Qeyb dövründə qalxan bayraqlar

İmam Məhdinin (əc) qeybi dövründə, müzakirə olunan mühüm mövzulardan biri də, zühura qədər “islam hakimiyyəti” qurmağın düzgün olub-olmamasıdır. 

Qeyd etmək yerinə düşər ki, şiəliyin fiqh tarixində fəqihlərin bir neçəsi istisna olmaqla, hamısı zalım hakimlə mübarizənin, İslam hakimiyyətinin və İslam qanunlarının cəmiyyətdə hökm sürməsinin tərəfdarı olublar. Həmçinin, müasir fəqihlərin demək olar ki, hamısı bu fikirdədir. Amma bəzi şəxslər hədəf olaraq İran İslam inqilabını seçərək, İmam Sadiqdən (ə) belə bir rəvayət nəql edirlər ki, “Qaimin (əc) qiyamından öncə qalxan bütün bayraq sahibləri tağutdur” Bu rəvayətdən də belə bir nəticə çıxrırlar ki, İran İslam İnqilabı da həmçinin İmam Zamanın (əc) zühurundan öncə olduğuna görə tağut hesab olunur. Bunun timsalında da bütün zülm əleyhinə qalxan qiyamlar qeyri-ilahidir. Bu şəxslərin fikirincə, İmam Zamanın (əc) zühuruna qədər bütün zülmlərə səbr etməliyik. Çünki İmam (əc) gəlib bu zülmləri aradan aparacaq. Bir sözlə əsas hədəf “vilayəti-fəqih”dir (Fəqihin şəri hakimiyyəti). Göründüyü kimi, hədisdən çıxarılan nəticə insan fitrəti ilə tam ziddiyyət təşkil edərək, insanı zülm və zillətə boyun əyməyə dəvət edir. Bundan əlavə, insanın zehnində bir neçə sual yaranır: Görəsən həqiqətən də hədisin mənası, müəyyən qüvvələr tərəfindən deyilən kimidirmi? Tağut nədir? Həqiqətən Allah bizdən zühura qədər zülmə səbr etməyimi istəyir ? Digər hədis və ayələr, məlum hədisi daha aydın şəkildə izah edirmi? Bu hədisi digər hədislərlə açıqlamaq mümkündürmü? Və s. suallar insanı düşündürməyə bilməz. Cavab: Cavaba keçməzdə öncə, bir müqəddiməni nəzərinizə çatdırmaq istəyirəm. Bəzən bir ayə və hədisi digər ayə və hədis tamamlayır. Bu metod, “üsul” elmində də geniş bəhs obyektidir, ayə və hədislərdən hökm çıxartmaqda geniş istifadə olunur. Məsələn bir hədisdə deyilir ki, “Alimlərə ehtiram göstərin”. Hədisin zahirinə baxanda hökm, istisnasız olaraq bütün alimlərə şamil olunur. Digər tərəfdən biz cəmiyyətdə fitnəkar, haqqdan boyun qaçıran, tağuta xidmət edən və elminə əməl etməyən fasiq alimlərin də şahidi oluruq. Hətta Allah-təala Qurani-Kərimdə bu cür elm sahiblərini “üzərinə kitab yüklənmiş ulaq” və “zalım qövm” (Cümə. 5) adlandırır. Görəsən belə alimlərə də ehtiram vacibdirmi? Bu mövzu ilə bağlı digər hədisdə isə “Fasiq alimlərə ehtiram etməyin” – deyilir. Hədislərdən belə nəticə çıxarılır ki, deməli fasiq alimlər istisna olmaqla bütün alimlərə ehtiram göstərməliyik. Amma əgər ilk hədisdən başqa digər hədislərə müraciət etməsək, elə anlaşılacaq ki, hətta fasiq alimlərə də ehtiram göstərmək vacibdir. Yazının əsas mövzusu olan hədis də bu qəbildəndir. Əgər bu hədisi zahirinə baxıb amma onun deyilmə tarixinə, səbəbinə və bu mövzuda olan digər hədislərə diqqət etməsək, təbii olaraq məsələnin düzgünlüyünə vara bilmərik.

