Ruminin “Mənəvi məsnəvisi” İslamın əsasının əsasını tərənnüm edir

Məsnəvi qaydalar kitabı deyil, qaydaların ruhunu tərənnüm edən eşq kitabıdır. 

Müsəlman olduğunu iddia edən şəxsin “İslamı”nın əsasları ağıl və sevgiyə əsaslanmırsa, deməli, iddiaçı İslamı qəbul etməmişdir. Müsəlman olduğunu iddia edən şəxsin dininin əsaslarında ağıl və sevgi dayanmayıbsa, onun İslamının əsaslarının əsası yoxdur. Ruminin “Mənəvi məsnəvi”nin bütün ideyasını bu prinsip təşkil edir. O, bütün “Məsənəvi” boyu insanları ağıla, sevgiyə, eyni zamanda ağıl və sevgiyə əsaslanan dinə səsləyir. Buna görə də Ruminin “Mənəvi məsnəvi”sini İslamın əsaslarının əsasını tərənnüm edən əsər hesab etmək tamamilə doğrudur.

Famil Şirvanov (şərqşünas)
Cəlaləddin Rumi yazır: Bütün məzhəblər haqq deyil, hamısı batil də deyil. Deməli, bütün məzhəblərin haqq və ya batil sayılması nadanlıq və axmaqlıqdır. Haqq məzhəb məzhəblər arasında Qədir gecəsi kimidir. Gecələr arasında gilzi və naməlumdur.

Bu kütlənin hamısı yolunu azmış deyil,
Bu həqiqəti də bil ki, bunların hamısı haqq da deyil.
Axmaq qəlbi qızıl qoxusu ilə satın aldı.
Çünki haqq olmadan batil də yarana bilməz.
Aləmdə xəyal həqiqətsiz deyil
(heç bir xəyal əsassız deyil, bütün xəyalların əsası var).
Onda demə ki, hər şey xəyaldır.
Canın (Ruhun) bütün gecələri imtahan etməsi üçün
Həqiqi Qədir gecəsi gecələr arasında gizli saxlanıb.
Bütün gecələr Qədir gecəsi ola bilər.
Bütün gecələr Qədir gecəsi də deyil ey cavan!
Hamının batil olduğunu deyən bədbəxtdir,
Hamının haqq olduğun deyən axmaqdır.

Kimsə Qədir gecəsinin ehtimal edlən ay və günlərdə olduğunu əsas gətirərək bu fikrə etiraz edə bilər. Ancaq nəzərdən qaçırmayaq ki, məzhəblər arsında da haqq olduğu daha çox ehtmal edilənləri var...

Bəzən Rumidən, “Mənəvi məsnəvi”, “Böyük Şəms divanı”ndan bir beyt qədər xəbəri olmayanlar Rumini və “Mənəvi məsnəvi” haqqında yüksək fikir söyləmiş çox yüksək biliyə, idraka, təfəkkürə, əqidəyə sahib olan alimləri olmazın şəkildə təhqir edirlər, elə təhqir edirlər ki, adam donub qalır. Allah sənə rəhmət eləsin Rumi, “Məsnəvinin” bir yerində belə qeyd edir:

Cahil əgər səninlə dostluq etsə,
Sonda cahillyindən sənə ziyan vuracaq.
Şirin danışan cahil dostun sözlərini
Az dinlə ki, o, köhnə zəhər kimidir.
Canavar əgər sənə tülkülük etsə,
Tez aldanma ki, ondan xeyir gəlməz.

Rumi haqqında danışmaq istəyənlər danışmazdan əvvəl “Mənəvi məsnəvi”ni açıb oxusunlar, sadəcə oxusunlar. Oxuduqdan sonra özləri görəcəklər ki, orada tövhid, nübüvvət, məad, Quran, sünnə, İslam, iman, etik dəyərlər, insanlıq, sevgi, elm və sairədən başqa bir şey yoxdur. İslamın əsaslarıdır bunlar. Məgər İslamın əsaslarını bunlardan artıq başqa nəsə təşkil edirmi? İslamın əsasını tövhid (təkallahlıq), peyğəmbərlik, axirət inancı təşkil edir. Amma bunların da əsasını təşkil edən bir əsas var. Həmin əsas isə ağıl və ağlın yaratdığı sevgidir.

Quranda Allah buyurur ki, dində məcburiyyət yoxdur. Yəni din özü məcburiyyəti qəbul etmir, ağılla, təfəkkürlə, idrakla qəbul edilməsini istəyir, əsaslarının dəlil və sübutlarla əsaslandırılmasını tələb edir. Deyir, məni və mənim əsaslarımı təqlidlə, gözüyumulu, nadancasına qəbul etmə, ağılla qəbul et. Heç kəsdə məcburi inam yaratmaq olmaz. “Əgər sən buna inanmasan, boynunu vuracağam” deyərək kimisə nəyisə deməyə vadar etmək olar, amma inam yaratmaq olmaz. İnam insanın dəlil və sübutlarla gəldiyi qənatə əsaslanır. Əgər insan qane olmazsa, inam da olmaz. İmtahana hazırlaşan tələbə o zaman özünə inanır ki, imtahana tam hazırdır, sınaq testlərinin hamısında uğurla iştirak edib, düşəcək sualların bildiklərindən başqa bir şey olmadığına əmindir. Bax, bu inam insanda imtahan sevgisi yaradır, imtahana tez girmək həvəsi yaradır, bütün qorxuları, tərəddüdləri, şübhələri məhv edir, maneələrə qarşı qətiyyət və əzmkarlıq yaradır. Rumi “Mənəvi məsnəvi”də insanı buna səsləyir. Yəni insanı İslamın əsaslarını ağılla qəbul etməyə çağırır. Bu, artıq İslamın əsası olan tövhid, nübüvvət və məad deyil, onların özlərinin əsasıdır. Ağılla qəbul edilən İslam təqlid və təəssübkeşliklə qəbul edilən İslamdan fərqli olaraq insanı vəhşilikdən, qaniçənlikdən, zülmkarlıqdan xilas edərək onda sevgi yaradır, ona tək öz dindaşlarını deyil, bütün insanları sevməyi öyrədir. İslamın böyük öndəri İmam Əli (ə) Malik Əştəri Misirə vali təyin edərkən ona insanlarla dini inancları deyil, insani prinsiplər, insani dəyərlər əsasında davranmağı göstəriş verir. Deməli, dini əsaslar insanda insanlarla insan kimi davranmaq hissi yaratmırsa, artıq o din deyil, zorakılıqdır. Zorakılıq isə ağılın məhsulu ola bilməz. Ağıl insanda insanlığa xas olan hissləri prioritetə çevirməlidir. İnsanlığın ən prioritet hissi isə sevgidir. Sevənin düşüncəsi də fərqli olur:

