“Ömər ibn Hənzələnin məqbuləsi”-sənəd baxımından

Bismillahir-rəhmanir-rəhim

Allahummə salli alə Muhammədin və Ali Muhamməd və əccil fərəcəhum

“Vilayəti-fəqih” nəzəriyyəsi üçün dəlil kimi istifadə etdiyimiz “Ömər ibn Hənzələnin məqbuləsi”-nə bəzi qardaşlarımız irad tutaraq rəvayətin sənəd və mətn baxımından zəif və əlaqəsiz olmasını dedilər. Biz bu yazımızda rəvayətin sənədinin səhihliyini isbat etməyə çalışacaq, növbəti yazılarımızda isə rəvayəti mətn baxımından müzakirə edəcəyik, inşəallah.

Hədisin şərif “Kafi” kitabındakı sənədi belədir:

محمد بن يعقوب، عن محمد بن يحيى، عن محمد بن الحسين عن محمد بن عيسى، عن صفوان بن يحيى، عن داود بن الحصين، عن عمر بن حنظلة

“Muhəmməd ibn Yaqub, Muhəmməd ibn Yəhyadan, o Muhəmməd ibn Hüseyndən, o Muhəmməd ibn İsadan, o Səfvan ibn Yəhyadan, o Davud ibn Həsindən, o da Ömər ibn Əbu Hənəzələdən”[Kafi: c.1/səh.412.].

Şeyx Səduqun (r.ə) rəvayət zənciri isə belədir:

عن محمد بن يحيى، عن محمد بن الحسن بن شمون، عن محمد بن عيسى،

وبأسناده عن محمد بن علي بن محبوب، عن محمد بن عيسى

“Öz isandı ilə Muhəmməd ibn Yəhyadan, o Muhəmməd ibn Həsən ibn Şəmundan, o da Muhəmməd ibn İsadan, həmçinin, öz isnadı ilə Muhəmməd ibn Əli ibn Məhbubdan, o da Muhəmməd ibn İsadan”[Mən la yəhzuruhul-fəqih: c.3/səh.5]

İlk öncə bunu deyək ki, fəqihlər bu hədis barədə “məqbulə” ifadəsi işlədirlər. Belə ki, Ömər ibn Hənzələ barədə rical alimləri tərəfindən təvsiq gəlməməsə də onun bu hədisi fəqihlər tərəfindən məqbul hesab edilmişdir. Hərçənd ki, Şəhid-Sani (r.ə) və digər şiə alimləri Ömər ibn Hənzələni “siqə” bilmişlər. Bizim nəzərimizcə isə Ömər ibn Hənzələ siqə və güvənilirdir. İkinci sənəddə isə Muhəmməd ibn Həsən ibn Şəmun olduğuna görə sənəd zəifdir. Ömər ibn Hənzələnin siqəliyinə dəlil kimi aşağıdakıları qeyd etmək istərdik:

Birinci: Ömər ibn Hənzələdən rəvayət nəql edən şəxslər təxminən iyirmi iki nəfərdir. Bu şəxslərin içərisində böyük alimlər və fəqihlər vardır. Hətta demək olar ki, bunlar içərisində Müfəzzəl ibn Salehdən başqa heç birinin zəif olması sübuta yetməyib. Habelə Ömərdən nəql edənlər içərisində “əshabul-icma” dan şəxslər mövcuddur ki, daha sonra bunun nə olduğu bəyan ediləcək. Bu səbəbdən də bu qədər siqə şəxsin ondan hədis nəql etməsi, onu “şeyx” qəbul etməsi və ona etimad etmələri bizə belə deməyə əsas verir ki, Ömər ibn Hənzələ nə zəif, nə yalançı və nə kəzzab olmayıb! Əksinə siqə və güvənilir şəxs olub. Biz ondan nəql edən şəxsləri qısa şəkildə sadalayır və daha sonra müəyyən izahlar veririk:

1-Əbu Əyyub əl-Xəzar: siqədir, böyük məqam sahibidir.

