını qeyd etdim. Çözüm olaraq isə ilk növbədə “günah” məfhumuna lazımı açıqlama verilməsinin gərəkli olduğunu izah etdim. Günah barədə iki fərqli açıqlama verilə bilər. İkinci açıqlamaya əsasən bir insanın günahkar hesab olunması üçün ilahi qanunları qəsdən və bilərəkdən pozması şərtdir. Deməli günahkarlıq üçün “qəsd” faktoru zəruridir. Bütün peyğəmbərlər (Hz Adəm istisna), xüsusən də islam peyğəmbəri bu tərifə əsasən ömürlərində heç zaman günah etməyiblər. Çünki peyğəmbərlik kimi ülvi bir məqama layiq görülmək üçün mənəvi saflıq şərtdir. Bir insan qəsdən tanrının hökümlərinə qarşı gələrsə o, heç zaman belə bir məqama yüksələ bilməz.

Qeyd olunan açıqlama peyğəmbərlərin mütləq şəkildə məsum olduqlarını isbatlayır. Amma xətasızlığı isbatlamaq üçün yetərsiz qalır. Çünki bir insan bilməyərəkdən ilahi qanunu pozarsa, günahkar hesab olunmasa belə xətakar hesab olunacağı aydın məsələdir. Deməli xətasızlığı isbatlamaq üçün əlavə dəlillərə ehtiyac vardır. Xəta məsələsi isə hər bir halda məsumluq prinsipinə xələl gətirmədiyi üçün hətta onların bəzi hallarda xəta etdiklərini qəbul etsək belə nəticədə peyğəmbərlərin məsumluğu məsələsinə mənfi olaraq heç bir təsir qoymayacaqdır. Bundan əlavə, peyğəmbərlərin daim ilahi nəzarətdə olduqlarını nəzərə alsaq, o zaman dinə və müsəlman toplumuna zərər verə biləcək istənilən xətanın dərhal tanrı tərəfindən müdaxilə olunaraq qarşısının alınacağı məlum məsələdir. Deməli hər bir halda peyğəmbərlərin məsum olduqları yuxarıda verdiyim açıqlamayla öz isbatını tapmış olur…

Şeyx Təbriz Nəcəfi

Метки: MƏSUMLUQ

Bu bölmədə