1. Hədisin yanlış izahı
 
Təəssüflər olsun ki, qeyd olunan hədis ya savadsızlıqdan, ya da məqsədyönlü şəkildə tam və düzgün tərcümə olunmayaraq, yarımçıq və hərfi formada tərcümə olunub. Bəzilərinin bu hədisi səhv anlamalarının da səbəbi məhz yarımçıq tərcümədir. Çox təəssüf ki, hədisi öz mənbəsindən oxuyub ərəbcədən düzgün tərcümə edənlər isə çox azdır. İndi isə gəlin tam tərcüməyə nəzər salaq. Hədisin tərcümə belədir: “Qaimin (əc) qiyamına qədər qalxan bütün bayraqların sahibləri tağutdur və onlar Allahdan başqasına bəndəlik edərlər”. (Ərəbcəsi: کلّ رایه ترفع قبل قیام القائم فصاحبها طاغوت یعبد من دون اللّه) Amma camaata isə deyilən nöqsanlı və yarımçıq tərcümə isə belədir: “İmam Zamanın (əc) zühuruna qədər qalxan bütün bayraqlar, tağut bayraqlarıdır”. Amma cümlənin ardı olan “…onlar insanları Allahdan qeyrisinə ibadət və bəndəlik edərlər” hissəsi isə heç zaman deyilmir. Cümlə natamam qaldığından isə məna səhv anlaşılır. Halbuki, əsas izahı da elə cümlənin deyilməyən hissəsindədir. Çünki bu hissədə olan meyyar, tağutu qeyri-tağutdan ayırır. Əslində bu hədis iki qismdir. İlk öncə “İmam Məhdinin (ə) qiyamından öncə olan tağut qiyamlar”dan danışılır,sonra isə insanlar tağutu qeyri-tağutdan ayırmaq üçün, tağutun xüsusiyyəti olaraq “Allahdan başqasın bəndəlik” göstərilir. Deməli, "Allahdan başqasına dəvət edən" qiyamlar və siyasi sistemlər tağutdur. Hətta fərz etsək ki, hədis məna baxımından qarşı tərəfin dediyi kimidir, yenə də aşağıdakı dəlillər sözü gedən səhv nəticəni batil edir. 2. Hədisin əsas məqsədi Bu mövzu ilə əlaqədar olaraq, İmam Baqirdən (ə) nəql olunan bir hədis isə, məlum hədisin qaranlıq məqamlarına aydınlıq verir. O həzrət buyurur: “Heç bir kəs,ona beyət edənlər olmazsa, dəccalın çıxışına qədər camaatı qiyama dəvət edə bilməz. Hər kəs zəlalət və azğınlıq bayrağı yüksəldərsə, bu bayrağın sahibi tağutdur.” (Ərəbcəsi: وانّه لیس من احد یدعو الی ان یخرج الدجّال اِلاّ وسیجد من یبایعه ومن رفع رایه ضلاله فصاحبها طاغوت) İmam Baqir (ə) da həmçinin bu hədisdə iki mövzuya toxunur. İlk hissədə insanları qiyama səsləyən şəxslərin, qiyam planının baş tutması üçün, onun tərəfdarlarının olması zəruriliyindən söz açır, ikinci hissədə isə, insanlar haqqı və batili seçə bilsinlər deyə bu qiyamlardan tağutu ayırır və mənasını izah edir. Yuxarıdaki hədisdə olduğu kimi, İmam Baqir (ə), “rayət”( bayraq) və “zəlalət” (azğınlıq) kəlmələri ilə, İmam Zamanın (ə) zühuru dövründə bütün qiyam edənləri deyil, yalnız “insanları azğınlığa tərəf çəkən” qiyamı və bu bayrağın sahibini ”tağut” adlandırıb. Qeyd edim ki, bu hədislərdə olan “bayraq” kəlməsi isə məcazi mənada istifadə olunub. İmamın (ə) bu sözündən belə nəticə almaq olur ki, qiyamlar iki hissəyə bölünür.
 
