Aşura günü oruc tutmağın hökmü

Aşura günü oruc tutmağın hökmü barəsində məzhəblər arasında fərqli fikirlər mövcuddur. Әhli-sünnə məzhəbləri arasında olan yayğın görüşə əsasən Aşura günü oruc tutmaq müstəhəbdir. Çünki bu günün mislində Allah təala Bəni İsrail qövmünə Fironun zülmündən qurtuluş nəsib etdiyi üçün bayram və şadlıq əlaməti olaraq islam peyğəmbəri bu gün oruc tutmağı tapşırmışdır.

Lakin şiə alimlərinə görə bu günü bayram olaraq qeyd etmək haram işdir. Çünki bu günün mislində peyğəmbərimizin əziz nəvəsi, cənnət cavanlarının ağası İmam Hüseyn (ə), amansızcasına qətlə yetirilmişdir. Belə bir günün mislində kədərlənmək, hüzünlənmək və matəm saxlamaq lazımdır. Bu günü şadlıq olaraq qeyd edənlər yalnızca imamın qatilləridir. Onlar, İmam Hüseyni qətlə yetirdikləri üçün bu günü şadlıq və bayram olaraq qeyd edirdilər.

Bu yazımda şiə fəqihləri arasında Aşura günü oruc tutmağın hökmü barəsində bəzi rəy və görüşləri qeyd edəcəyəm. İlk öncə onu qeyd edim ki, Aşura orucuna dair şiə hədis kitablarında iki fərqli məzmunda hədislər nəql olunub. Şeyx Tusi özünün “Təhzibul-əhkam” adlı hədis kitabında, 4-cü cilddə, 299-302 ci səhifələrdə bu hədisləri toplayıb. Şeyx Tusinin də qeyd etdiyi kimi Aşura orucu barəsində təşviqedici və çəkindirici hədislər nəql olunub. Şeyx Tusi bu barədə 8 hədis nəql edir. Onlardan dördü təşviqedici, digər dördü isə çəkindirici hədislərdir. Mən, burada hər bir dəstədən sadəcə olaraq bir hədis nümunə olaraq qeyd edəcəyəm:

‎1) علي بن الحسن بن فضال عن هارون بن مسلم عن مسعدة بن صدقة عن أبي عبد الله عن أبيه عليهما السلام ان عليا عليه السلام قال: صوموا العاشورا التاسع والعاشر فإنه يكفر ذنوب سنة

“Әli ibn Həsən ibn Fəzzal Harun ibn Müslimdən, o da Məsədə ibn Sədəqədən, o da Әbi-Әbdillahdan, o da atasından (İmam Baqirdən) Әli əleyhissalamın belə dediyini nəql edir: 9 və 10-cu günü Aşura orucunu tutun. Həqiqətən bu oruc bir ilin günahlarının kəffarəsidir..”

Gördüyünüz bu hədis təşviq edici hədislərə aiddir. Çəkindirici hədislərə nümunə olaraq isə aşağıdakı hədisi qeyd etmək olar:

‎وعنه عن الحسن بن علي الهاشمي عن محمد بن عيسى قال: حدثني محمد بن أبي عمير عن زيد النرسي قال: حدثنا عبيد بن زرارة قال: سمعت زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد قال قلت: وما حظهم من ذلك اليوم؟ فقال: النار

“Ubeyd ibn Zürarə deyir: Zürarənin Әba Әbdillahdan Aşura orucu barəsində sual etdiyini eşitdim. İmam Sadiq (ə) dedi: Kim, həmin günü oruc tutsa həmin günü tutduğu orucdan payı Mərcanənin oğlu və Ziyad ailəsinin payı olacaq. (Zürarə deyir) mən dedim: Onların həmin gündən payları nədir? İmam Sadiq (ə) dedi: Cəhənnəm odu! “.

Gördüyünüz kimi ortada iki fərqli məzmunda hədislər var. Şeyx Tusi bu hədisləri nəql etdikdən sonra yazır ki, bu hədislər arasında uzlaşma yaratmaq üçün təşviq edici hədislərin Aşura günü əhli-beytin başına gələn müsibətlər və bəlalardan dolayı hüzün və kədər əlaməti olaraq oruc tutmağa işarə etdiyini, bunun müqabilində çəkindirici hədislərin bu günün mislində şadlıq əlaməti olaraq oruc tutmağın qadağan olduğuna işarə etdiyini söyləmək olar. (“Təhzibul-əhkam”, cild 2, səh 302).

