Əhli-sünnətlə xoş rəftar və onların müqəddəs bildiklərinə lənət və hörmətsizlik barədə

Əvvəla onu qeyd edim ki, bəşəriyyətin əqli inkişafının və tərəqqisinin nəhayi zamanında hələ də kimlərəsə əhli-sünnətlə xoş rəftarın vacibliyini və onların müqəddəs bildiyi kəslərə qarşı təhqir və lənətin yolverilməzliyini anladırıqsa, bu şiə cəmiyyətinin nə qədər geridə olmasının göstəricisidir. Ən acınacaqlısı isə qarşı tərəf gətirilən əqli və nəqli dəlilləri inkar edərək bu işi görməyə davam edir və onlara irad tutanlara həqiqi Əhli-beyt(ə) tərəfdarı olmadığını bildirirlər.

Qeyd etdiyim kimi əgər kimlərsə, hələ də əhli-sünnətə qarşı bu cür rəftarın doğru olmadığını anlamayıbsa, bu onun göstəricisidir ki, şiə cameəsində əməli yox, elə fikri və ideoloji hələ çox görüləsi işlər var. Əgər biz hələ də əhli-sünnətlə xoş rəftarın səbəblərini kimlərəsə açıqlayırıqsa, bu çox acınacaqlı haldır. Yəni sağlam düşüncə bu sözləri dərhal həzm etməlidir. Bu sözlərin qarşısında tarixə baş vurmaq, şiə kitablarında olan hədisləri və keçmiş alimlərin sözlərini cavab kimi gətirmək isə adamı daha çox məyus edir.

Çünki əhli-sünnətlə xoş rəftara səsləyənlər onlara qarşı cavab olaraq gətirilən "dəlillər"dən bixəbər adamlar deyillər. Sadəcə olaraq onlar bu gün dünyada müsəlman olmayanların ittihadını görürlər və başa düşürlər ki, onların əldə etdikləri uğur və nailiyyətlərinin qayəsində məhz ittihadları dayanır. Yəni İslam cameəsi də nəyəsə nail olmaq istəyirsə, məhz vahid ümmət olmaqla nəyəsə nail ola bilər. Cəmiyyətdə birlik olmadıqca, tərəqqi və inkişaf əlçatmaz məfhum olaraq qalacaq.

İnsanı məyus edən budur ki, hələ də əhli-sünnətlə xoş keçinməyi, onların hörmət etdiyi şəxslərə qarşı hörmətsizlik etməməyi dedikdə bunun bir təqiyyə olduğunu deməyimizdir. Yəni biz hələ də anlamamışıq ki, bu təqiyyə deyil. Təqiyyənin şərtləri və növləri var. Düzdür, keçmiş alimlər əhli-sünnətlə xoş rəftarı təqiyyə babında bəhs ediblər. Amma şəxsi qənaətimə görə bu hal təqiyyəyə bağlı deyil, daxildən gəlməlidir. Çünki təqiyyəyə bağlı olan rəftarın həm ömrü az olacaq, həm də lazımi effekti verməyəcək. Yəni əhli-sünnətlə xoş keçinmək qəlbdən gəlməlidir. Əlbəttə bu şəxsi fikrimdir və bununla razılaşmaya və məni bu sözlərə görə qınaya, tənqid edə bilərsiz. Amma bu sözlərimin doğruluğuna Quran ayələrinin haqq olması kimi əminəm. Amma qayıdaq əhli-sünnətlə xoş rəftarın və onların müqəddəs bildikləri kəslərə hörmətsizlik etməyin qadağan edilməsinin təqiyyə babında bəhs olunmasına.

Bu məsələni, daha doğrusu zərurəti qəbul etməyib qarşısında söz deyənlərin bunu təqiyyə olaraq da qəbul etməməsi lap məyusedicidir. Çünki vəhdətin zəruriliyini bildirən şiə alimləri nə tarixi faktı danırlar, nə də hədislərdə deyilən sözləri. Vəhdətin zəruriliyini bildirən kəslər şiənin təməl əqidədən dönməsini də istəmilər. Onlar sadəcə bildirirlər ki, cəmiyyət içərisində bu işlərin görülməsi ziyandan başqa heç nə gətirmir. Beləki, əhli-sünnətin müqəddəsatına cəmiyyətdə lənət etmək şiə və əhli-sünnət arasında ədavəti qızışdırır, Əhli-beytə(ə) və şiənin din alimlərinə qarşı cavab olaraq nalayiq sözlər deyilməsinə səbəb olur, bir çox əhli-sünnət məzhəbinin davamçılarının şiə olmasının qarşısını alır və əlbəttə ki İslam düşmənlərinin bu ixtilafdan istifadə edərək şiə və əhli-sünnəti bir-birinə qırdırır. Bütün bu ziyanları görməzdən gələrək özünü Əhli-beytə(ə) daha çox bağlı iddiasında olmaq çox acınacaqlı haldır. Gətirdiyim əqli dəlillərdən başqa əlbəttə ki, nəqli dəlillər də var.