1) İnsanları zəlalətə və azğınlığa yönəldən tağut hakimiyyəti bərpa edən qiyamlar.
 
2) Haqq uğrunda, tağut və zülmlə mübarizə aparmaq üçün bərpa olan haqq qiyamlar.
 
Bu sözümüzə təsdiq olaraq, Kuleyninin "Üsuli-kafi" kitabından digər bir hədisi İmam Sadiq (ə)-dan qeyd etmək istəyirəm. O həzrət, hədisdə ikinci qrupun qiyamına haqq qazandıraraq, öz ətrafındakılara, hər qiyamı Zeyd ibn Əlinin qiyamı ilə müqayisə etməməyə və bununla səhvə düçar olmamağa çağıraraq onlara belə buyurur: “Qiyam etmək üçün sizə müraciət edən adamın, ilk öncə məqsədinə və nə üçün qiyam etdiyinə qiqqət edin. Deməyin ki, “Zeyd də ayağa qalxmışdı”. Zeyd alim və sadiq insan idi. O, heç zaman sizi öz hakimiyyəti altına almağa deyil, peyğəmbər ailəsinin razılığı olan şeyə cəhd etdi. Əgər qalib olsaydı öz əhdinə vəfa edərdi. O, Bəni-Üməyyənin tağut qüdrətini aradan aparmaq üçün qiyam etdi. Amma indi qiyam edən şəxs (Məhəmməd ibn Abdullah) isə, sizi başqa bir şey üçün istəyir. Biz şəhadət veririk ki, onu qiyamı ilə razı deyilik. O, bizim ardıcıllardan deyil.” İmam Baqir (ə) yuxarıdakı hədisdə Zeyd ibn Əli kimi haqq uğrunda və tağut əleyhinə olan qiyamları təsdiqləyir və tərifləyir, amma Məhəmməd ibn Abdullah kimi şəxsi, öz mənafeyi üçün hakimiyyətə gəlmək istəyən tağutların qiyamını isə rədd edir. Bundan əlavə məsum İmamlar (ə), Harun Ər-Rəşidin qardaşı Hadinin zamanında qiyam edən Hüseyn ibn Əlinin qiyamına razılıq bildiriblər. Bunun üçün də bu cür haqq qiyamları, tağut adlandırmaq yanlış düşüncənin məhsuludur. Hədislərə əsasən qiyamın haqq olmasında əsas meyyar, tağutla mübarizə, haqq-ədaləti bərpa etmək və Əhli-Beytin (ə) sünnəsi əsasında qiyam etməkdir. Bunun əksi isə tağutdur. 3. Qeyb dövrünün HAQQ qiyamları hədislərdə Daha maraqlısı isə budur ki, Peyğəmbərdən (s) və məsum İmamlardan (ə) bir çox hədislər var ki, onlar İmam Zamanın (ə) qeybəti dövründə olan bəzi qiyamlara nəinki tağut adı verir, hətta bu qiyamlara toxunaraq, onların haqq olduğunu vurğulayıblar. Bu hədisləri, şərhləri ilə “Zuhur əsri” kitabında oxuya bilərsiz. Sadəcə onlardan bir neçəsinə işarə etmək yerinə düşərdi. 1. Məşriq qiyamı İmam Baqir (ə): “Məşriqdən bir qrup insanların qiyam edəcəyini və haqqlarını tələb edəyəklərini görürəm. Amma onlara (hakimiyyət tərəfindən) bunun üçün icazə verilməyəcək. Bir daha öz istəkləri üçün ayağa qalxacaqlar amma yenə müxalifləri onları öz istəklərinə çatmağa qoymayacaqlar. Bu vəziyyəti gördüklərində silahlarla düşmənin önündə dayacacaqlar, beləliklə öz istəklərinə (inqilab) çatırlar və o qiyamı əsl sahibindən (İmam Məhdi (əc)) başqa heç bir kəsə verməzlər. Onlardan qətlə yetirilənlər şəhiddirlər. Əgər mən o zamanda yaşasaydım, bu qiyamın həqiqi sahibi üçün özümü qoruyardım.” Ərəbcəsi: قَدْ خَرَجُوا بِالْمَشْرِقِ يَطْلُبُونَ الْحَقَّ فَلَا يُعْطَوْنَهُ ثُمَّ يَطْلُبُونَهُ فَلَا يُعْطَوْنَهُ فَإِذَا رَأَوْا ذَلِكَ وَضَعُوا سُيُوفَهُمْ عَلَى عَوَاتِقِهِمْ فَيُعْطَوْنَ مَا سَأَلُوهُ فَلَا يَقْبَلُونَهُ حَتَّى يَقُومُوا وَ لَا يَدْفَعُونَهَا إِلَّا إِلَى صَاحِبِكُمْ قَتْلَاهُمْ شُهَدَاءُ أَمَا إِنِّي لَوْ أَدْرَكْتُ ذَلِكَ لَاسْتَبْقَيْتُ نَفْسِي لِصَاحِبِ هَذَا الْأَمْه Həzrəti Rəsulullah (s): “Mərşiqdən bir qrup camaat qiyam edəcək və Məhdinin zühuru üçün şərait yaradacaqlar” Ərəbcəsi: الْبَابُ الْخَامِسُ فِي ذِكْرِ نُصْرَةِ أَهْلِ الْمَشْرِقِ لِلْمَهْدِيِّ ع عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ بْنِ جَزْءٍ الزُّبَيْدِيِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ ص يَخْرُجُ أُنَاسٌ مِنَ الْمَشْرِقِ فَيُوطِئُونَ لِلْمَهْدِيِّ يَعْنِي سُلْطَانَهُ هَذَا حَدِيثٌ حَسَنٌ صَحِيحٌ رَوَتْهُ الثِّقَاتُ وَ الْأَثْبَاتُ أَخْرَجَهُ الْحَافِظُ أَبُو عَبْدِ اللَّهِ بْنُ مَاجَةَ الْقَزْوِينِيُّ فِي سُنَنِه، )
 
