“Təvatür” dəlili barədə alimlərin görüşləri. Nəsrəddin Tusi, Әllamə Hilli və Şəhid Sədr nümunə olaraq

Məntiq elmiylə tanışlığı olanlar yaxşı bilirlər ki, bu elmin əsas qayəsi “yəqin” əldə etməkdir. Elə bir yəqin ki, hər növ şəkk-şübhədən uzaq qala bilsin.

Bu qayəyə çata bilmək üçün klassik məntiq kitablarında “Burhan” başlıqlı bölüm var. Bu bölümdə hər növ şübhədən uzaq yəqinə necə çatmağın yolları öyrədilir. Әlbəttə, məntiq kitablarında “yəqin” məfhumun iki fərqli istifadə forması var: Ümumi yəqin və xüsusi yəqin! Ümumi yəqindən məqsəd insanda hansısa məsələ barəsində təsdiq yaranmasıdır. İlk baxışda həmin təsdiqin reallığın özü olduğu güman edilir. Lakin, diqqətli şəkildə araşdırıldıqdan sonra ortada olan incə xətalar aşkarlanır və beləliklə bu yəqin aradan gedir.

Deməli ümumi yəqin forması ilk baxışda qətiyyət ifadə etsə də, lakin, bu qətiyyətin aradan getməsi mümkün haldır. Xüsusi yəqində isə vəziyyət bir qədər fərqlidir. Bu növ yəqində insan idrakında yaranan qətiyyətin aradan getməsi istənilən halda qeyri mümkündür. Məsələn, paradoksun mümkünsüzlüyü kimi! Bu məsələ barədə əldə edilən yəqin və qətiyyət davamlıdır və heç bir halda aradan gedə bilməz. Hər bir filosofun və məntiq aliminin əsas hədəfi məhz ikinci növ yəqinə çatmaqdır. Çünki, bu növ yəqin hər bir halda sabitdir, davamlıdır, aradan getməsi qeyri-mümkündür.

Yuxarıda qeyd etdiyim kimi klassik məntiq kitablarında bu növ yəqinə çatmağın yolları “Burhan” başlıqlı bölümdə təfsilatıyla izah olunub. Məntiq alimləri 6 bilik növünün xüsusi formalı yəqin əldə etmək üçün lazımlı olduğunu qeyd ediblər. Bunlar aşağıdakılardır:

1) “Әvvəliyyat”- ağlın, əlavə heç bir vasitəyə ehtiyac duymadan birbaşa idrak etdiyi mənalar, məsələn, paradoksun mümkünsüzlüyü kimi.

2) “Məhsusat” – hiss üzvləri vasitəsiylə əldə olunan məlumatlar, göyün buludlu olduğunu görmək, suyun tempraturunu bilmək və s kimi.

3) “Mücərrəbat” – təcrübə vasitəsiylə əldə olunan biliklər, məsələn, suyun 100 dərəcə tempraturda buxarlanması kimi.

4) “Mütəvatirat” -təvatür yoluyla hasil olan biliklər, məsələn, birbaşa görmədiyimiz ölkələr haqqında sahib olduğumuz məlumatlar təvatür yoluyla hasil olur.

5) “Hədsiyyat” – güclü hədəs yoluyla əldə olunan biliklər. Bu bilik növü biraz da təcrübəyə bənzəyir, məsələn, ayın öz işığını Günəşdən alması barədə olan bilgimiz kimi.

6) “Fitriyyat”- Ağlın birbaşa deyil, müəyyən vasitələrlə əldə etdiyi biliklər, 2-nin 4-ün yarısı olduğuna dair sahib olduğumuz bilgi kimi.

Burada məqaləmizin əsas müzakirə mövzusu “Mütəvatirat”dır. Bildiyiniz kimi təvatür mövzusu məntiq elminə aid bir mövzu olmasına baxmayaraq kəlam, hədis, fiqh-üsulu və s kimi islam coğrafiyasında formalaşan dini elmlərdə geniş istifadə olunmaqdadır. Buna görədir ki, bu mövzunun müzakirəsi xüsusi önəm daşıyır.

“Təvatür” terminin tərifi?

