"Fəlsəfə" elmi bidət və onunla məşğul olmaq zəlalətdən hesab olunurmu?

QEYD: Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qayda-qanunlarının yeni nümunələrə tətbiq edilməsi bidət deyildir.

Bismilləhir Rahmənir Rahim.

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha, Allahın salamı olsun Həzrət Muhəmmədə (s.a.v.a), Onun Pak Əhli-Beytinə (a.s) və xas səhabələrinə.

Son zamanlar Fəlsəfə elmi qızğın müzakirə obyektinə çevrilmişdir. Təbii olaraq bu müzakirələrdə qeyd olunan sahənin həm leyhinə, həm də əleyhinə fikirlər, rəylər, mülahizələr və bəzən də ittihamlar səslənir. Bu yazını yazmaqda məqsəd heç bir tərəfin nə lehyinə, nə də əleyhinə fikirlər bildirmək deyil, yaranmış vəziyyətdə "üçüncü baxış" mövqeyindən təhlillər aparmaqdır.

İlk olaraq bir məsələni xatırlatmaq istərdik ki, ümumiyyətlə "İslam Fəlsəfəsi" adlandırılan xüsusi bir İslam elmi mövcud deyildir və Fəlsəfə elmiylə məşğul olub dəyərli elmi əsərlər ərsəyə gətirmiş məşhur İslam alimlərindən heç biri bu iddiada olmamışdır. "İslam Fəlsəfəsi" anlayışı yalnış ifadədir. Belə ki, İslam elmləri sırasında bu funksiyanı "Kəlam" elmi yerinə yetirir ki, bu elmin üslubu, yanaşma tərzi və araşdırdığı mövzular Fəlsəfə elmindən fərqlənir.
Fəlsəfə elmi müstəqil qeyri-İslami elm sahəsi olub İslam dininin yaranmasından əvvəl - qədim yunan mütəfəkkirlərinin fikir və mülahizələrinin bazasında yaranmışdır. Məhz elə bu fakt Fəlsəfə elminə müəyyən qədər mənfi münasibətin yaranmasına səbəb olmuşdur.
Məşhur İslam alimlərinin Fəlsəfə elmi ilə məşğul olmasının səbəbi bu elm sahəsinin məhz qeyri-İslami mədəniyyətlərinin təfəkkür tərzinə aid olmasıdır. Belə ki, əsrlər boyu digər din və mədəniyyətlərin alim və mütəfəkkirləri İslam dininə qarşı bəhs, müzakirə və fikir mübadiləsi aparmaq təşəbbüsündə olmuşdur. Bu cür müzakirələri aparmaq və İslam dininin mahiyyət və həqiqətlərini dolğun şəkildə çatdırmaq üçün həmin mədəniyyətlərin düşüncə və təfəkkür tərzini özündə ehtiva edən elm sahələrindən istifadə etmək üslubu ən effektiv vasitələrdən sayılır. Fəlsəfə elmi də bu cəhətdən istisna deyildir.

Deyilənlərdən aydın olur ki, əsrlər boyu Fəlsəfə elmiylə məşğul olmuş İslam alimləri və ələxsus da Şiə məktəbinin nümayəndələrindən Nəsirəddin Tusi, Şeyx Bəhayi, Mir Damad, Molla Sədra, Seyyid Hüseyn Badkubeyi, Seyyid Sədra Badkubeyi, Şeyx Əbül-Həsən İsfahani-Kompani, Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai Təbrizi, Seyyid Ruhullah Musəvi Xomeyni, Seyyid Muhəmməd Baqir Sədr, Əllamə Həsənzadə Amuli, Əllamə Muhəmməd Təqi Cəfəri, Əllamə Muhəmməd Təqi Misbah Yəzdi, Əllamə Şeyx Abdullah Cavadi Amuli kimi alimlər məhz bu səbəbdən Fəlsəfə elmiylə məşğul olmuş və tədqiqatlar apararaq bu elm sahəsinə dair dəyərli elmi əsərlər ərsəyə gətirmişlər.
Heç kəsə sirr deyil ki, yuxarıda qeyd edilən alimlərdən başqa Fəlsəfə elminin öyrənilməsi, tədqiqi və tədrisinə müxalif olmuş digər məşhur alimlər də olmuşdur. Bu alimlərdən Əllamə Seyyid Hüseyn Təbatəbai Burucerdi, Seyyid Əbül-Qasim Musəvi Xoyi, Seyyid Sadiq Hüseyni Ruhani, Şeyx Hüseyn Vəhid Xorasanini qeyd etmək olar. Qeyd edilən alimlərin iradları Fəlsəfə elmini "bidət" və ya "küfr" kimi damğalamaq yox, bu elmin ağır tutumunu nəzərə alaraq hər bir kəsin bu elm sahəsiylə məşğul ola bilməsinin qeyri-mümkün və müəyyən məqamlarda müəyyən insanlar üçün lazımsız və dəyərsiz olduğunu çatdırmaqdır.

Mərhum Seyyid Burucerdi buyurmuşdur ki: "Fəlsəfəylə məşğul olanlar ya mütləq kamala çatacaq, ya da bədbəxtliyə düçar olacaqdır". Bu ifadədən də aydın olur ki, Fəlsəfə elmi mütləq zəlalət sayılmır. Nəzərə alsaq ki, bir-neçə alimin "mənfi" rəylərini əsas götürüb digər alimlərin rəylərini inkar etmək düzgün olmamaqla bərabər "birtərəfli qəzavət" olduğundan "ədalətli" mövqe deyildir. Onu da unutmamalıyıq ki, Şiə məktəbində Şəriətdən xaric təqlid batildir. Allaha aparan hər vasitə xeyirli və məqbuldur.
Tutulan iradlardan biri də məhz Fəlsəfə elmində bir çox səhvlərin olması və bu elmin Əhli-Beyt (aləyhimussələm) təlimlərindən qaynaqlanmamasıdır. Qeyd olunan bu iki irada hər hansı dəlil gətirib məsələni uzatmaq niyyətində olmadığımızdan sadəcə bunu əminliklə deyə bilərik ki, bu elmin tədqiq və tədrisiylə məşğul olan və Şiə məktəbinin alimləri sırasında öz layiqli yerini tutan, adlarını sadaladığımız alimlər bu işi məqbul saymışlar. Alim olmayan qeyri-mütəxəssislərin fikir və iradları bu məqamda etibarlı sayılmır.

Yekun olaraq əldə olunan nəticələri bir daha sadalamaq faydalı olardı:
1. Fəlsəfə elminin İslama aid olub İslam elmlərindən sayılması iddia olunmadığına görə bu elmi "bidət" adlandırmaq olmaz.
2. Məşhur İslam alimlərinin tam ciddiliklə bu elmlə məşğul olmaları bu yolun zəlalət olması fikrini rədd edir. Əks halda adları qeyd olunan alimlər "zəlalət əhli" kimi tanınmalıdırlar.
Sonda isə hər hansı bir məsələyə dair fikir və irad bildirmək istəyən hər bir imanlı şəxsə ilk öncə aşağıda qeyd olunan ayəni nəzərə alıb-düşünməyi və məhz bundan sonra əməl etməyi tövsiyyə edirik.

Bismilləhir Rahmənir Rahim.

"Bilmədiyin şeyin arxasınca getmə. Çünki, qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır."
(Qurani-Kərim, "İsra" surəsi, 36-cı ayə)

Vəssələmu Aləykum.


Peyman Muhammedi Badkubeyi

Метки: FƏLSƏFƏ

Bu bölmədə