2. Qum qiyamı

İmam Musa Kazim (ə): Qum şəhərindən bir şəxs insanları haqqa dəvət edər. Baş verən hadisələrin sərt küləkləri onları yerindən tərpədə bilməz. Onlar dəmir parçaları kimidirlər. Döyüşdən yorulmaz və Allaha təvəkkül edərlər. Sonda xeyir aqibət təqvalıların olacaq.” (Biharul-Ənvar c.57 səh. 216)
Ərərbcəsi: عَنْ عَلِيِّ بْنِ عِيسَى عَنْ أَيُّوبَ بْنِ يَحْيَى الْجَنْدَلِ عَنْ أَبِي الْحَسَنِ الْأَوَّلِ (ع) قَالَ رَجُلٌ مِنْ أَهْلِ قُمَّ يَدْعُو النَّاسَ إِلَى الْحَقِّ يَجْتَمِعُ مَعَهُ قَوْمٌ كَزُبَرِ الْحَدِيدِ لَا تُزِلُّهُمُ الرِّيَاحُ الْعَوَاصِفُ وَ لَا يَمَلُّونَ مِنَ الْحَرَبِ وَ لَا يَجْبُنُونَ وَ عَلَى اللَّهِ يَتَوَكَّلُونَ وَ الْعاقِبَةُ لِلْمُتَّقِين.» )

3.”Yəmənli seyyidin” və “xorasanlı seyyidin”nın qiyamı

İmam Baqirdən (ə) “Biharul-ənvar” kitabında bir yəmənli seyyidin qiyamından söz açılır, onun bayrağı “hidayət bayrağı” adlanır və yəmənlinin qiyamı zamanı camaatın ona dəstək olmasını istəyir (cild 52 səh.232)

Digər hədislərdə isə zühurun nişanələrindən hesab olunan “sağ əlində əlillik olan xorasanlı seyyid”in qarabayraqlı ordusu ilə qiyamından, yəməni ilə birlikdə Süfyani ordusuna qarşı vuruşu və onun üzərində qələbəsindən danışılır.