Əlbəttə ki, bu nəqli dəlillərin başında Qurani-Kərimin "onların bütlərini söyməyin ki, onlar da sizin Allahınızı söyməsin" ayəsi durur (Ənam surəsi, ayə 108). Bundan başqa hədis və tarix kitablarında Əbu Bəkrin İslam dinini qəbul etmiş gəncin atasını müşrik olduğuna görə lənət etməsi rəvayəti var. Əbu Bəkrin lənətindən sonra narahat olan gənc Əbu Bəkrə ağır cavab verir. Hz.Rəsuləllahın(s) hüzurunda bir anda baş verən hadisəyə peyğəmbər(s) dərhal reaksiya verərək bildirir ki, müşrikləri lənət etdikdə ad çəkmədən, ümumi lənət edin. Çünki övladları hirslənib sizə qarşı ağır cavab verə bilərlər (Kafi, Tehran çapı, c.8, səh. 69, Bəlazəri Ənsabul-Əşraf kitabı, Beyrut çapı, c.160 və 467 və c.6, səh.44). Bu nəticəyə gəlirik ki, əgər bu gün kiməsə lənət göndərmək istəyiriksə, bunu ad çəkmədən ümumi də edə bilərik. Və bununla heç kəsi narahat etməmiş olarıq. Məsələn Allah Əhli-beyt(ə) düşmənlərinə lənət eləsin. Yaxud Allah Xanım Fatimeyi-Zəhranın(s.ə) qatillərinə lənət eləsin. Əgər bir zaman cəmiyyətdə Allah birinciyə, ikinciyə, üçüncüyə lənət eləsin demək hələ başa düşülməmiş idisə, indi açıqda bunu demək də düzgün sayılmır.

Başqa hədislərdə imamlar(ə) bizdən nümunə olmağı və hərəkətlərimizlə insanlarda onlara qarşı nifrət yox, məhəbbət oyatmağa çağırıblar (Kafi c.2, səh.219). İmam Sadiqdən(ə) nəql edilən hədislərdə o, əhli-sünnətlə birlikdə keçinməyi vacib buyurur (Mən la yəhzurul-fəqih Qum çapı, c.1, səh.383). Hətta onların arxasında namaz qılmağa çağırış edir (Camiul-əhadis c.7, səh.299). Bununla yetməyən İmam Sadiq(ə) indi olduğu kimi cəmiyyət içərisində lənət göndərənləri qınayaraq bu əməlin sahibini belə lənətləyir. Beləki, rəvayətdə İmam Sadiqə(ə) onun tərəfdarlarından birinin imamın(ə) düşmənlərini məsciddə açıq-aşkar təhqir etdiyini bildirdikdə "ona nə olub? Allah ona lənət eləsin. O bu əməlilə bizə etiraz etmiş (qarşı çıxmış) olur" deyir (Camiul-əhadis c.20, səh.37).

Deməli, əhli-sünnətin hörmət elədiyi kəslərin açıqda lənətlənməsi və təhqir olunması ilk olaraq elə imamların(ə) özləri tərəfindən nəhy edilib. Başqa bir rəvayətdə İmam Sadiq(ə) səhabəsindən Hz.Əliyə(ə) qarşı nalayiq sözlər işlədənlə necə rəftar edəcəyi barədə soruşaraq imkanın olsa onun burnunu əzərsənmi deyə soruşur. Həmin şəxs canım sizə fəda olsun, əlbəttə cavabı verir. İmam(ə) isə cavabında buyurur ki, mən isə belə deyiləm. Bəzi vaxt məsciddə belə adam görürəm. Aramızda da 1 sütun maneə olur. Mən sütunun arxasında gizlənirəm və namazımı qılıb daha sonra ona yaxınlaşaraq onunla görüşüb hal-əhval tuturam (Camiul-əhadis c.20, səh.37).

Bura imamlarln(ə) həyatında onlara qarşı nalayiq ifadələr işlədən və kobudluq göstərənlərə qarşı davranışlarını da əlavə etsək, əhli-sünnətlə vəhdətin zəruriliyindən və onların müqəddəsatını təhqir etməyi qadağan edən alimlərin əqli dəlillərlə yanaşı nəqli dəlillərə də söykəndiklərini görmüş oluruq. Və əslində bu gün əhli-sünnətlə xoş keçinmək və cəmiyyət içərisində onların müqədəssatını təhqir etməmək elə imamların(ə) buyruğudur. İmamın(ə) buyruğu isə əlbəttə ki, Allahın əmridir və hər bir şiəyə bu əmrə tabe olmaq vacibdir.

Bu bölmədə