2-Əbul-Məğra (Həmid ibn Müsənna əs-Seyrəfi): siqədir.

3-Abdullah İbn Bukeyr: siqədir. Kəşşinin dediyi kimi “əshabul-icma”-dandır.

4-Əhməd ibn Aiz: Siqədir.

5-Abdullah İbn Miskan: siqədir. Kəşşinin nəzərincə “əshabul-icma”-dandır.

6-İsmayıl: əgər İbn Əbdül-Xaliqdirsə, siqədir. Yox əgər aşağıdakıdırsa, onda da:

7-İsmayıl əl-Cufi: əgər İbn Əbdür-Rəhmandırsa, hədislərin birinə əsasən İmam Sadiq (ə) ona rəhmət oxumuşdur və siqədir, əgər İbn Cabir ibn Yəziddirsə, onda da siqədir.

8-Həriz: siqədir.

9-Həmzə ibn Humran: siqədir.

10-Davud ibn Həsin: siqə olub.

11-Zürarə: siqədir. “Əshabul-icmadan”dır.

12-Seyf ibn Umeyrə: siqədir.

13-Səfvan ibn Yəhya: siqədir. “Əshabul-icma”-dandır.

14-Əbdül-Kərim ibn Ömər əl-Xəs`əmi: siqədir.

15-Əli ibn Həkəm: siqədir.

16-Əli ibn Riab: siqədir.

17-Ömər ibn Əban: siqədir.

18-Mənsur ibn Hazim: siqədir.

19-Hişam ibn Salim: siqədir.

20-Yəzid ibn Xəlifə: barəsində İmam Sadiq (ə)-dan nəql edilən mərfu bir hədisdə mədh gəlmişdir. Bununla yanaşı “əshabul-icma”-dan olan İbn Miskan ondan hədis rəvayət etmişdir. Həmçinin, “əshabul-icma”-dan olan Yunis ibn Əbdür-Rəhman ondan rəvayət etmişdir. Həmçini, yenə “əshabul-icma”-dan olan və barəsində Şeyx Tusinin belə dediyi:

ولأجل ذلك سوت الطائفة بين ما يرويه محمد بن أبي عمير، وصفوان بن يحيى، وأحمد بن محمد بن أبي نصر، وغيرهم من الثقات، الذين عرفوا بأنهم لا يروون ولا يرسلون إلا عمن يوثق به، وبين ما أسنده غيرهم

“Buna görə də taifə (şiə məzhəbi üləması) Muhəmməd ibn Əbi Umeyr, Səfvan ibn Yəhya, Əhməd ibn Muhəmməd ibn Əbu Nəsir və sair siqələrin – hansılar ki, onlar barəsində yalnız siqə şəxsdən müsnəd və mürsəl şəkildə nəql etmələri bilinir – (mürsəl hədisləri) ilə digərlərinin müsnəd hədislərini bir tutmuşlar” [Uddətul-Usul, Şeyx Tusi (r.ə), 154.]-dediyi Səfvan ibn Yəhya ondan rəvayət nəql etmişdir. Buna əsasən də onun hədisini qəbul etməkdə heç bir problem yoxudur.

İkinci: Ömər ibn Hənzələnin siqəliyinə dəlalət edən aşağıdakı hədisi göstərə bilərik:

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، عن يزيد بن خليفة قال:
قلت لأبي عبد الله (عليه السلام): إن عمر بن حنظلة أتانا عنك بوقت، فقال أبو عبد الله (عليه السلام)
إذا لا يكذب علينا

Əli ibn İbrahim, Muhəmməd ibn İsadan, o Yunisdən, o Yəzid ibn Xəlifədən nəql edib dedi:

“Əba Əbdillah (ə)-a dedim: Ömər ibn Hənzələ bizə namaz vaxtları ilə bağlı sizdən (hədis) nəql edir.