Nəticə

Deməli bu hədislərdən məlum olur ki, bəziləri üzərindən bəhs etdiyimiz ilk hədisi düzgün anlamayaraq bütün qiyamlara şamil etməklə çox böyük yanlışlığa yol veriblər. Əgər hədisin mənası, hədisi anlamayanların təbliğ etdiyi kimi olsaydı, son qeyd etdiyimiz hədislərlə tam ziddiyyət təşkil edəcəkdi.

Bundan əlavə, əgər qeyb zamanında istisnasız olaraq hər bir qiyamı batil və qeyri şərii hesab etsək, bu cür nəticə zülm və tağut əleyhinə “cihad”, “əmr be məruf” (xeyir işlərə dəvət), “nəhz əz münkər” (pis işlərdən çəkindirmək), və peyğəmbərin sünnəsi ilə paradoks yaradır. Halbuki, ən böyük “əmr be məruf” və "nəhy əz münkər", məhz zülmlə mübarizə və haqqı bərqərar etməkdir. Zülmə boyun əymək dinizimdə “zillət” adlanıb. Necə ki, İmam Huseyn (ə), “zillət bizdən uzaqdır” deyib. Bunun əksi isə elə tağutu qəbul etmək və bir başa İslamın təməl prinsiplərinin təhrif etməkdir. İslam hakimiyyətini “tağut” adlandırmaq, əsl tağut rejimlərə ən böyük köməkdir.

4. Alimlərin bu hədis barədə nəzəri

İndi isə gəlin “Bilmədiyiniz halda, bilik əhlindən soruşun” (“Nəhl”, 43) prinsipini nəzərə alaraq dahi İslam mütəfəkkirlərinin məlum hədis barədə fikirlərinə nəzər salaq.

İmam Xomeyni, Ayətullah Mömin Qumi, Salehi Mazandarani, Mələkuti, Mirzə Cavad Təbrizi, İbrahim Əmini, Müntəziri, Məkarim Şirazi, Əllamə Seyyid Cəfər Mürtəza, Nəsrullah Şahabadi, Cəfər Sübhani, Şəhid Seyyid Muhəmmədbaqir Həkim, Məhəmməd Şirazi, Ələvi Qorqani, Safi Qülpayiqani, Seyyid Sadiq Ruhani, Mustafa Xomeyni, Əllamə seyyid Məhəmmədhüseyn Tehrani, Seyyid Kazim Hairi, Seyyid Cəfər Mürtəza Amuli, Şubeyri Xamani, Ustadi, Cavadi Amuli, Seyyid Əli Xamenei və s. böyük İslam alimləri öz kitablarında, məlum hədis barədə onlara ünvanlanan suallara cavab olaraq və çıxışlarında, bu hədisin qeyb dövründə İslam hökumətinin qurulmamasında istifadəsinin keçərli olmamasını, bu iddianı edənlərin əslində hədisin mənasını anlamadıqlarını, hədisdə qeyd olunan “tağut” kəlməsinin qeyri şərii və Əhli-beytin (ə) sünnəsindən uzaq olan qiyamlara aid olduğunu qeyd etmiş və müxtəlif dəlillərlə buna geniş izah vermişlər. Sadəcə olaraq verilən cavabların mətni böyük olduğundan burada yazmaq imkanımız olmadı. Frasca bilən oxucular, qeyd olunan adresdən daha geniş məlumat ala bilərlər. ( http://koolo-rayat.blogfa.com/)
 