Fiqh kitablarına nəzər saldıqda Aşura günü şadlıq və bayram əlaməti olaraq oruc tutmağın haram olduğuna dair görüşün bütün fəqihlər tərəfindən yekdilliklə qəbul edilmiş bir rəy olduğunu görürük. Bunun yanında fəqihlərimiz, hüzün və kədər əlaməti olaraq bu gün oruc tutmağın icazəli olduğunu yazırlar. Nümunə olaraq İbn Zöhrə Hələbi (Ğünyatun-nuzu, səh 148), Mühəqqiq Hilli (Müxtəsər ən-nafi, səh 71, və Şəraiul-islam, cild 1, səh 154), Şeyx Səbzəvari (Camiul-xilaf, səh 173), Әllamə Hilli, (Təzkirətul-füqəha, cild 6, səh 192), İbn Fəhd Hilli (Muhəzzəbul-bari, cild 2, səh 78), Şeyx Məhəmmədhəsən Nəcəfi (Cəvahirul-kəlam, cild 17, səh 105), Seyyid Әhməd Xansari (Camiul-mədarik, cild 2, səh 223) və digərlərinin adlarını misal çəkmək olar. Bəzi fəqihlərə görə isə Aşura günü oruc tutmaq məkruhdur, yəni tutulan orucun savabı az olacaq. Bu dəstəyə nümunə olaraq Seyyid Yezdinin (Urvətul-vüsqa, oruc bölümü) və Seyyid Xoyinin (Kitabus-sovm, cild 2, səh 302) adlarını çəkmək olar. Mühəddis Bəhrani və Әhməd ibn Məhəmməd Mehdi Nəraqi kimi üçüncü dəstə alimlər isə bu gün mütləq şəkildə oruc tutmağın haram olduğunu yazıblar. Nəraqiyə görə fəqihlərimizin hədislər arasında uzlaşma yaratmaq məqsədiylə Aşura günü hüzün əlaməti olaraq oruc tutmağa icazə vermələri doğru yanaşma deyildir. Çünki kədər və hüzün əlaməti olaraq oruc tutmazlar. Digər tərəfdən Aşura günü oruc tutmağa icazə verən hədislər müxaliflərin bu məzmunda nəql etdikləri hədislərlə uyğun gəldiyi üçün tərk olunmalıdır (Müstənəduş-şiə, cild 10, səh 492-493).

Müasir fəqihlərimizdən Ayətullah Sadiq Ruhaniyə görə hədis kitablarında mövcud olan hədislər onu göstərir ki, bu gün hüzün əlaməti olaraq oruc tutmaq müstəhəbdir. Amma bir şərtlə ki, günortadan sonra oruc pozulsun və tamamlanmasın. Әgər Aşura orucu bu şəkildə tutulsa müstəhəbdir. Amma bu günün orucunu kamil şəkildə tutmaq məkruhdur. Ayətullah Ruhani bu məsələdə Şəhid Saninin görüşünü daha məqbul hesab edir. Bu hökümdə istinad edilən əsas mənbə aşağıdakı hədisdir:

“…bu günün orucunu kamil şəkildə tutma, əsrdən bir saat sonra bir qurtum su içməklə orucunu poz..”

Ayətullah Ruhaniyə görə Şeyx Tusinin hədisləri cəm etmə tərzi məqbul deyil. Eynilə Әhməd ibn Məhəmməd Mehdi Nəraqinin etdiyi irad kimi o da hüzün və kədər əlaməti olaraq oruc tutulmayacağını deyir. Bununla yanaşı Aşura günü oruc tutmağı mütləq şəkildə haram olduğunu yazan Mühəddis Bəhraninin də rəyini məqbul hesab etmir. Çünki bu rəy Aşura günü oruc tutmağı insanların ixtiyarına buraxan Zöhrinin nəql etdiyi hədisə ziddir. Ayətullah Ruhaniyə görə hədislər arasında edilən ən məntiqli uzlaşma forması Şəhid Saninin rəyidir. Yəni, Aşura günü şam azanına kimi tamamlanmamaq şərtilə oruc tutmaq müstəhəbdir. Amma tam formada tutulsa artıq məkruhdur. ((Fiqhus-Sadiq, cild 8, səh 301-302)

Şəhid Saninin Aşura orucu barəsində olan digər fərqli bir rəyi budur ki, bu gün tutulan oruc həqiqətdə şəri oruc deyildir. Bu günün orucu, heç bir niyyət etmədən, sadəcə olaraq ac və susuz qalmaq niyyətilə edilən imsakdır (uzaq durmaq). Lakin Şeyx Məhəmmədhəsən Nəcəfi “Cəvahirul-kəlam” kitabında bu görüşün olduqca zəif bir görüş olduğunu söyləyir.

Xülasə:

Verilən nümunələrdən aydın olduğu kimi Aşura orucu barəsində rəylər müxtəlifdir. Şadlıq və bayram əlaməti olaraq oruc tutmağa gəldikdə, şiə fəqihləri belə bir niyyətlə oruc tutmağın haram olduğunu yekdilliklə (icma şəklində) qəbul ediblər və bu niyyətlə oruc tutanın payı hədislərdə qeyd olunduğu kimi Mərcanənin oğlu və Ziyad ailəsinin payı olan cəhənnəm odudur!. Amma əhli-beytin başına gələn bəla və müsibətlərə görə Aşura günü hüzün və kədər əlaməti olaraq oruc tutmağa gəldikdə əksər fəqihlərimiz (xüsusən keçmiş fəqihlərimiz) bu gün hüzün niyyətilə oruc tutmağın müstəhəb olduğunu söyləyiblər. Seyyid Yezdi və Seyyid Xoyi kimi fəqihlərə görə bu gün oruc tutmaq məkruhdur. Mühəddis Bəhrani və Şeyx Nəraqiyə görə isə bu gün oruc tutmaq mütləq şəkildə haramdır. Şəhid Sani və Ayətullah Ruhaninin görüşünə əsasən əgər Aşura günü tam olmamaq şərtilə oruc tutulsa bu oruc müstəhəbdir. Amma əgər tutlan oruc şam azanına dək tamamlansa o zaman bu oruc məkruhdur, yəni savabı az olcaq…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

 

Bu bölmədə