Əba Əbdillah (ə) dedi: Elə isə, yalan deməz”, sonra ravi Ömərin nəql etdiyi bir hədisi qeyd edir, imam (ə) isə buyurur:

صدق

“Düz deyib”[Furui-Kafi: c.3, hədis 1, “zöhr və əsr namazlarının vaxtı” babı.].

Sənəddə Yəzid ibn Xəlifə vardır ki, yuxarıda barəsində danışıldı.

Üçüncü: Başqa bir hədisdə isə Əba Əbdillah (ə) Ömərə deyir:

يا أبا صخر، أنتم والله على ديني ودين آبائي

“Ey Əba Səxr, Allaha and olsun ki, siz mənim və ata-babalarımın dinindənsiniz”[Biharul-Ənvar: 27/122, hədis 107.], daha sonra buyurur:

والله لنشفعن والله لنشفعن ثلاث مرات

“Allaha and olsun biz şəfaət edəcəyik, biz şəfaət edəcəyik! –üç dəfə təkrar etdi”.

Dördüncü: Ömər ibn Hənzələdən əshabul-icma adlanan şəxslərin dördü hədis nəql etmişlər. Bunlar Zurarə ibn Ə`yən, Abdullah ibn Bukeyr, Səfvan ibn Yəhya və Abdullah ibn Miskandırlar. “Əshabul-icma”-nın nə olduğunu qısa şəkildə belə izah edə bilərik ki, bu şəxslərin nəql etdiyi hədislərdə hədisin bu şəxslərə qədər olan hissəsinə baxılır, onlardan sonrasına isə baxılmır. Çünki bu şəxslərin yalnızca siqə (güvənilir) şəxslərdən hədis nəql etmələri söylənilir. Başqa sözlə, onlardan gəlib çatan mürsəl, mərfu və munqəti` hədislər digər səhih hədislər kimi qəbul edilir (təbii ki, sənədin onlara qədər olan hissəsi səhihdirsə). Onu da qeyd edək ki, burada siqə deyərkən mütəqəddim alimlərimizin, qüdəmanın istilahındakı siqəlik nəzərdə tutulur. Bu fikri qəbul edən alimlərə misal olaraq Şeyx Tusini, Əminud-din Kazimini, Şəhid-sanini, Mühəqqi Damadı, Sahibul-Cəvahiri, Ayətullah Mamaqanini, ata və oğul Məclisiləri və s.ni göstərmək olar[Məqabisul-Hidayə: səh.71, Müstədrəkul-Vəsail: c.3/760, xatimə, Muntəhal-Məqal: səh.7-10, Cəvahir:2/316].

Beşinci: Aşağıdakıları müəyyidat olaraq dediyimizə dəlil kimi göstərə bilərik.

1- عن عمر بن حنظلة، فقال: قلت لابيجعفر عليه السلام: إني أظنّ أنّ لي عندك منزلة، قال: أجل

Ömər deyir: Əbu Cəfər (ə)-a dedim: “Mən elə zənn edirəm ki, mənim sizin yanınızda bir məqamım var. Buyurdu: Bəli"[Bəsairud-Dərəcat: c.4, hədis 1, bab 12.].

2- يا عمر لا تحملوا على شيعتنا، وارفقوا بهم، فإنّ الناس لا يحتملون ما تحملون

Ömər deyir: Əba Əbdillah (ə) buyurdu: “Ey Ömər, bizim şiələrimizi yükləməyin, (əksinə) onlarla mülayim davranın. Həqiqətən də camaat sizin daşıdıqlarınızı daşıya bilməzlər”[Kafi: c.8, hədis 522.].