Bundan əlavə böyük İslam fəqihi Mərhum Ayətullah Məhəmmədhəsən Nəcəfi, özünün hansı ki, müctehidlər tərəfindən fiqh elminin “xaric dərs”ində keçirilən və fiqh ensiklopediyası hesab olunan “Cəvahirul kəlam” kitabının “əmr be məruf” bölməsində, zühur dövründə İslam konstitusiyasına uyğun hakimiyyət qurmaq barədə buyurur: “Bəzilərinin bu məsələdə (fəqihin islam konstitusiyasını icra eləməsi) vəsvəsəyə düşmələri qəribədir. Hətta bu iddianı edən şəxs, fiqhdən və məsumların söz və rəmzlərindən heç nə anlamayıbdır. İmamların “Mən onları (fəqihləri) sizin üzərinizə hakim, qazi, höccət və xəlifə təyin edirəm” və s. kimi sözlərindən qeyb dövründə şiələrin onlara aid bir çox işlərinin icrası istəyini bildirən mənalarını düşünməyiblər". ("Cəvahirl-kəlam" c.21, səh.297, “fəqihlərin (qeyb dövründə islamın) cəza sisteminin icrasının icazəsi” hissəsi)
 
5. Danılmaz həqiqət
 
İmam Sadiq (ə) buyurur: “Allah-tala Qum şəhəri və onun əhlini (burada olan elm əhli) İmam Zamanın (əc) – İslamın sözlərini çatdıranlar edəcək. Elm bu şəhərdən şərqə və qərbə yayılacaq. Bu zaman bizim Qaim (əc) zuhur edəcək” Bir az diqqətlə tarixə nəzər salsaq İranın şah rejimində nəinki xaricdən gələnlərə dini təhsil üçün şərait yaradılırdı, hətta iranlı ruhani tələbələr belə, dəfələrlə şahın əsgərləri tərəfindən feyziyyə mədrəsəsəində hücuma məruz qalmış və şəhid edilmişlər. Bir çoxları isə zindanlarda olmazın zülmlərini görmüşlər. Bəs o hansı zamandır ki, dünyanın 100-ə yaxın ölkəsindən Qum şəhərində dini təhsil alır və Əhli-beyt (ə) maarifini öz ölkələrinə aparırlar? Ümumiyyətlə İran İslam inqilabının bərəkətini danmaq üçün bir insanın kar və kor olması lazımdır…
 
6. Məntiqsiz iddia
 
Yuxarıda qeyd etdiyim kimi, bir qrup savadsz və qərəzli insanlar, zühura qədər İslam hakimiyyətinin qurulmasının əleyhinədir. Səbəb isə budur ki, bəzi hədislərdə “Məhdi (əc) fitnə və fəsadın artdığı zaman zuhur edəcək” deyə buyurulur. Beləliklə bəziləri bu hədisdən düzgün nəticə çıxartmayaraq fəsadın yayılmasına göz yumurlar. Belələrinin zehnində çaşqınlıq yaradaraq İslamın vacib buyurduğu “əmr be məruf” və “nəhy əz munkər” həqiqətlərindən qəflətə salan nüans isə, “zühurun əlamətləri” ilə “zühura şərait yaradan faktorlar”ın fərqini anlamamalarıdır. "Fəsad" zühurun əlamətlərindəndir. Düzdür ki, İmam Zaman (ə.f) fəsadı aradan aparmaq üçün və haqq hakimiyyəti qurmaq üçün gələcək, amma zühurun gerçəkləşməsinin səbəblərindən biri də, o həzrətin zühur etməsi üçün şərait və kifayət qədər ordusununun olması lazımdır. Bu isə fəsadla deyil, “əmr be məruf”la mümkündür. Biz istəsək də istəməsək də fəsad həmişə olub və olacaq. İmamın zühuruna fəsadla şərait yaratmaq savabdırsa və belə düşünən adam zühuru gözlədiyindən fəsada göz yumursa, o zaman özü niyə günahdan qaçır? Niyə ailəsini fəsaddan qorumağa çalışır? Məgər İmam Əli (ə) demirmi ki, “özünə rəva bilmədiyini başqasına rəva bilmə”?
 
