“Şərrusi Şəmmasi” hədisi.

Şəxsi çıxarlar üçün yalandan hədis uydurmaq hələ peyğəmbər həyatda olarkən istifadə olunan əsas vasitələrdən biri idi. Bunun necə böyük fəsadlar doğuracağını sezən islam peyğəmbəri ətrafındakılara bu barədə çox sərt şəkildə xəbərdarlıq etmiş və onun adından hədis uyduranların cəhənnəmdə öz yerlərini hazırlamalarını söyləmişdir.

Təəssüflər olsun ki, bəzi mənfəətpərəstlər bu xəbərdarlığa məhəl qoymayaraq onların xeyrinə ola biləcək işlər üçün peyğəmbərin və daha sonra da imamların adlarından saxta hədislər uydurmağa başladılar. Bu səbəbdən islam alimləri hədis adıyla kitablarda nəql olunan sözlərin mətn və sənəd baxımından ciddi araşdırmaya tabe tutulmasının zəruri olduğunu söyləyiblər. Sonralar səhih hədisi zəif və uydurma hədisdən ayırd etmək üçün müəyyən qaydalar tərtib ediblər.

Bu məqalədə araşdıracağımız hədis “”Şərrusi Şəmmasi” adlı hədisdir. Hədisin iki fərqli sənədlə İmam Әli və İmam Sadiqdən nəql olunduğu iddia olunur. Әlbəttə az sonra görəcəyiniz kimi hədis olduğu iddia olunan bu mətn sırf Seyyid Xomeynini və İran İslam inqilabını qaralamaq üçün uydurulan və avam kütləni aldatmaq üçün hədis adıyla camaata sırınan uydurmalardan ibarət söz yığınından savayı bir şey deyildir. Hədisdə İmam Mehdinin zühurundan qabaq baş verəcək hadisələrdən söhbət açılır. Hədisdə işarə olunan hadisələri aşağıda bəndlər şəklində sırayla qeyd edirəm:

1) İmam Mehdinin zühurundan qabaq dinsiz bir insan peyda olacaq və həmin şəxsin adı “Şərrusi Şəmmasi”dir.
2) Bu adam Xorasandan çıxacaq.
3) Pəhləvilərin dinini məhv edəcək.
4) İmamət və vilayət iddiasında olacaq.
5) Şah, onu Rum ölkəsinə (Türkiyəyə) sürgün edəcək və orada 11 il qalacaq.
6) Daha sonra qorxu halında və xilafəti ələ keçirmək ümidi ilə İraqa gedəcək.
7) İraqdan “İfrinc” ölkələrinə (Avropaya) qaçacaq.
8) İnsanların cumhuriyyət (respublika) qurmağa dəvət edəcək.
9) İraqın hökmdarıyla müharibə edəcək və həmin şəxsin adının ilk hərfi “S” dır.
10) Müharibə 7-9 il müddətində davam edəcək.
11) Ona tabe olanlar zəif ağıl sahibləri və zindadan doğulanlardır, üstəlik hamısı da əcəmdir (ərəb olmayanlar).
12) Xristianlar və yəhudilər müsəlmanlar arasında fitnə salmaq üçün ona dəstək verərlər.

Hədis olduğu iddia olunan bu mətndə qeyd olunan əsas mətləblər yuxarıdakılar idi. Hədisin mətnindən uydurma olduğu açıq-aşkar görünür. Buna baxmayaraq mətn barədə bəzi mülahizələri qeyd etmək istəyirəm:

a) Mətndə bu şəxsin Pəhləvilərin dinini məhv edəcəyi qeyd olunur. Məlum məsələdir ki, Seyyid Xomeyni Pəhləvilərin dinini deyil, onların səltənətini devirdi. Pəhləvilərin dini olan atəşpərəstlik isə şahlıq dövründə necə varıydısa indi də eyni şəkildə öz varlığınu sürdürür.

b) Mətndə bu şəxsin Xorasandan çıxacağı qeyd olunur. Halbuki Seyyid Xomeyni İranın mərkəzində yerləşən “Xomeyn” şəhərindəndir.

c) Hədis olduğu iddia olunan mətnin uydurma olduğunu bir növ hayqıran ən aşkar dəlillərdən biri də bu şəxsin insanları respublika qurmağa dəvət etməsidir. Məlum məsələdir ki, imamların dövründə respublika anlayışı hələ formalaşmamışdı. Bu məfhum 8-ci əsr ərəb mədəniyyətinə yad olan məfhumdur və tarixdə ilk dəfə renessansdan sonra Avropada yaranıb.