3- عن علي بن حنظلة، قال: سمعت أبا عبد اللّه عليهالسلام يقول: إعرفوا منازل الناس على قدر رواياتهم عنا

Əli ibn Hənzələ Əba Əbdillah (ə)-dan belə nəql edir: Əba Əbdillah (ə)-ın belə buyurduğunu eşitdim: “İnsanların məqamlarını bizdən nə qədər hədis nəql etmələri ilə tanıyın” [Kafi: c.1, hədis 13, elmin fəziləti babı.]. Məlum olduğu kimi Ömər ibn Hənzələ çoxlu hədis nəql edən ravilərdəndir. Bunu bilməkdən ötrü hədis kitablarına nəzər salmaq kifayətdir. Buna əsasən də demək mümkündür ki, Ömər də Əhli-Beyt (ə) yanında məqam sahibi olub. Kimsə deyə bilər ki, çox rəvayət nəql olunması həmin ravinin siqəliyinə dəlil ola bilməz. Belə ki, Əli ibn Əbu Həmzə əl-Bətaini də çox hədis nəql edib, lakin vaqifidir və od əhlidir. Cavabında deyə bilərik ki, əl-Bətaini barədə “zəm” varid olmuşdur və bu zəmdən (yəni, məzəmmətdən) sonra şiələr ondan uzaqlaşmışlar. Lakin Ömər ibn Hənzələ barədə belə bir şey varid olmamışdır və buna görə də onun siqəliyinə və mənzilətinə heç bir nöqsan yoxdur.

4-Məşhur budur ki, onun rəvayətinə əməl edilib və bu səbəbdən də rəvayət “məqbulə“ (qəbul olunan) adlandırılıb.

5-Rical kitablarında Ömər ibn Hənzələ barəsində “təz`if” (zəif olması) gəlməmişdir.

6-Bundan başqa yuxarıda da qeyd etdiyimiz kimi Şəhid Sani (r.ə) Ömər ibn Hənzələni siqə bilmişdir. Bax: “ər-Riayə fi şərhil-bidayə”, səh.134.

7-Həmçinin, Molla Əhməd Nəraqinin (r.ə) “Mustənəduş-Şiə” kitabında dediyi bu sözü də nəzərə almaq faydalı olardı:

حُكي‌ عنه‌ توثيقه‌ و لم‌ يرد في‌ كتب‌ الرجال‌ تضعيف‌ له‌.. و ليست‌ الميزان‌ والملال‌ في‌ العمل‌ برواية‌ ما عدالة‌ أو إمامية‌ أو وثاقة‌ نفس‌ الرواي‌، و إنّما هو توثيق‌ الرواية‌. أي‌ انّ من‌ الممكن‌ أن‌ لايثبت‌ توثيق‌ الراوي‌ في‌! حدّ نفسه‌، و لايكن‌ علماء الرجال‌ قد وثّقوة‌ بالخصوص‌، لكنّ الاصحاب‌ عملوا بروايته‌

“Onun barəsində (Şeyx Nəcaşinin barəsində) Ömər ibn Hənzələni siqə hesab etdiyi deyilmişdir. Rical kitablarında isə onun zəif olması deyilməyib... (Qeyd edim ki, bir çox mənbələrə nəzər salsam da Şeyx Nəcaşinin (r.ə) bu sözünə rast gəlmədim. Lakin Şeyx Nəraqinin sözünü gətirməkdə məqsədim Nəcaşi barədə dediyi söz deyil. Məqsəd ümumən dedidiyi sözdür. Müəllif.)

Hər hansısa bir hədisə əməl etmə məqamında ölçü və meyar həmin ravinin ədalətli olması və ya imami olması və yaxud da siqə olması deyil. Ölçü və meyar hədisin düzgün olmasıdır. Yəni, ola bilər ki, bir ravinin siqəliyi sübut olunmamış olsun və ya rical alimləri onu barəsində siqə olmasını qeyd etməmiş olsunlar, lakin əshab (şiə məzhəbi alimləri) onun hədisinə əməl etsin”.[Mustənəduş-Şiə: c.2, “qəzavət” babının sonları.]

