Niyə məhz “İmam Xamenei”?

Tövhidin (Allahı tək bilməyin) müxtəlif şaxələri var:

Xaliqiyyətdə tövhid, yəni həqiqi və yeganə yaradan Odur.

Rübubiyyətdə tövhid, yəni kainatı və işləri idarə edən yalnız Odur.

İbadətdə tövhid, yəni ibadətə layiq olan varlıq yalnız Odur.

Məhəbbətdə tövhid, yəni sevilməyə layiq olan yalnız Odur.

Onlardan biri də “hakimiyyətdə tövhid”dir. Yəni qanun təyin etməyə və hökmranlıq sürməyə layiq olan yeganə varlıq məhz Odur. İnsanların bir-biri üzərində vilayət və hökmranlıq haqqı yoxdur və insanlara yalnız Allahın izn verdiyi şəxslər qanun təyin edə bilər.
“Nisa” surəsinin 59-cu ayəsinə əsasən, Allaha, Peyğəmbərə (s) və əmr sahiblərinə itaət etmək vacibdir. Bu və “Əhzab” surəsinin 5-ci ayəsi kimi digər ayələrə görə, Allah (c.c) öz hakimiyyət hüququnu Peyğəmbərə (s) ötürmüşdür. Bu ayəyə və Qədir-Xum hadisəsinə əsasən, İslam Peyğəmbərindən (s) sonra Allaha məxsus olan bu haqq məsum olan imamlara (ə) ötürülmüşdür. Əqidəmizə görə, şərait əlverişli olarsa, İslam və islami qanunlar məsum İmamın (ə.f) qeyb dövründə də icra olunmalıdır və Allaha məxsus olan hökmranlıq xüsusiyyəti bu müddət ərzində müvəqqəti olaraq müəyyən şərtlərə sahib olan fəqihə ötürülmüşdür. İmam Zaman (ə) məşhur hədisə əsasən, insanları zəmanənin ictimai məsələlərində fəqihlərə müraciət etməyə yönləndirmiş və onları özü tərəfindən insanlara höccət təyin etmişdir.

Əqidəmizə əsasən, hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş fəqihlə, daha dəqiq desək adil imamla məsum imam arasında mənəvi məqamlarda fərq olsa da, hakimiyyətin emal olunması, qanunların icrası və cəmiyyətin idarəçiliyi baxımından heç bir fərq yoxdur. İmam Xomeyni (r) bu barədə Nəcəf şəhərində etdiyi çıxışında bildirir:

“Əgər qanundan xəbəri olan (fəqih) və ədalətə (insanı günahdan və dünyaya bağlılıqdan çəkindirən nəfsani bir qüvvəyə) sahib olan bir şəxs, ayağa qalxıb hakimiyyətini irəli sürərsə, İslam Peyğəmbərinin (s) cəmiyyətin idarəçiliyində sahib olduğu vilayətə sahibdir və bütün insanlara, ona itaət etmək vacibdir. Peyğəmbərin (s) hakimiyyətdə olan ixtiyar və hüquqlarının İmam Əlidən (ə) və imamın ixtiyarlarının fəqihdən çox olması yanlış və batil düşüncədir. İmam Əlinin (ə) fəzilətinin üstün olması məlum məsələdir, lakin mənəvi fəzilət hakimiyyət ixtiyarlarının və hüquqlarının daha çox olmasına səbəb olmur. Allah, cəmiyyətin idarəçiliyi sahəsində Peyğəmbər (s) və İmam (ə) üçün təyin etdiyi hüquq və ixtiyarların eynisini fəqih üçün də təyin etmişdir”.

Deməli, şərait əldə edib hakimiyyəti ələ keçirən fəqihin cəmiyyətin idarəçiliyi üçün sahib olduğu ixtiyarlarla məsum imamlar arasında heç bir fərq yoxdur. Necə ki, imamların Peyğəmbərlərdən (s) bu barədə fərqi yox idi.

"İmam" sözü “öndə gedən”, “başçı”, “rəhbər” mənasında işlənilir.
Camaat namazında öndə dayanan şəxsə “imam camaat” deyilir. Yəni camaatdan öndə dayanan, onların namazına rəhbərçilik edən və məscidin idarəçiliyinə nəzarət edən şəxs.
Cümə namazını qılan və xütbələri bəyan edən şəxsə “imam cümə” deyilir. Yəni cümə namazı zamanı öndə dayanıb, bu namaza rəhbərçilik edib olduğu bölgənin idarəçiliyinə nəzarət edən şəxs.
Hakimiyyətini irəli sürən fəqihə də “imam” deyilir. Çünki o, insanların başçısı hesab olunur, onların önündə hərəkət edir və cəmiyyətin idarəçiliyinə nəzarət edir.

“İmam” sözünün xüsusi olaraq, 12 məsum İmama (ə) aid olması məlumdur. Bizim burda istifadə etdiyimiz “imam” ifadəsi, sözün terminoloji mənasıdır.

İslam düşmənləri hakimiyyəti ələ keçirmiş fəqihə “imam” deyilməsindən olduqca narahatlıq və qorxu hissi keçirirlər. Bunun əsas səbəbi isə “imam” sözündə olan mənəvi və siyasi mənadır. Belə ki, "imam" kəlməsi gündəmə gələrsə, bununla yanaşı “ümmət” anlayışı da meydana gələcəkdir. Bu ifadə onların “parçala, hökmranlıq et” ideyasının tam əleyhinədir. İmam ifadəsi vətəndaşları və milləti bir pillə ucaldıb, ümmət olmağa dəvət edir və ümmət məfhumunun içində səmimiyyət, qardaşlıq, bir-birini haqqa dəvət edib, batildən çəkindirmək kimi məsələlər gündəmə gəlir. Bütün bunlar da yeni islam sivilizasiyanın yaranmasına və Qərb mədəniyyətinin məhvinə səbəb olacaqdır.

