Fəlsəfə və irfan elmi puçdurmu?

Tanınmış fəqihlərimizdən birinin aşağıdakı məzmunda belə bir sözü var: “İrfan elmi mənim yanımdadır, Mövləvini başdan-ayağa istəyirsinizsə hamısı mənim yanımdadır, harasından istəsəniz sizin üçün deyə bilərəm. Әgər fəlsəfə istəsəniz, “Әsfar” kitabının əvvəlindən tutmuş axırına dək, “varlıq” mövzusundan başlamış “təbiət” mövzusuna dək harasından istəsəniz sizin üçün deyərəm. Amma bunların hamısı puçdur. Hər şey Quran və sünnədədir. Filolsofların səbəb və nəticə arasında var olduğuna inandıqları bənzərlik (sinxiyyət) iddiası yanlışdır. Varlığın təkliyi (vəhdətul-vücud vəl-mövcud) nəzəriyyəsi isə yanlışın yanlışı və küfrdür…”

Şeyx Vəhid Xorasani
 Tənqid və mülahizə:

1) Әgər kimsə yuxarıda istifadə olunan üslubdan istifadə edərək “Üsul elminin, fiqh elminin hamısı mənim sinəmdədir, Cəvahirul-kəlam kitabının əvvəlindən tutmuş axırına dək, Kifayənin əvvəlindən başlayaraq axırında dək nə varsa hamısı mənim yanımdadır, amma bütün bunların hamısı puçdur, lazım olan hər şey Quran və sünnədə vardır” məzmununda bir cümlə işlətsə, görəsən belə bir yanaşma doğru bir yanaşma hesab oluna bilərmi? Necə ki, fəqihin və ya kəlam aliminin fikirləri Quran və sünnənin müqabilində deyil, əksinə Quran və sünnədən anladıqlarıdır, eynilə hansısa filosof və arifin fikirləri də Quran və sünnənin müqalibində və ona qarşı olan bir fikir olaraq anlaşılmamalıdır. Onların fikirləri də eynilə öncəkilərdə olduğu kimi sadəcə olaraq Quran və sünnədən anladıqlarıdır.

2) Həqiqətə çatmaq üçün ən etibarlı qaynağın Quran və əhli-beytin hədislərinin olması iddiası doğrudur. Amma Quran və hədislərdə “möhkəm və mütəşabeh”, “mütləq və müqəyyəd”, “mücməl və mübəyyən”, “amm və xass”, “zahir və batin” məzmunlu kəlamlar var. Bütün islam firqələri -İsmailiyyə, Cəfəri, Әşəri, Mötəzili, Vəhhabi- Quranı anladıqlarını və sırf Qurana tabe olduqlarını iddia edirlər. Amma görəsən onların hamısı Quranı düzgün anlaya biliblərmi? Şiə məzhəbinin daxilində Quranı təfsir edən fərqli (fiqhi, üsuli, əxbari, kəlami, fəlsəfi, irfani) cərəyanlar öz təfsirlərində Quran və əhli-beytin hədislərinə istinad edirlər. Amma görəsən hamısı həqiqəti olduğu şəkildə tapa bilirlərmi? Heç kimin Quran və əhli-beytin hədislərini anlamaq istəyən zaman xəta va yanlışdan qorunmağına dair zəmanəti yoxdur. Hər zaman xəta etmə ehtimalı vardır və tətbiq zamanı xəta edirlər də! Ona görə də heç kimin haqqı yoxdur ki, əlində heç bir mötəbər əqli və nəqli dəlillər olmadan bəri başdan öz fikirlərinin Quran və sünnəyə müvafiq olduğunu, digərlərinin görüşlərinin isə yanlış olduğunu söyləysin!

3) Quran və əhli-beyt kimi qaynağa sahib olan biri üsul və fiqh kitablarına müraciət etməməli, öz ömrünü və digərlərinin ömürlərini bu kimi ciddi faydaları olmayan kitabları, şərh və haşiyələri oxumaqla çürütməməlidir. İslam dünyasının və müsəlmanların iqtisadi, siyasi, mədəni sahələrdə bir sıra ciddi problemlərlə üzləşdikləri bir zamanda hünər budur ki, həmin dəstə cəmiyyətə açılsınlar, oturub etiqadi, əxlaqi, fiqhi sahədə yaranan yeni şübhələrə cavab versinlər və bu problemləri həll etsinlər. Ortada yeni yaranmış minlərlə fiqhi suallar var. Bunun əvəzinə filan, filan alimlərin kitablarında yazılan qəliz ibarələri çözməklə vaxtlarını boş yerə israf etməsinlər. .

4) Varlığın təkliyi barədə deyilən “Vəhdətül-vücud nəzəriyyəsi yanlışların yanlışıdır” sözü isə heç bir məntiqli dəlilə söykənməyən boş bir iddiadır. Bu iddianın dəlili nədir? Dəlilinizi deyin araşdıraq. Dəlilsiz söz danışmayın. Peyğəmbər deyilsiniz ki, hər dediyiniz dəlil-sübut olmadan qəbul olunsun. Bu möhtərəm fəqihin irad bildirdiyi vəhdətül-vücud sözündən nəyi qəsd etdiyi tam dəqiqliyilə məlum deyildir. Әgər məqsədi digər çoxluqları inkar edəcək mənada vəhdətdirsə, və ya hər şeyin Allahın zatında birləşərək (ittihad) vəhdət yaratdığını düşünürsə, şübhəsiz ariflərin inandıqları və müdafiə etdikləri vəhdət bu mənada deyildir. Yox əgər vəhdət sözündən məqsədi tanrının varlığının tək olması və çoxluğun həmin varlıqdan doğan nişanələr, təzahürlərdirsə, o zaman bu mənada vəhdət nəinki küfr və batildir, əksinə Quran, sünnə, ağıl və burhanın təsdiqlədiyi ən mötəbər nəzəriyyələrdən biridir. Әllamə Təbatəbainin təbiriylə desək, əsl Quran və islam tövhidi məhz budur.

5) “Bütün irfan mənim yanımdadır” kəlməsi gərək dəqiq şəkildə təhlil edilsin. İrfan deyərkən nəzəri irfanı nəzərdə tutur, yoxsa əməli irfanı? Bilgini nəzərdə tutur, yoxsa mənəvi aləmi batini gözlə müşahidə etməyi (mükaşifəni)? Әgər bütün irfanı, nəzəri müstəvidə bildiyini iddia edirsə, o zaman hövzə və institutlarda fəlsəfə və irfan sahəsində mütəxəssis olan şəxlsərin heç birinin həmin şəxsi bu sahənin mütəxəssisi olaraq görmədiklərini deməliyik. Ona görə də belə bir iddiada olan şəxsin bu sahədə nə qədər məlumat sahibi olduğunu araşdırmaq lazımdır.

Yox əgər əməli irfanın hamısının öz yanında olduğunu iddia edirsə, bu mənada ki, bütün əməllər, mükaşifələr nəzərdə tutulsun, şübhəsiz belə bir iddia olduqca böyük bir iddiadır.

Bir çox böyük alimlər fəlsəfə və irfan elmini dəstəkləyiblər. Ona görə də çalışın fəlsəfə və irfan sahəsində kamil bilgiyə sahib olan mütəxəssis şəxlsərin sözlərinə qulaq asın, digərlərinin deyil, hətta həmin şəxs üsul və fiqh elmində Mirzə Naini kimi dərin biliyə sahib olsa belə!!!

Mənbə: dr_vahedjavan teleqram.com

Tərcümə etdi: Höccətul İslam Şeyx Təbriz Nəcəfi 

Bu bölmədə