8-Həmçinin, Ömərin siqə olduğunu bildirən aşağıdakı alimləri göstərmək olar:
Məşhur fəqih Seyyid Sistaninin (d.z) ustadı Ayətullah Seyyid Hüseyn Hilli (r.ə) deyir:

“من‌ ادّعي‌ عدم‌ حجيّة‌ المقبولة‌ .. فلابدّ و أن‌ يخرج‌ من‌ زمرة‌ أهل‌ العلم‌، لعدم‌ شمّه‌ من‌ الفقه‌ و الفقاهة‌ أصلاً

“Hər kəs Ömər ibn Hənzələnin məqbuləsinin höccət olmamasını iddia etsə, əslən fiqhin və fəqhiliyin ətrini dadmadığına görə elm əhli zümrəsindən xaric olmuşdur.“

Həmçinin, Ustad mühəqqiq Seyyid Cəfər Mürtəza əl-Amuli Ömər ibn Hənzələni siqə hesab edir.
Həmçinin, Seyyid Əli əl-Muvəhhid əl-Əbtəhi deyir:

أثبتنا أمارات وثاقة ابن حنظلة في كتبنا الرِّجالية

“Biz öz rical kitablarımızda İbn Hənzələnin siqə olmasının əlamətlərini (onun siqə olmasına dəlalət edən əlamətləri, dəlilləri) qeyd etmişik” (Risalə fi subut əl-hilal, səh.77).
Şeyx Muhəmməd Hüseyn əl-Müzəffər deyir:

وله عند أهل البيت منزلة رفيعة دلّت على علوّ كعبه في الايمان والوثاقة

“Onun Əhli-Beytin yanında uca bir məqamı vardır ki, bu da onun imanda və güvənirlikdə (siqəlikdə) uca məqam sahibi olmasına dəlalət edir”. (əl-İmam əs-Sadiq (ə), c.2, səh.162)
Həmçinin, Seyyid Mahmud əl-Haşimi əş-Şahrudi Ömər ibn Hənzələnin (r.ə) siqə olmasının isbatı üçün Yəzid ibnil-Xəlifənin hədisini dəlil göstərir və daha sonra Yəzid ibnil-Xəlifənin siqə olduğunu bildirərək deyir:

وبروايته نثبت وثاقة عمر بن حنظلة أيضا ، فالمقبولة صحيحة سنداً.

“Onun rəvayəti ilə Ömər ibn Hənzələnin siqə olmasını sübut edirik. Buna əsasən, Ömərin məqbuləsi səhih sənədlidir”.

Bundan başqa müasir dövrümüzün görkəmli mühəddislərindən olan Ayətullah Şeyx Muhəmməd Sənəd (h.a) Ömər ibn Hənzələ barədə deyir:

“Bizim nə qədər ravilərimiz vardır ki, məchuldurlar, lakin əsrlər sonra aydın olub ki, sən demə ali məqamlı ravilərdən imişlər! Ömər ibn Hənzələ kimi. Onun halı barədə rical alimləri tərəfindən lazımı axtarışlar aparılmayıb. Lakin indi dəlillərlə və şahidlərlə sübut olunub ki, bu şəxs Zürarə və Muhəmməd ibn Müslim səviyyəsindədir! Yəni, daha öncədən lazımı tədqiq aparılmamış və bu səbəbdən də onun siqəliyini bildirməmişdir”.

Qeyd edim ki, Şeyxin bu sözünə youtube-dən aşağıdakı ünvanda 40:03-cü dəqiqədən sonra baxa bilərsiniz:

Bu deyilənlərdən belə nəticə almaq mümkündür ki, Ömər ibn Hənzələ siqədir və dolayısı ilə “məqbulə”-nin sənədi də səhihdir və rəvayətin sənədi ilə bağlı tutulan işkal əsassızdır.

Vəl-həmdu lillahi rəbbil-aləmin!

 

 

Bu bölmədə