Fəlsəfi qayda və İmam Rzanın hədisi

İmam Rzadan nəql olunan bir hədisdə belə deyilir:

فكل ما في الخلق لا يوجد في خالقه، و كل ما يمكن فيه يمتنع في خالقه

 

“Məxluqda olan heç bir şey onu yaradanda yoxdur, məxluqda olması mümkün olan hər bir şeyin onu yaradanda olması qeyri-mümkündür..” (Biharul-Ənvar, c 4, səh 230)

Kəlam və Fəlsəfədə belə bir məşhur qayda var: فاقد الشيء لا يعطيه “Bir şeydən məhrum olan onu əta edə bilməz..” Qaydanın qısa izahı budur ki, yaranmışlarda mövcud olan kamal sifətləri gərək ən ali və kamil şəkildə yaradanda var olmuş olsun. Əgər yaradan həmin sifətlərdən məhrum olarsa o zaman yaratdığına onu necə bəxş edə bilər? Məsələn, insanın elm sahibi olduğunu görürük və sahib olduğu bu elmin ona Allah tərəfindən verildiyini söyləyirik. Əgər Allahın özü də elm sahibi olmasaydı şübhəsiz yaratdığına da bu sifətdən nəsə bir pay əta edə bilməzdi. Bu qayda vasitəsilə bir çox kamal sifətlərinin Allahın zatında var olduğu sübuta yetirilir…

Lakin, yuxarıda İmam Rzadan nəql etdiyim hədis sanki həmin qaydanın əksini iddia edir. İmam deyir ki, məxluqda olan heç bir şey xaliqdə var ola bilməz və məxluqda var olması mümkün deyildir. Bu hədisin zahirinə əsasən nəticə çıxarmalı olsaq o zaman gərək məxluqda gördüyümüz hər bir sifətin Allahda var olduğunu inkar edək..

Lakin, bu iki mətləb arasında uzlaşma yolunu tapmaq fikrimcə mümkündür. Belə ki, İmamdan nəql olunan hədisi belə açıqlamaq olar ki, hədisdə xaliqdə var olması inkar olunan sifət məxluqda olan sifətin necə var həmin şəkildə olmasıdır. Yəni, yaranmışların sahib olduqları sifətlərin mahiyyət etibarilə olduğu kimi xaliqdə olmaları qeyri-mümkündür. Hədisdə də inkar olunan əsas cəhət budur. Amma həmin sifətlərin ən kamil və yaradanın şəninə uyğun şəkildə xaliqdə olması mümkündür. Necə ki, Quran ayələrində də buna dair bəzi nümunələr vardır. Məsələn, Qurani-Kərimdə Allah üçün ,Rəhimlilərin ən rəhimlisi” ifadəsi keçir. Gördüyünüz kimi burada rəhmət sifətinin xaliq və məxluq arasında var olan müştərək bir sifət olduğuna aşkar şəkildə işarə olunur. Əgər yuxarıda qeyd etdiyimiz hədis və qaydanı bu ayəyə tətbiq etmək istəsək o zaman nəticə bu şəkildə olacaq:

1) Allah rəhmət sahibi olduğu üçün öz yaratdığına da sahib olduğu rəhmətdən bir qədər əta edib. Məxluqda gördüyümüz bu rəhmət, xaliqdə də bu rəhmətin var olduğunu göstərir, çünki, bir şeydən məhrum olan başqasına onu əta edə bilməz (Qaydanın tətbiqi).

2) Rəhmət sifəti xaliq və məxluq arasında var olan müştərək sifət olmasına baxmayaraq hər iki varlıqda bu sifət eyni mahiyyətə sahib deyildir. Xaliqdə bu sifət məxluqda olduğundan fərqli olaraq bütün nöqsanlardan uzaq və ən kamil formadadır (hədisin tətbiqi).

Hesab edirəm yuxarıda qeyd etdiyim bu açıqlama ilə hədis və qayda arasında təsəvvür oluna biləcək ziddiyyət aradan aparıla bilər…

Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

 

Bu bölmədə