d) Mətndə bu şəxsin ardıcıllarının zəif ağıl sahibi və zinadan əmələ gələnlər olduğu, üstəlik bunların ərəb olmayan millətlərdən olduğu deyilir. Görünür mətni uyduran şəxsin həmin vaxt bu şəxsin gələcəkdə İraq, Livan, Suriya, Yəmən və s kimi ərəb ölkələrindən ardıcılllarının olacağı ağlına gəlməyib. Ardıcılları zinadan doğulmaqla ittiham etmək isə bu mətni uyduranın kin və nifrətinin necə pik nöqtəyə çatdığını göstərir.

e) Mətndə keçən digər bir maraq doğuran mətləb isə imamın hətta Səddamın baş hərfinə işarə etməsi, müharibənin neçə il davam edəcəyini söyləməsi, bir sözlə Seyyid Xomeyninin sürgün həyatını, İraqla etdiyi müharibəni dəqiqliyi ilə öncədən xəbər verməsidir.

Mətn barədə bu qədər mülahizənin yetərli olacağını düşünürəm. Gördüyünüz kimi mətndə keçən bir sıra boşluqlar hədis olduğu iddia olunan mətnin uydurma olduğunu açıq-aşkar göstərir. İndi isə gəlin mətnin sənədinə baxağın. Qeyd edim ki, bu mətn heç bir mötəbər hədis kitabında yoxdur. Bəziləri hədisin qeyd olunduğu kitabın nüsxələrinin islam inqilabından sonra hökümət tərəfindən yığılaraq gizlədildiyini iddia edirlər. Lakin iddianın necə ucuz olduğu məlumdur. Haqlı olaraq zehndə belə bir sual yaranır ki, bu necə hədisdir ki, nüsxələri təkcə İrandadır və İraq və Livan kimi şiələrin ən önəmli dini mərkəzlərində bu nüsxələrdən əsər-əlamət yoxdur ki, biri ortaya çıxıb bu nüsxələri üzə çıxartsın? Görünür bu yalanı ortaya atan şəxs ya insanları avam hesab edir, ya da ki, İraq və Livan ağlına gəlməyib.

Şeyx Әli Yezdi Hairinin qələ aldığı “İlzamun-Nasib” kitabında İmam Mehdinin zühur əlamətlərindən söhbət açılarkən Zərduştlara aid olan “جاماسب” kitabında İmam Mehdinin Pəhləvi dinini məhv edən “Şamamu” adlı şəxsi dirildib onu yandıracağı qeyd olunur. Bəziləri bu məsələni qeyd olunan mətnin doğruluğunu təsdiqlədiyini iddia edirlər. Lakin qeyd olunan iddia əsassızdır:

1) Adı çəkilən kitabın heç bir etibarlı sənədi yoxdur. Ona görə də belə bir kitaba etimad etmək elmi baxımdan doğru deyildir.

2) Pəhləvi dininin məhvi deyilərkən konkret olaraq nə nəzərdə tutulur? Yuxarıda da qeyd etdiyim kimi İslam inqilabı Pəhləvi dinini deyil, Pəhləvi səltənətini aradan aparaıb. Deməli bu mətnin doğru olduğunu fərz etsək belə İslam inqilabıyla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur.

3) Adı çəkilən kitabın Zərduşt dininə aid olduğunu qeyd etdim. Kitabın təhrif olunduğunu nəzərə alsaq Pəhləvilər zamanında Pəhləvilərin lehinə uydurulmuş olması da mümkündür.

Bəzi hədis kitablarında zühurdan qabaq Şərrusi adlı şəxsin ortaya çıxacağı qeyd olunur. Lakin hədisdə bu şəxsin Azərbaycan və Ermənistandan çıxacağı deyilir. (Biharul-ənvar, cild 52, səh 45)

Nəticə:

Hədis olduğu iddia olunan mətndə sənəd və mətn baxımından ciddi iradların olduğunu gördük. Bu iradlar hədis olduğu iddia olunan mətnin nəinki zəif, uydurma olduğunu və sırf İran əleyhinə uydurulduğunu göstərir. Mətnin uydurma olduğu bu qədər aşkar olmasına baxmayaraq bəziləri sırf İran və Seyyid Xomeyniyə olan düşmənçilikləri üzündən bu mətnin hədis olduğunu iddia edərək avam kütləni aldadır və İrana qarşı düşmənçilik toxumlarını səpirlər. Maraqlıdır ki, təkfirçibaşı Yasir Həbibin dəftəri belə (alqatrah.net) bu hədisin etibarsız olduğunu öz saytlarında qeyd ediblər. Belə olan halda bu mətndən Seyyid Xomeyni əleyhinə istifadə etmək açıq düşmənçilikdən savayı bir şey deyildir…

Şeyx Təbriz Nəcəfi

Bu bölmədə