Sadiq Şirazi vəhdətə çağırır, yoxsa təfriqəyə?

Məzhəblərarası fitnənin başında dayanan Seyyid Sadiq Şirazi, 2007-ci ildə çap olunan "İslam və siyasət" adlı kitabında yazdıqlarından fərqli olaraq, nədənsə bu gün "parçalamaq" siyasəti yürüdür. 

Bugün, peyk kanallarının vasitəsilə ümməti parçalamağa çalışan Şirazi, 10 il öncəyə qədər Peyğəmbərin (s) müxtəlif əqidələrin sahibləri ilə necə əxlaqla davranaraq onları islama dəvət etdiyini misal çəkirdi.

Vaxtınızı almadan keçid alaq əsas mətləbə. Seyyid Sadiq Şirazi, "islam və siyasət" kitabının "Allah rəsulunun hikmətli siyasəti" adlı bölməsində, özünün və ardıcıllarının bu günkü siyasəti ilə tam ziddiyyət təşkil edən fikir sərgiləyir. Əsas məsələyə keçməzdən öncə, həmin bölmənin əvvəllərində qeyd etdiyi bir neçə məqamı diqqətinizə çatdırmaq yerinə düşərdi.
Kitabın 45-ci səhifəsində, Peyğəmbəri (s) dünyanın ən böyük siyasətçisi adlandıran Sadiq Şirazi bildirir ki, O həzrət (s) qeyri müsəlmanlara qarşı dərin və ağıllı siyasəti nəticəsində ən qısa zamanda çox sayda insanı islama gətirə bildi. 

Sadiq Şirazi buna misal olaraq məlum kitabın 60-ci səhifəsində isə, Peyğəmbərin (s) yanına gələn xristian, yəhudi, müşrik və hətta münafiqlərə qarşı ehtiramla davranışından yazır. Şirazi bildirir ki, Peyğəmbərin (s) bu davranışı, onların öz batil əqidələrindən və hətta bütpərəstlikdən İslama tərəf yönəlmələrinə səbəb oldu. 

Əsas məsələ: Sadiq Şirazi, kitabın 71-72-ci səhifələrində isə Peyğəmbərin (s) bu rəftarlarının bütün müsəlmanlara örnək olmasının zəruriliyinə toxunaraq yazır:
"Həmçinin küfrü təmsil edən düşmənlərin İslam və müsəlmanları udmaq, əzmək və məhv etmək üçün ağızlarını hər tərəfdən açdığı bu zamanda, müsəlmanlar da bu cür addım atmalıdırlar. Siyasətləri vəhdət yaradan, təfriqədən uzaq, (qarşı tərəfə) güzəştli və (onların səhvlərinə) göz yumma və xeyir gətirən siyasət olmalıdır. Bununla da, müsəlmanlar yenidən güclü və məğlubedilməz qüdrətə çevrilsinlər" 

İndi isə, nəinki əks məzhəbin hətta sadə fikir ayrılığına görə böyük şiə alimlərini lənətləyən və təhqir edən, Şirazilər və ardıcıllarına bir neçə sualımız var:

1. Qeyri müsəlmanları və hətta zahirdə müsəlman olan münafiqlərlə xoş rəftar edən Peyğəmbəri (s) 10 il öncə nümunə göstərən Seyyid Sadiq Şirazi, nə üçün bu gün sünnilərə qarşı əks mövqedə dayanıb? Niyə sünnülərə qarşı Peyğəmbərin dahiyanə siyasətini yürütməyərək, Müaviyyənin lənət siyasətini dəstəkləyir?

2. Nə üçün Sadiq Şiraziyə tabe olan peyk kanalları Fələstinlilərə iyrənc böhtan ataraq onları nasibi adlandırır, sünnilərin özlərini və ehtiram etdikləri səhabələri açıq-aşkar lənətləyir və təhqir edir? Bu azmış kimi, hətta öz alimlərimizi də bu kanallardan lənətləyib təhqir edirlər.

3. Peyğəmbərin (s) hətta münafiqlərə belə ehtiram ehtiyini deyən Şirazi, niyə “Salam tv” vasitəsilə Məhəmməd Allahyari kimi əxlaqsızlara Şəhid Mütəhhəri kimi dahi alimləri söydürür?

4. Etiraf edir ki, islam düşmənləri hər tərəfdən müsəlmanları məhv etməyə çalışır. Müsəlmanın düşməni başda Amerika olmaqla, Avropa ölkələri və sionist İsraildir. Hanı sizin bu düşmənlərə qarşı mübarizəniz?

5. 10 il öncə Müsəlmanları Peyğəmbər (s) kimi vəhdət siyasəti ilə güc toplamağa çağıran Şirazi, niyə "bəraət" (sünnilərdən uzaqlıq) bayrağını qaldırıb?

6. Dünən müsəlmanları düşmənə qarşı birləşərək qüdrətlənməyə çağıran Sadiq Şirazi, bu gün islam düşmənlərinə qarşı mübarizə aparan müqavimət cəbhələri və onları hərtərəfli şəkildə himayə edən İranla düşmənçilik edir. Görəsən bu hansı xislətdir?

7. 10 il öncə müşriklərlə, münafiqlərlə və hətta Peyğmbərimizin dinini yalan sayan qeyri müsəlmanlarla vəhdətə çağıran Şirazi, niyə bu gün sünnüləri təkfir və təhqir etdirir?