İlk öncə təvatür haqqında qısa açıqlama verim. Təvatür nədir? Təvatür- müəyyən bir kütlənin hansısa bir hadisə haqqında eyni məzmunda xəbər verməsinə deyilir. Belə ki, ağıl, həmin kütləni gördükdə onların yalan üzərində bilərəkdən sözləşmələri ehtimalını qəti şəkildə dəf edir. Məntiq kitablarında təvatürə verilən klassik tərif budur.

Təvatür əqli dəlildir, yoxsa, nəqli dəlil?

Qeyd olunan tərifdən də aydın olduğu kimi təvatür nəqli dəlildir. Çünki, təvatürün əsas bölgüsü “xəbər” üzərindən aparılır. Buna görədir ki, hədis kitablarında bölgü zamanı xəbər- mütəvatir və vahid xəbər olmaqla iki qismə ayrılır. Təvatürün tərifində istifadə olunan “ağlın mane olması” qeydi isə bu dəlil növünü əsla əqli etmir. Burada dəlilin növüylə onun dəlil olmasının isbatı arasındaki incə fərqə diqqət etmək lazımdır. İstənilən növ dəlil, isbat məqamında mütləq şəkildə ağlın hökmünə ehtiyac duyur. Eynilə nəqli, hissi, təcrübi dəlillərdə olduğu kimi. Məsələn, vahid xəbər şübhəsiz nəqli dəlildir. Amma, onun dəlil kimi isbat olunması sonda ağlın hökmünə qayıdır. Ağlın hökmü olmasa heç zaman vahid xəbərin dəlil qismində istifadə olunması isbat oluna bilməz. Və ya təcrübə vasitəsilə əldə olunan biliklərdə gizli bir əqli dəlil var. Həmin dəlil “təsadüfi bir hadisənin əksər hallarda və ya daimi şəkildə davam etməsinin mümkünsüzlüyü” dəlilidir. Qeyd olunan bu əqli dəlil, təcrübə vasitəsilə əldə olunan nəticələr barəsində elm kəsb  etmək üçün şərtdir. Amma, heç kim durub iddia etmir ki, əgər ortada bu şəkildə gizli əqli dəlil varsa deməli təcrübi dəlil də əqli dəlildir. Әgər bütün bilik kanallarına bu məntiqlə yanaşsaq, o zaman gərək əlimizdə olan dəlillərin hamısı “əqli” dəlil olsun. Belə olan sürətdə dəlilləri əqli, nəqli, hissi, təcrübi, psixoloji, sosyoloji və s kimi qisimlərə ayırmaq da öz mənasını itirəcəkdir. Buna görədir ki, Xacə Tusi təvatürü hiss üzvləri vasitəsilə əldə olunan biliklərə (məhsusata) bənzədir. Xacə Tusi yazır:

‎حكم المتواترات كالمحسوسات

“Mütəvatiratın hökmü məhsusatın hökmü kimidir”.

Yəni, təvatür yoluyla əldə olunan biliklər eynilə hiss üzvləriylə əldə olunan biliklər kimidir. Әllamə Hilli, Xacənin bu ibarəsinin açıqlamasında belə yazır:

“Təvatürün elm (yəqin) ifadə etməsi üçün verilən xəbərlərin sonda hiss olunan nəsnələrdə sonlanması şərtdir. Buna görədir ki, əgər bir dəstə insan durub aləmin sonradan yaranması (hüdusu) və ya yaradanın qədim olması barədə məlumat versə və ortada bu barədə heç bir əqli dəlil olmasa, o zaman deyilənlər barədə elm (yəqin) hasil olmaz. Bu mətləb sabit olduqdan sonra, məlum olur ki, təvatür nəticəsində yaranan nəticə eynilə hiss üzvləri vasitəsilə yaranan nəticə kimidir, yəni hər ikisinin (təvatür və hiss) nəticəsinin xüsusi (cüzi) olması şərtdir və heç zaman ümümi nəticə ifadə edə bilməz…” (Әllamə Hilli, “Әl-Cövhər Әn-Nədid”, səh 317, “Burhan” bölümü).