Aşiqin səbəbi bütün səbəblərdən ayrıdır
Aşiqlərin məzhəbi və milləti Allahdır
Mövlana sevgi və məhəbbəti “Məsnəvi”də belə təsvir edir:
Məhəbbətlə acılar şirin olur
Məhəbbətlə mislər qızıla çevrilir
Məhəbbətlə dərdlər saflaşır
Məhəbbətlə tikanlar gülə çevrilir...
Məhəbbətlə zindanlar çəmənzar olur.
Məhəbbətlə od nura çevrilir
Məhəbbətlə div huri olur...
Məhəbbətlə şah bəndəyə çevrilir...

Müsəlman olduğunu iddia edən şəxsin “İslamı”nın əsasları ağıl və sevgiyə əsaslanmırsa, deməli, iddiaçı İslamı qəbul etməmişdir. Müsəlman olduğunu iddia edən şəxsin dininin əsaslarında ağıl və sevgi dayanmayıbsa, onun İslamının əsaslarının əsası yoxdur. Ruminin “Mənəvi məsnəvi”sinin bütün ideyasını bu prinsip təşkil edir. O, bütün “Məsənəvi” boyu insanları ağla, sevgiyə, eyni zamanda ağıl və sevgiyə əsaslanan dinə səsləyir. Buna görə də Ruminin “Mənəvi məsnəvi”sini İslamın əsaslarının əsasını tərənnüm edən əsər hesab etmək tamamilə doğrudur. Ruminin arif olmasında, həqiq aşiqə çevrilməsində və kamilləşməsində danılmaz rolu olan Şəms Təbrizi çox gözəl deyib:

Aləmdə nə fəsad baş verdisə, səbəbi birinin başqasına təqlid vasitəsilə inanması və ya başqasını təqlid vasitəsilə inkar etməsi ilə baş verdi. Təqlidçini müsəlman hesab etmək rəvadırmı?

Ruminin dindən, Qurandan əxz etdyi məhz bu idi. O, dinin əsaslarının təəssübkeşlik, təqlid, coğrafi şərait, ailə mühiti, dost təsiri, maddi və sair maraqlara əsaslanmasının əleyhinə idi. Allahın istədiyi də məhz budur. “Mənəvi məsnəvi” başdan-başa bunu tərənnüm edir. Buna görə də “Mənəvi məsnəvini” oxuyan istənilən təfəkkür sahbi həmin kitab haqqında bu qənaətə gəlir. “Mənəvi məsnəvi” haqqında söylənilən bütün yüksək fikirlərin əsasında məhz bu tərənnüm durur.

Müəllifinin Şərqin iki böyük mütəfəkkir, filosof şairi Əbdürrəhman Cami və ya İqbal Lahuri olması dəqiq məlum olmayan, amma böyük ehtimalla Camiyə aid edilən bir beyt var. Beyt Ruminin “Mənəvi məsnəvi”si haqqında deyilmiş ən yüksək fikri əks etdirir. Həmin beytdə deyilir:

Pəhləvi dilində bir Quran var
O, Mövləvinin Mənəvi məsnəvisidir.

Məsnəvi əvvəldən axıra qədər Quranın təfsiridir. Quran ideyalarının sadə xalq dilindəki təsvirini axtaran insan “Mənəvi məsnəvi”yə baxsın. Quranı daha asan dildə başa düşmək istəyən “Mənəvi məsnəvi”ni oxusun. Məsnəvi təkcə Quranı təfsir etmir, həm də İslam əsaslarına aparan yolu göstərir, bu yolda necə addımlamağın yolunu göstərir. Məsnəvi qaydalar kitabı deyil, qaydaların ruhunu tərənnüm edən eşq kitabıdır. İqbal Lahuri “Cəlal və Qöte” qitəsində Rumi haqqında belə yazır:

O alicənab şair
Peyğəmbər deyil, amma kitabı var.
Bu yazını Ruminin Məsnəvisinin lap əvvəllərindəki bir beyti ilə bitirmək istəyirəm. O, “Mənəvi məsnəvi”nin “Neynamə hekayəsi”ndə yazır:
Xamın bişmişin halından xəbəri olmaz
(Xamda o dərk yoxdur ki, bişmişi başa düşə bilsin)
Buna görə də söz qısa olmalıdır, vəssalam!


Famil Şirvanov (şərqşünas)

Bu bölmədə