8.Görəsən İslamın hansı qanunudur ki, qeyri müsəlmanla, müşriklə vəhdətə dəvət edir, amma müsəlmanların öz arasında bu əmələ qadağa qoyur. Bundan daha acınacaqlısı budur ki, bunlar öz şiə alimlərimizi də təhqir edir və onların fikirlərini qəbul edənləri lənətləyirlər. Budur Peyğəmbərdən aldıqları əxlaq dərsi?

Allah Təala quranda buyurur: "De: 'Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək... " (Ali- İmran surəsi)

Görəsən müsəlmanları, onların nə dinini və nə peyğəmbərini (s) qəbul etməyən qeyri müsəlmanlarla müştərək inanc ətrafında birləşməyə dəvət edən Allah, fikir ayrılığına görə digər məzhəbin nümayəndələrini düşmənmi olmağı tövsiyə edir? Axı Şirazi özü iddia edir ki, hətta Peyğəmbər (s) yalandan İslamı qəbul edən münafiqlərlə belə xoş rəftar edirdi.
Nə üçün peyğəmbər qüdrət toplamaq və islamın mənafeyi üçün müşrik və münafiqlə sıx əlaqə saxlaya bilər, amma İran sünnüləri sionizmlə mübarizəyə cəlb edə bilməz? Görəsən təkfirçi beyinə sahib olan Şiraziçilərin, Əhli-beyt (ə)-ın hərəmlərinin müdafiəsində şəhid olan sünnülərdən nəyi artıqdır?

9. Əgər Şirazilərin və tərəfdarlarının dərdi qərəz yox İslamdırsa, nə üçün İslam düşmənlərinin önündə İranın regiondakı qüdrəti bunları narahat edir və niyə İran əleyhinə apardıqları antitəbliğatın 1%-ini İslam düşmənləri əleyhinə aparmırlar?

10. Müsəlmanları "təfriqədən uzaq siyasət"-ə dəvət edən Şiraziyə sualımız budur: Görəsən iki məzhəb arasında qarşıdurmaya zəmin yaratmaqdan və düşmənin hücumları önundə birləşən məzhəbləri parçalama cəhdindən də böyük təfriqə varmı? Əgər düşmənin "parçala və hökm sür" siyasətinə təkan vermək təfriqə hesab olunmursa, bəs təfriqə nədir?

11. "İslam və siyasət" kitabında qeyd olunan iddialara qurandan və hədislərdən dəlillər gətirilib. Görəsən hansı arqumentə əsasən, əməllərində 180 dərəcə əksinə olan taktika nümayiş etdirirlər?

12. Təhqirlərinizlə, lənətlərinizlə sünnülərə həqiqəti göstərməyə çalışırsınız? Yoxsa Peyğəmbər (s) qeyri müsəlman və ya zahirdə müsəlman olan münafiqləri təhqir edərək və ya inanclarını lənətləyərək haqqı çatdırırdı? Axı Sadiq Şirazinin özü etiraf edir ki, Peyğəmbər onlarla olduqca mehriban davranardı.
Budur sizin Peyğəmbərdən (s) aldığınız "ağıllı siyasət" örnəyi?

İş o yerə çatıb ki, şiəliklə mübarizə aparan Cefri Halverson kimi islam düşmənləri, Şiraziləri öz məqsədlərinə çatmaq üçün ən münasib seçim hesab edərək, onların əli ilə İranı "Yezid rejimi" kimi tanıtdırmağa çalşırlar. (http://ar-rad.org/article/islam-vhdti-v-ingilis-siliyi/cefri-halverson-iran-islam-respublikasina-qarsi-krbla-mslsindn-istifad-edk-si)

Əgər Şadiq Şirazinin özü peyğəmbərdən örnək alsaydı, İrandan qaçıb Amerikanın dəstəyi ilə tv kanal açan din düşmənləri Şiraziyə "seyyidimiz" deyərək müraciət etməzdi. (http://youtu.be/jupn4rVWj2s)

Sadiq Şirazinin oğlu Məhəmmədhüseyn Şirazi, İranda "Amerikaya və İsrailə ölüm olsun" şüarına qarşı çıxır və vilayəti-fəqih sistemini Fironun ən bariz nümunəsi adlandırdı. MəhəmmədHüseyn Şirazi "Amerikaya və İsrailə ölüm" şüarından narahat olduğunu bildirdi.

Şirazi isə, artıq İranlı cavanlara müraciət edərək deyir ki, ataları (inqilab etdiklərinə görə) səhv etdilər və siz bu səhvi təkrarlamayın.
Təbii ki, əgər Sadiq Şirazinin atdığı addımlar qurana istinad edərək yazdıqları ilə uyğun gəlsəydi, İslam düşmənlərinin oyuncağına çevrilməzdi.
Hər şey bir kənara, Sadiq Şirazi qardaşı ilə birgə öz ailələri ilə Səddamın zülmündən açaraq vilayəti-fəqihin qüdrətinə sığınıblar. Daha özünüz nəticə çıxarın...

Özünü Şirazinin ardıcılları sananlara tövsiyəmiz budur ki, bu şəxsin kitablarını mütaliə edin. Siz siyasətə şeytan əməli dediyiniz halda, ağanız «İslam və siyasət» adlı kitab yazaraq, Peyğəmbəri (s) bəşəriyyətin ən dahi siyasətçisi adlandırır.

 

Bu bölmədə