Әllamə Hilli demək istəyir ki, təvatür vasitəsiylə əldə olunan biliklərin müşahidəyə dayanması şərtdir. Məsələn, əgər müəyyən bir kütlə dünən gecə Bağdadda güclü zəlzələ olduğunu öz gözləriylə görüb bu hadisədən xəbər versələr o zaman təvatür dəlili müzakirə mövzusudur. Amma, həmin dəstə aləmin sonradan yaranmasından xəbər versələr o zaman bu kütlənin verdikləri xəbər vasitəsiylə heç vaxt yəqin hasil olmaz. Çünki, qeyd olunan mətləbin isbatı üçün ortada rasional dəlil olmalıdır. Heç bir əqli dəlil olmadığı təqdirdə isə hansısa kütlənin xəbər verməsiylə mövzu barəsində yəqin hasil olmur.

Təvatür dəlili xüsusi formalı yəqin hasil edirmi?

Xacə Tusi, xüsusi formalı yəqin əldə etmək üçün istifadə oluna biləcək 6 bilik formasını qeyd etdikdən sonra yazır:

‎و الأخيرتان ليستا من المبادئ، بل و اللتان قبلهما أيضا، و العمدة هي الأوليات

“Son ikincisi (hədəs və fitrət dəlilləri) bürhan üçün müqqəddimə hesab oluna bilməz, həmçinin ondan öncəki ikisi (təvatür və təcrübə dəlili) də. Әsas olan əvvəlliyyatdır…”

Әllamə Hilli Xacənin bu ibarəsinin şərhində yazır:

“Bu dördü (fitrət, hədəs, təvatür və təcrübə dəlilləri) əlavə müqəddimə və vasitələrə ehtiyac duyduqları üçün burhan zamanı müqqəddimə  qismində istifadə oluna bilməz. Ağıllı insanlar bu dəlillər barəsində fərqli görüşlər ortaya qoyduqları üçün qeyd olunan dəlillər müştərək dəlil hesab olunmur. Deməli, burhan zamanı etimad olunan əsas dəlil əvvəliyyatdır. Hissi dəlillər də ağıllı insanlar arasında müştərək dəlil deyildir…” (eyni mənbə, səh 312-313).

Gördüyünüz kimi Xacə Tusi və şərh edən Әllamə Hilliyə görə qeyd olunan dəllilər arasından yalnızca “əvvəliyyat” dəlili bürhan zamanı müqəddimə qismində istifadə oluna bilər. Yalnızca bu yolla xüsusi formalı yəqin kəsb etmək mümkündür. Təvatür də daxil olmaqla yerdə qalan dəlillər isə xüsusi formalı yəqin əldə etmək üçün kifayət etməməkdədir. Bəli, bu dəlillərin ümumi formalı yəqin kəsb etmək üçün yararlı olduqları məqbul görüşdür. Lakin, unutmamaq lazımdır ki, ümumi formalı yəqin növü hər zaman özündə əks ehtimal üçün yer saxlayır. Yəni, ortada ümumi formalı yəqin növü varsa məsələ bitmişdir deyib üzərinə xətm çəkmək məntiqi baxımdan yanlışdır. Növündən asılı olmayarq istənilən mövzu barəsində xüsusi formalı yəqin növü hasil olmayıbsa -baxmayaraq ki, ortada ümumi formalı yəqin növü var- deməli həmin mövzu müzakirəyə açıqdır.

Şəhid Sədrin nəzərində təvatür dəlili.

Şəhid Sədrin təvatür dəlilinə baxışı klassik məntiq alimlərindən bir qədər fərqlidir. Әlbəttə, bu fərqlilik təvatür dəlilinin mahiyyəti ətrafında deyil. Çünki, istər məntiq alimləri olsun, istərsə də Şəhid Sədr olsun, hamı təvatür dəlilinin nəqli dəlil olduğunu qəbul edir. Zatən Şəhid Sədrin təvatür dəlilini (الخبر المتواتر) “mütəvatir xəbər” şəklində ifadə etməsi bunun əyani sübutudur. Ortada olan əsas fərqlilik isə təvatür dəlilinin dəlil kimi isbatı barəsindədir. Məntiq alimlərinə görə təvatür dəlilinin dəlil kimi isbatı eynilə təcrübi dəlildə olduğu kimi (təsadüfi bir hadisə əksər hallarda və daimi şəkildə davam etməz) məzmunlu əqli dəlilə qayıdır. Yuxarıda da qeyd etdim ki, bu əqli qayda nə təcrübi dəlilinin, nə də təvatür dəlilinin əqli dəlil olduğunu göstərmir. Sadəcə olaraq bu iki dəlilin bir dəlil kimi istifadə oluna biləcəyini isbatlamaq üçün istifadə olunur. Yəni, biri qalxıb desə ki, düzdür ortada təcrübə dəlili və ya təvatür dəlili filan nəticəni göstərir. Amma, kim deyir ki, bu dəlillərə güvənmək olar? Bax bu məqamda istinad edəcəyimiz əsas dəlil məhz yuxarıda qeyd etdiyim əqli dəlildir. Deməli, məntiq alimləriylə Şəhid Sədr arasında olan mövcud rəy fərqliliyi təvatürün özü barəsində deyil, onun bir dəlil kimi necə isbat olunması barəsindədir.