İran siyasətçilərindən biri belə deyir:

Təxminən 35 il öncə Almaniyada yəhudi müəllimlərindən birinə dedim:

-Müəllim! Sizin medialar niyə “İmam Xomeyni” deyə xitab etmir?

O, gülümsəyərək: “Çünki biz bəzi şeyləri artıq anlamışıq”- dedi və çantasından bir kitab çıxardı. Bu, İmam Xomeyninin “Fəqihin vilayəti” kitabının alman dilinə olan tərcüməsi idi. O sözlərinə davam edərək dedi:

-Cənab Xomeyninin beynəlxalq bir nəzəriyyəsi vardır. Biz ona “imam” deyə müraciət etsək, o, dünya xalqları tərəfindən tanınacaqdır. Çünki “imam” sözü tərcümə olunan söz deyildir. Lakin “lider” kəlməsinin Qərb cəmiyyətlərində mənfi mənası var. Biz “lider” kəlməsindən istifadə edərək, onu Stalin, Mussolini və Hitler kimi şəxsiyyətlərin kənarında qərar veririk. “Lider” kəlməsi bizim, “imam” ifadəsi isə cənab Xomeyninin xeyrinədir. Digər tərəfdən, o, dini bir məqama sahibdir deyə, biz ona “ayətullah” olaraq xitab edirik. Bir halda ki, “imam” ifadəsi mənəvi məqama dəlalət edir. Bu sözdən istifadə etdiyimiz zaman o, İslam ümmətinin imamı kimi tanınacaq və bütün dünya müsəlmanları onun ətrafına toplaşacaqdır.

İmam Əlinin (ə) təxminən 5 illik, İmam Həsənin (ə) isə bir neçə aylıq hakimiyyətindən sonra tarixin heç bir dönəmində İslam nəzəriyyələrinə söykənən şiə hakimiyyəti qurulmamışdır. Nəhayət, 1979-cu ildə, heç kimin gözləmədiyi bir zamanda İmam Xomeyni (r) “Fəqihin vilayəti” nəzəriyyəsini həyata keçirdi və İranın şah rejimini devirərək, hakimiyyəti ələ keçirdi. Şiənin bütün dünyada izzət qazanmasına səbəb olan bu İlahi hakimiyyət hal-hazırda Ayətullah uzma Xamenei tərəfindən idarə olunmaqdadır. Bu dövlət hal-hazırda ideal vəziyyətdə olmasa da, uğurla irəliləməkdədir. İmam Xamenei bu hərəkatın prosedurunu bu cür açıqlayır: İslam inqilabı, İslam dövləti, İslam hakimiyyəti, İslam cəmiyyəti və İslam mədəniyyəti. O, İslam inqilabı etdiklərini və ölkə qanunlarının da İslama əsasən tənzimlədiklərini, hal-hazırda isə üçüncü mərhələdə, yəni İslam hakimiyyəti qurma mərhələsində olduqlarını dəfələrlə vurğulamışdır. Məsum İmamın (ə) qeyb dövründə bu mərhələlər bir-bir sıra ilə həyata keçirilməlidir və bütün bunların reallaşması üçün şiənin vahid mərkəz ətrafında birləşməsi labüddür. 25 ildən çoxdur ki, İslam ümmətinin imamlığını öhdəsinə götürən Ayətullah Xamenei, bu istiqamətdə uğurla irəliləyir. İslam ümməti də öz növbəsində imamının ətrafında birləşməli və ona, hədəflərinə çatması uğrunda dəstək olmalıdır. İmamın (ə) qeyb dövrünün qısalması üçün bu mütləqdir. Əgər ümmət öz vəzifəsinə düzgün formada əməl etməzsə, tarix boyu məsum imamların başlarına gələn hadisələr yenidən təkrarlanacaq və adil imamların fəaliyyətləri də nəticəsiz qalacaqdır.

Ümmət olaraq vəzifələrimizdən biri də, öndərimizə “imam” olaraq xitab etməkdir. Elə bu səbəbdəndir ki, kanalın adını “İmam Xamenei” olaraq dəyişdik. İkinci vəzifəmiz isə məsum İmamımızın (ə) fonunda adil İmamımızı da tanımaq və tanıtdırmaqdır. Düşmən qeyd olunan hər 2 vəzifənin tərk olunmasının marağındadır. Məhz bu səbəbdən biz də bu məsələləri reallaşdırmaqda israrlı olmalıyıq.

Qeyd olunası son məsələ isə budur ki, “imam” ifadəsi Ayətullah Xomeyni və Xameneiyə xas olan ifadə deyil. Bu posta layiq görülən hər bir fəqih, ümmət tərəfindən “imam” olaraq tanınmalı və təyin olunan hədəflərə onun kölgəsi altında sürətlə irəliləməlidir. Hərçənd ki, biz zühurun İmam Xamenei dönəmində baş verəcəyinə ümidvarıq!

Allah-Təala, qeyb dövründə İslam ümmətinin öndərliyini öhdəsinə götürən İmam Xameneini düşmənin şərrindən qorusun və hədəflərinə çatmaq uğrunda o Həzrətə dəstək verməyə bizə və bütün İslam ümmətinə ləyaqət versin!

➡ https://t.me/AyatullahXamenei

Bu bölmədə