7. Bir reallıq
 
Real olan bir məqam da budur ki, bu yanlış təfəkkürün sahiblərində həmişə ictimasi və siyasi passivlik müşahidə olunur. Onlar sünniləri, “özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsinə etdikləri “hər bir zamanda hakimə itaət etmək lazımdır” təfsirinə (amma son islami oyanışlarda bunun əksi müşahidə olundu) irad bildirir, amma praktiki olaraq özləri eyni rəftarı nümayiş etdirirlər. Təsadüfi deyil ki, ölkədə siyasi və ictimai problemlərin həlli üçün çalışan və vuruşan ruhanilər, məhz “vilayəti-fəqih” xəttinin ardıcıllarıdır… Ölkənin müstəqilliyindən sonara isə, İrandan ölkəmizə din təbliğçisi qismində gələn “vilayəti-fəqih” ardıcılı olan ruhanilərin ölkədən deportasiya olmalarını, amma anti-inqilab ruhanilərin isə təbliğinə icazə verilməsini də heç təsadüfi sanmıram… İnqilab əleyhdarı olan bu İranlı ruhanilər isə, 2009-ci il İranda keçirilən prezdent seçkiləri ərəfəsində dünyanın bir çox ölkələrindən olduğu kimi, Azərbaycandan da çıxarıldılar. Səbəb isə bu idi ki, bu “ruhanilər” İranda vilayəti-fəqih sisteminə zidd olanları dəstəkləyirdilər və bununla xalqı qiyama səsləməkdə kömək edəcəkdilər. Belə olan halda kimlər tağutun xeyirinə və kimlər ziyanına iş görmüş olur?! Rəhmətlik Nəcməddin Ərbakan gözəl deyib: "Siyasətə önəm verməyən müsəlmanları, müsəlmanlara önəm verməyən siyasətçilər idarə edər"
 
8. Və sonda…
 
Burada sual yaranır ki, İran İslam İnqilabında İmam Xomeyni və dahi din alimləri, əsl tağut olan “şah rejimi”nə qarşı qiyama qalxmadılarmı? Bəs islam inqilabı tağut adlanırsa əsl tağuta nə ad qoyaq? Məgər İslam hakimiyyəti qurduqdan sonra, insanları Allahdan başqa birisininmi qanunlarına tabe etdilər? Məgər İran islam inqilabı ilə mübarizə aparan, onu arada aparmaq istəyənlər, istər inqilabın əvvəllərində istər günümüzdə, İslam düşməni olan dünyanın tağut hegamonları və sionizm deyildimi? Bəs sionizmə qarşı vuruşan tək qüvvə kimdir? Yüz minlərlə şəhid məgər “zillət bizdən uzaqdır” deyərək bu inqilabı qanları ilə İslam düşmənlərindən qorumadılarmı? Yoxsa bəziləri elə düşünür ki, inqilabı canları bahasına qoruyan din alimlərinin bu hədisdən xəbəri yox idi? Bu inqilabın bərəkətindən, bu gün İran ən böyük islami müqavimət hərakatının başında dayanmayıbmı? Fələstin, İraq, suriya və.s müsəlman ölkələrdə istər qərb işğalçılarına istərsə də onların törəmələri olan qaniçən vəhhabilərə qarşı vuruşan, həmin düşmənlərə qarşı ən böyük düşmən olan, adları qeyd olunan ölkələrdə xalqı və müqəddəslərin məzarlarını təcavüzlərdən qoruyan İranın yaratdığı və dəstək olduğu Hizbullah kimi müqavimət təşkilatları deyilmi? Zərrə qədər insafı və dünyagörüşü olan insan, son bir neçə ildə regionda baş verən hadisələri izləyibsə, gündən aydın olan bu həqiqətləri danmayacaq.
 

Bu bölmədə