Bəziləri Şəhid Sədrin bu ibarəsini əsas gətirərək onun təvatür dəlilinin əqli dəlil olduğuna inandığını söyləyirlər. Həmin ibarə budur:

‎وهذه الكبرى يفترض المنطق انها عقلية ومن القضايا الأولية في العقل

“İkinci müqqəddiməni (kübranı) məntiq elmi əqli dəlil olduğunu və əvvəlliyatdan olduğunu fərz edir…” (Durusun fi ilmil-üsul, cild 2, səh 121)

Lakin, bu görüş yanlışdır. İlk öncə Şəhid Sədrin qeyd etdiyi bu rəy öz görüşü deyil, məntiq elminə aid etdiyi görüşdür. Şəhid Sədr, mövzu barədə şəxsi görüşünü səhifə 122-dən etibarən “لكن الصحيح…” (lakin, doğru olan budur ki…) ifadəsiylə başlayan cümləsində qeyd edir. Deməli, bu ibarəni Şəhidə nisbət vermək yanlışdır.

İkincisi, yuxarıda da qeyd etdiyim kimi Şəhid Sədrin məntiq alimlərinə nisbət verdiyi bu görüş təvatür dəlilinin mahiyyəti barəsində deyil, onun bir dəlil kimi isbatı barəsindədir. Buna görədir ki, həmin dəlili “kübra” olaraq vəsf edir. Necə ki, eyni dəlil (kübra) təcrübə dəlilinin də dəlil olaraq isbatı üçün istifadə edilir.

Bu qısa açıqlamadan sonra gəlirik Şəhid Sədrin mövzu barədə rəyinə. Şəhid Sədrə görə təvatür dəlilinin dəlil olaraq isbatı “istiqra” (induksiya) dəlilinə söykənir. Yəni, verilən hər bir xəbər özlüyündə yalan olma ehtimalını daşıyır. Lakin, əlavə köməkçi dəlillərin sayəsində bu yalan ehtimalını azaltmaq, sıfıra yaxınlaşdırmaq mümkündür. Məsələn, hadisə barədə xəbər verənlərin saylarının çox olması, fərqli məkanlardan olması əlavə köməkçi dəlillər kimi istifadə oluna bilər. Amma, əldə olunan nəticəni sıfıra çatdırmaq və bu yolla da xüsusi formalı yəqin kəsb etmək mümkün deyildir. Çünki, Şəhid Sədrin mövzu barədə istifadə etdiyi “ehtimallar nəzəriyyəsi” xüsusi formalı yəqin əldə etmək üçün yetərli deyildir. Deməli, Şəhid Sədrin nəzərində də təvatür dəlili heç zaman xüsusi formalı yəqin ifadə edə bilməz…

Nəticə:

Qeyd olunan açıqlamalardan aydın oldu ki, təvatür dəlili, istər məntiq alimlərinin nəzərində olsun, istərsə də Şəhid Sədrin nəzərində olsun, heç bir halda xüsusi formalı yəqin ifadə etmir. Belə olan halda təvatür dəlilinə istinad edilən istənilən növ məsələ müzakirəyə açıqdır. Buna görədir ki, hansısa məsələnin müzakirəsi zaman ortada təvatür dəlili var deyib nəticənin “aksiom” (bədihi) olduğunu iddia etmək məntiqi baxımdan yanlışdır.

 

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

Bu bölmədə